Necə ola bilər ki, eyni iş üzrə əsas səlahiyyətli və qərar verən şəxs bəraət alır, onun köməkçisi isə cinayətkar qismində həbsxanada qalır?

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

İslahatlardan danışarkən, bunun ən çox zəruri olduğu sahələr sırasında hüquq-mühafizə, məhkəmə orqanlarının adının çəkilməsi təsadüfi deyil. Uzun illər kobud qanun pozuntuları ilə müşayiət olunan haqsız həbslər, rüşvət, korrupsiya faktları, ağlasığmaz məhkəmə qərarları və s. bu sahə üçün adi hallar olub. Doğrudur, son illərdə aparılan bəzi kadr islahatları ciddi dəyişikliklərin olacağına dair müəyyən ümidlər yaratsa da, görünən odur ki, hələ bu strukturlarda görüləcək çox iş var..

Bir neçə gün əvvəl İsmayıllı rayonunun sabiq prokuroru, 2018-ci ilin noyabrında vəzifədən sui-istifadədə və rüşvət almaqda təqsirli bilinərək həbs edilən və 9 il müddətinə azadlıqdan məhrum olunan Ülvi Abbasovun barəsində Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun (Bu hakim bu yaxınlarda koronavirusdan vəfat edib-red.) sədrlik etdiyi məhkəmə heyəti tərəfindən bəraət qərarının çıxarılıdığı məlum oldu.

Xatırladaq ki, prokuror həmin vaxt Göyçayda körpünün uçması və çay yatağında qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı aparılan iş çərçivəsində həbs olunmuşdu. Mətbuat və ümumilikdə cəmiyyətimiz nədənsə bu ilginc hadisəyə ciddi diqqət yetirmədi və adekvat reaksiya vermədi. Unutmayaq ki, söhbət İsmayıllı kimi böyük bir rayonun prokurorun, dövlət ittihamçısının həbsindən gedir. Və normalda bu həbs və sonrakı bəraət qərarı hüquq-mühafizə, prokurorluq və məhkəmə sistemi üçün utandırıcı, hətta biabırçı bir hadisə sayılmalıdır. Niyə?

 

 

Ülvi Abbasovun həbsi və bəraəti Azərbaycan reallıqları nəzərə alındıqda yalnız iki ssenari üzrə cərəyan edə bilərdi. Birinci ssenariyə görə, prokuror hakimiyyətin yuxarı eşalonlarında kimlərinsə sifarişi əsasında, hansısa kampaniya çərçivəsində, yaxud kimlərinsə xoşuna gəlmədiyi, sifarişini yerinə yetirmədiyi üçün şərlənərək, üzünə yalançı şahidlər qoyularaq, qanunsuz şəkildə həbs olunub. Ardınca da məhkəmə yenə sifariş əsasında qərəzli qərar çıxararaq, prokuroru 9 il kimi böyük müddətə azadlıqdan məhrum edib.

Ü.Abbasovu şəxsən tanımırıq, lakin onu tanıyanların bir çoxu deyir ki, kifayət qədər dürüst və peşəkar kadr olub. Bu mənbələr əmindir ki, Ü.Abbasov məhz şərlənərək həbs olunub. Nə bu deyilənləri, nə də bunun əksini iddia etmədən, sadəcə güman etmək olar ki, bu halda öz günahsızlığına əmin olan və təbii ki, qanunları, hüququ və hüquq-mühafizə sistemini yaxşı tanıyan sabiq prokuror sona qədər mübarizə aparıb və layiq olduğu bəraət qərarına nail olub…

İkinci ssenariyə görə isə həqiqətən Göyçay rayonunda məlum körpünün uçması hadisəsindən sonra rüşvət, korrupsiya, səlahiyyət həddini aşma kimi cinayət əməllərinə yol verildiyi üzə çıxıb və haqlı olaraq, prokurora qarşı cinayət işi açılaraq, həbs edilib. Ardınca da məhkəmə yenə haqlı olaraq obyektiv araşdırma aparıb və Ü.Abbasova layiq olduğu ağır cəzanı kəsib. Lakin sonradan sabiq prokuror hansısa əlaqələrini, əgər varsa, yuxarı eşalondakı dayaqlarını və məlum maddi məsələləri işə salaraq, ona lazım olan bəraət qərarının çıxarılmasına nail olub. Onu da nəzərə alaq ki, bu qərarı çıxaran hakim İnqilab Nəsirov mətbuat və müxtəlif QHT-lər tərəfindən heç də ölkənin ən obyektiv və ədalətli hakimi kimi təqdim olunmur…

Qeyd etdiyimiz bu ssenarilərdən başqa sabiq prokurorun cinayət işinin və məhkəməsinin real gedişini ifadə edəcək üçüncü variant yoxdur. Deməli, ya şərlənərək həbs olunub və günahsızlığını sübut edərək, sonradan bəraət ala bilib, ya da həqiqətən cinayət törədib, lakin sonradan məlum yollarla barəsində bəraət hökmünün çıxarılmasına nail olub. Məsələ ondadır ki, hansının baş verməsindən asılı olmayaraq, bu variantların hər ikisi hüquq-mühafizə sistemimizin necə acınacaqlı durumda olduğunu göstərir. Onu da nəzərə alaq ki, bu adam sıravi polis, məhkəmə, yaxud ədliyyə işçisi deyil, İsmayıllı kimi böyük bir rayonun prokuroru, dövlət ittihamçısı olub. Və əgər bu ölkədə bir rayon prokuroru şərlənərək həbs edilə bilirsə, görün sıravi vətəndaş hansı vəziyyətdədir və nə dərəcədə müdafiəsizdir. Yaxud, əksinə, bir rayon prokuroru ağır cinayət törətdiyi üçün həbs olunsa da, sonradan hansısa qaranlıq yollarla nəinki azadlığa çıxa, hətta bəraət də ala bilirsə, deməli cəzasızlıq səviyyəsi maksimum həddədir…

 

 

Məlum məsələdir ki, bu ranqdakı dövlət məmurunun istər təyinatı, istər işdən azad olunması, istərsə də xüsusilə həbsi hakimiyyətin yüksək eşalonlarında, ən azından Baş prokuror səviyyəsində qərar verilən hadisədir. Doğrudur, çoxları Zakir Qaralov kimi şəxsi və peşəkar keyfiyyətlərə sahib bir kadr üçün bu cür əməllərin törədilməsində qeyri-adi nəsə axtarmağı doğru saymır.

Uzun illər sabiq Baş prokurorun böyük narazılıq, qıcıq yaradan fəaliyyəti, ədalətsizliyi, məmur oliqarxiyasının nümayəndəsinə çevrilməsi, bizneslə məşğul olması, bir sözlə, bir ölkənin Baş prokuroru postuna uyğun keyfiyyətlərdən çox-çox uzaq olan birisi olduğuna dair mətbuatda, cəmiyyətdə müəyyən fikir formalaşmışdı. Və bu qənaəti heç də qeyri-obyektiv saymaq olmaz. Buna baxmayaraq, bu şəxs 20 il ölkənin Baş prokuroru olub. Odur ki, Ülvi Abbasovun doğrudan da Z.Qaralovun “xeyir-duası” və hətta sifarişi ilə həbs edilməsi ehtimalını istisna etmək olmaz.

İstənilən halda, Ü.Abbasova bəraət verən istintaq, məhkəmə orqanı onu şərləyənlərin, barəsində qərəzli istintaq aparanların və haqsız məhkəmə qərarı çıxaranların üzərinə gedirmi, onları məsuliyyətə cəlb edirmi? Xeyr. Normal ölkədə sözügedən prokurorun həbsinə səbəb olan müstəntiqdən hakimə qədər hər kəs, eləcədə şəxsən həmin dövrün Baş prokuroru istintaqa ifadə verməli, əgər həbsin sifariş əsasında baş verdiyi təsdiqlənərsə, məsuliyyətə cəlb olunmalıydı. Yox, əgər bu adam doğrudan da vəzifə səlahiyyətlərini aşıb, cinayət törədib, lakin sonradan bəraət ala bilibsə, bu halda da onu azad edənlər və ona bəraət verənlər məsuliyyətə cəlb olunmalıdır. Ancaq biz atılmalı olan bu addımların heç birini görmürük və yaxın gələcəkdə görəcəyimiz də şübhəlidir…

Nəhayət, bu işin daha bir ilginc tərəfi. Ü.Abbasov öz köməkçisi Faiq Quliyevlə birlikdə, eyni cinayət işi üzrə həbs olunmuşdu. Lakin sabiq prokurordan fərqli olaraq, köməkçisi hələ də həbsdədir və ona bəraət verilməyib. Necə ola bilər ki, eyni iş üzrə əsas səlahiyyətli və qərar verən şəxs bəraət alır, onun köməkçisi isə cinayətkar qismində həbsxanada qalır?

Məlum məsələdir ki, Azərbaycan reallıqlarında heç bir prokuror, hakim, icra başçısı və s. yüksək vəzifəlinin köməkçisi ondan xəbərsiz, onun “xeyir-duasını” almadan kimdənsə rüşvət tələb edə, ala bilməz. Ən azından ona görə ki, aldığı pulun müqabilində görüləcək iş onun səlahiyyəti xaricindədir. Belə olan təqdirdə, prokurora bəraət verib, köməkçisini həbsdə saxlamağın adı nədir?

Bir sözlə, barəsində bəhs etdiyimiz bu iş də bütünlükdə hüquq-mühafizə və məhkəmə sistemimiz kimi qarışıq, qaranlıq və müəmmalıdır. Yəqin ki, onun bütün təfərrüatlarının açılması da elə bu sistemin nə vaxtsa tam və əhatəli islahatına, şəffaflığına nail olunduqdan sonra mümkün olacaq. Bunun üçünsə artıq başlayan həmin islahatların real zaman kəsiyində, mümkün qədər qısa vaxtda həyata keçirilməsi lazımdır…