Nazir anasına ürəyindəki stendə görə pensiya təyin etdirib – RƏSMİ AÇIQLAMA

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Azərbaycanın  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin anasına qanunsuz olaraq əlillik təyin etdirdiyi və buna görə pensiya alması barədə iddialar yayılıb.

Bununla bağlı sosial şəbəkələrdə açılan müzakirələrdə isə Sahil Babayev haqqında sərt tənqidlər səslənir.

Naziri korrupsiyada ittiham edənlər qanuni əlillik haqqı olanların üzləşdiyi problemləri də diqqətə çəkib.

Bu iddialarla bağlı açıqlamasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyilənləri təkzib edib.

Nazirliyin açıqlamasında bu məlumatı sızdıran şəxslərin adıçəkilən qurumdan kənarlaşdırlanlar olduğu önə çəkilib: “Rüşvətxorluğa və saxtakarlığa görə Nazirlikdən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar cəmiyyətə daha faydalı olarlar. Çünki onda əsl saxtakarın kim olduğunu biləcəklər”.

Sahil Babayevin anası Nailə Babayevanın pensiya alması faktını isə nazirlik təsdiq edib: “Əmək və əhalinin sosial müdafiəsi nazirinin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həm də ləyaqət hissindən uzaq paylaşımlar da bunun davamıdır.
Nailə xanım 25 ildir ki, ağır şəkərli diabet – insulin xəstəsi olmaqla həmçinin ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir. Ötən dövrdə dəfələrlə ağır ürək əməliyyatları keçirib, ürəyinə 6 stend qoyulub, sonradan ürəyində aorta koronar şuntlama əməliyyatı keçirilib.
Belə olan halda 2005-ci ildə ona təyin olunan əlilliyin guya 2016-cı ildə təyin edildiyi və əsassız olması barədə məqsədli dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır”.
Nazirliyin bu açıqlamasında  da şübhə qalmaqda davam edir.
Belə ki, Azərbaycanda ürək əməliyyatı keçirən, ürəyində stend olan, habelə, şəkərli diabet xəstəsi olan on minlərlə vətəndaş var ki, onlara əlillik verilmir.
Taryel İbrahimov
Gununsesi.info