NAXÇIVAN – YAŞIL ENERJİ MƏKANI…- FOTOLAR

Əsas Manşet ÖLKƏ
Spread the love

 

Enerji iqtisadi inkişafın mühərriki və insan rifahının inkişafının təminatçısıdır. Bəşəriyyət davamlı olaraq yeni və əlverişli enerji mənbələri axtarışındadır. Bəşəriyyətin isə ilk tanış olduğu enerji günəş istiliyidir. Sonradan bura külək və suyun gücü də daxil edildi. Lakin müsair dövrdə ənənəvi metodlar təlabatı ödəyə bilmir. İndi bərpaolunan enerjiylə bağlı başılıca problem iqlim şərtlərindən asılılığı azaltmaqdır. Hazırda qarşımızda yeni məqsədlər durur. Ənənəvi enerji mənbələri tədricən qlobal iqtisadiyyatın daha da effektiv inkişafı üçün bir panaseya-yəni universal vasitə statusunu tədricən itirməkdədir. İndi bəşəriyyət baxışlarını alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldib. Ümumiyyətlə, bütün dünyada günəş enerjisinin 0,002 faizini istifadə edə bilsək heç başqa mövzulara ehtiyac qalmaz. Əsas günəşdir. Elmin inkişafı o yerə çatacaq ki, günəş enerjisindən bütün dünya faydalanacaq. 200 il əvvəl nə neft nə də daş kömür yox idi. Günəş var idi. Odur ki, günəş enerjisinin çox böyük əhəmiyyəti var. Ekvatora yaxın yerlər var ki, Tunis, Qahirə, Misir və s.. Bizim ölkəmizə düşən günəş enerjisi isə effektivliyinə görə, intensivliyinə görə onlara bərabərdir.

Azərbaycanın enerji potensialı bütün dünyada iqtisadi sıçrayış üçün təsirli stimul ola bilər!
HEYDƏR ƏLİYEV

Qlobal iqtisadiyyat üçün çətin dövrə baxmayaraq, dünyada bu perspektivli istiqamətin inkişafına yönəldilən səylər dayandırılmayıb. Azərbaycan da istisna deyil. Alternativ enerjinin inkişafı üçün ölkədə mühüm işlər aparılıb və davam etdirilir. Sevindirici haldır ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensial mövcuddur. Ölkənin mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda ölkə sözügedən potensialdan az da olsa, istifadə edilir. Son 7-8 ildə Azərbaycanda alternativ enerji mənbələrindən alınan enerjinin istehsalı dəfələrlə artıb. Alternativ energetika sahəsində ildən ilə artımlar müşahidə olunur.
Yaşıl enerji məkanı konsepsiyasının təməl prinsiplərini necə səciyyələndirə bilərik?
Yaşıl enerji zonası ümumiyyətlə, yaşın enerji məkanı geniş konsepsiyadır. Bu konsepsiyanın bir neçə elementi var. İstər istehsal perispektivindən baxanda istərsə də dayaq zəncirinin ən son halqası olaraq istehlak perispektivindən baxanda biz burada bir neçə təməl elementlərdən danışa bilərik. İlk öncə istehsal perispektivindən baxaq. Bu o deməkdir ki, enerji təminatında yaşıl enerjidən yəni bərpa olunan enerjidən maksimum istifadə olunmasıdır. Yəni burada biz hidro, günəş, külək, geotermal, bioenerji və digər enerji növlərindən danışa bilərik ki, bu milli prioritetlərdə 5-ci prioritet-təmiz ətraf mühit və yaşıl artım ölkəsi prioritetidir. Burada əsasən enerji təminatında təmiz və yeni, eyni zamanda dayanıqlı enerji növlərindən istifadə nəzərdə tutulur. Bundan əlavə o da nəzərdə tutulur ki, elmi texniki inkişaf nəzərə alındıqca, iqtisadiyyatın bütün sahələrində ilkin istehlakda bərpa olunan enerji mənbələrindən maksimum istifadə olunması yəni, yaşıl enerji məkanının salınmasıdır. Yaşıl enerji məkanının digər komponentlərindən biri də buna istehlak perispektivindən baxanda bu enerji səmərəliliyidir. Eyni zamanda ictimai nəqliyyatda, küçələrin işıqlandırılmasında maksimum istifadə və,s.. digər bu kimi sahələrdə…
Günəş enerjisi gəldikdə isə yerə ən yaxın olan bu ulduzdan gələn enerji planetimizdə həyatın mənbəyidir. Canlı aləmin mövcudluğununun səbəbi olan fotosintez prosesi günəş enerjisi olmadan mümkün deyil. Yer planetində canlı aləmin formalaşmasında günəş enerjisi birbaşa isştirak edib və edir. Təbii ki, bəşəriyyət bu cür kəsilməz enerji mənbəyini kənara qoya bilməzdi. Hələ 18-ci əsrdə Fransız kimyaçı Antuan Loran Lavuazyenin düzəltdiyi linzanı günəşə tərəf çevirərək 1800 dərəcə temperatur əldə etmək mümkün idi. Müasir dövrdə isə hələlik ən sərfəli sistem günəş batareyalarıdır. İsti ölkələrdə 1 kV metrlik batareya ildə 400 kVT-dək enerji hasil edə bilir. Statistik rəqəmlər günəş enerjisinin elektrik təchizatındakı payının pandemiyaya rəğmən artdığını göstərir. Ötən il dünyada günəş enerji stansiyalarının gücü 40 QVt-dan çox olub. 2024-cü ildə bu rəqəmin 1148 QVt-a çatacağı gözlənilir. 2020-ci ildə koronavirus pandemiyasına görə bütün iqtisadi sferalarda geriləmə olsa da bərpaolunan enerji üzrə 7,6 faiz artıq qeydə alınıb. Buda bəşəriyyətin daha ucuz təmiz və tükənməyən enerji növlərinə marağının artdığını göstərir.

Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlverişli mühitin yaradılması irimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradır.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfələr, həmçinin, elektrik enerjisi istehsalında müasir texnologiyalardan istifadə olunmaqla istixana qazı tullantılarının miqdarının azaldıldığı, adambaşına düşən istixana qazı emissiyasının digər inkişaf etməkdə olan və bəzi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağıdır. Prezident İlham Əliyev tərəfindən bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payının 2030-cu ilədək 30%-ə çatdırılması vəzifəsinin irəli sürüldüyü, habelə, imzalanan sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühitinin yaradılması, özəl investisiyaların cəlbi və irimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradılır.

“Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, enerji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.
İLHAM ƏLİYEV

Onu da qeyd etməliyəm ki, Azərbaycanın yeni güc və imkanlar ölkəsi olaraq dünya meydanına daha qüdrətlə və daha vüsətlə daxil olması həm də öz ərazi bütövlüyünü bərpa etməsi, bunu döyüşlə, hərb meydanında etməsi nəticəsində mümkün oldu. Torpaqlarının 5-də birinin işğal altında olmasına, əhalisinin 10-da birinin qaçqın və köçkün sayılmasına baxmayaraq onsuz da Azərbaycan regionun lider dövlətinə çevrilməyi bacarmışdı. Bu ölkə enerjinin ənənəvi anlayışının miqyasının çoxdan genişləndiyi mərhələyə daxil olub. Bərpa olunan enerji təfəkkürünün ən ideyalı daşıyıcılarından biri olmaqla, bu yeni energetika erasını həm də, necə deyərlər yeni xam torpaqlarımıza müncər etməyə hazırlaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Diqqətinizə çatdırmaq istədiyim digər bir məqam, bizim bərpa edilən enerjiyə dair planlarımızla bağlıdır. Biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik. Biz artıq onların ikisi ilə inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq. Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına görə, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır. Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur.
Bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır. Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik.”

Prezidentin çıxışından da aydın görünür ki, söhbət həm də ikiqat bərpadan gedir. Bərpa edilən enerjidən və bərpa olunan ərazilərimizdən. Bərpa edilən enerjinin bərpa edilən ərazilərimizin taleyindəki rolundan. Azərbaycanın uzun müddət işğal altında qalan ərazilərinin azad edilməsi bölgədə davamlı inkişaf üçün yeni imkanlar açacaq. Bəli, vətən torpağımız, işğaldan azad olunan Qarabağ bölgəmiz tez bir zamanda yaşıl enerji zonasına çevriləcək. Orada mövcud olan geniş potensial və infrastrukturun yaradılması üçün əlverişli şərait tez bir zamanda müəyyənləşdirilən prioritetlərin real müstəviyə proyeksiya olunacağından xəbər verir. İndiki və gələcək nəsillərin təlabatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan ”Yaşıl enerji” texnologiyalarının tətbiqi genişləndirilir.

“Yaşıl enerji”-nin inkişafı Muxtar respublikada da ardıcıl xarakter alıb.

Son illər Naxçıvan Muxtar Respublikasında da həyatın bütün sahələrində irimiqyaslı layihələr uğurla icra edilir. Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində sürətli inkişafa nail olunub. Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Ali Məclisinin Sədri Vasif Talıbov: “Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülüb. Ümummilli liderimiz Heydər Əliyev muxtar respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq Naxçıvanda elektrik stansiyalarının qurulması işinə diqqətlə yanaşmış, 1992-ci ildə Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilib. Ondan sonrakı dövrdə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı qardaş Türkiyə Respublikasından çəkilən elektrik xətti vasitəsilə ödənilirdi. Ölkə Prezidentinin Sərəncamları ilə muxtar respublikada 87 meqavatlıq Modul Elektrik Stansiyası, yeni su və günəş elektrik stansiyaları tikilib və nəticədə muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin olunub.”

Naxçıvan Muxtar Respublikanın 2020-ci il hesabatında elektrik şəbəkələrinə 454 milyon 85 min 532 kilovat-saat elektrik enerjisi daxil olub. Təkcə daxil olan elektrik enerjisinin 40 943 976 kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilib. Bu da qədim diyarın müasir və yeni dünya ilə sürətli ayaqlaşmasından xəbər verir. Günəş Elektrik Stansiyalarının ardıcıl olaraq tikilməsi bu istiqamətdə görülən işlərin intensiv xarakter almasını bir daha sübut edir. Gələcəkdə bu kimi stansiyaların istifadəyə verilməsi ilə muxtar respublikada günəş elektrik stansiyalarının ümumi gücü daha artacaq. Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi enerji təhlükəsizliyimizin yüksəldilməsilə yanaşı, təbii qaza qənaət olunması, atmosferə atılan zərərli tullantıların azalması, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsi, eləcə də yeni iş yerlərinin yaranması baxımından mühüm əhəmiyyətə malikdir. Hazırda muxtar respublikada 7 alternativ və bərpa olunan enerji istehsal edilən stansiya fəaliyyət göstərir. Bu stansiyaların hesabına ötən il muxtar respublikada istehsal olunan 424 milyon kvt saatdan artıq elektrik enerjisinin 48,6 faizini alternativ və bərpaolunan enerji təşkil edib.

Ötən il olduğu kimi bu il də müxtar respublikada energetika sahəsi üçün uğurlu il olacaq.

Nəinki enerji təhlükəsizliyimizin təmin olunmasına, hətta bu sahədə ixrac potensialının artırılmasına töhfə verəcək işlər görülür.

Ali Məclisinin Sədri Vasif Talıbov: “Muxtar respublikada qarşıda duran əsas məsələ enerji təminatında bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verməkdir. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb. Xüsusilə su və günəş elektrik stansiyalarından alınmış enerji ilə təminata üstünlük verilir ki, bu da Dövlət Energetika Xidmətinin gəlirlərini artırır.”

Qeyd edim ki, Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilir, eyni zamanda, gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyasının, Şərur rayonunda ilkin mərhələdə layihə gücü 5 meqavat olacaq yeni Günəş Elektrik Stansiyasının tikinti işlərinə başlanılıb. Culfa rayonu ərazisində isə 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir.

Planet sürətlə dəyişir. Özünə daha çevik, daha mobil, daha ekoloji və daha etibarlı qab tələb edir.

Məhz belə bir fonda İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyi bacardı. Daha—-“1 milyon qaçqın, köçkün, 20 faizi işğal altında torpaq” ritorkası mənasızlaşıb. Azərbaycan yeni ideoloji platformadadır: Qarabağı və işğal altında olan digər rayonlarımızı azad etmək ideologiyasının əvəzinə, Qarabağı və işğaldan azad olunan digər rayonlarımızı abad etmək ideologiyası! Azad etdik, abad edək! Qısaca belə. Bu gün ölkə və xalq Prezidentin təklif etdiyi Böyük Qayıdış konsepsiyasının icraçısıdır. Quruculuq. İnşa. Bərpa çağıdır…

 

 

Röya Bənənyarlı,

Azərbaycan televizyasının əməkdaşı

Bakı-Naxçıvan – Bakı