NAXÇIVAN MR-in MALİYYƏ NAZİRİ HƏBS OLUNDU – 144 milyon dövlət vəsaitini mənimsəyib (Yenilənib)

HADİSƏ Hit
Spread the love

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyevin həbsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, R.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatların və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə həbs edilib.

Belə ki, bir neçə gün əvvəl DTX Naxçıvan MR Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, müxtəlif rəhbər vəzifəli şəxslər məsuliyyətə cəlb edilərək həbs ediliblər.

Aparılan cinayət işi üzrə Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu da həbs edilib. Həmin vəzifəni isə 2020-ci ilin avqust ayınadək Rafael Rza oğlu Əliyev tutub.

Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 19 avqust 2020-ci il sərəncamı ilə Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib. Bundan sonra Mənsur Əsgərov Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə gətirilib.

***

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

 

 

Xatırladaq ki, “AzPolitika.info”-nun  bir neçə gün öncə verdiyi məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. 

Məliumatda bildirilirdi ki, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev saxlanılaraq Bakıya gətirilib. Onlarla bağlı həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.

“Dünyanınsəsi.Az”