Aleksey Navalnı Qərbin arzusunu reallaşdıra bilərmi?

DÜNYA Manşet
Spread the love

Aleksey Navalnının Rusiyada başlatdığı etiraz hərəkatı Qərbdə Vladimir Putinin taxtının laxladığı ilə bağlı ümidləri artırıb. Bunu ABŞ və Avropa mətbuatının gündəmindən də görmək mümkündür.

“Rusiya hər halda inqilabın astanasında deyil. Lakin son 10 gündə baş verən etiraz aksiyaları cəmiyyətin mühüm hissəsinin artıq öz liderlərindən narazı olduğunu göstərir”.

Musavat.com xəbər verir ki, bu fikir Böyük Britaniyanın “The Times” qəzetində, Tom Parfitin analitik yazısında qeyd olunub.

“Məsələ burasındadır ki, Kremlin əlində hələ çoxlu kart var. Silahlı qüvvələr və təhlükəsizlik xidməti hələ ki çat vermir. Elə mitinqlərə gələnlərin statistikası da həyəcənlanmaq üçün əsas sayılmır, parlament müxalifəti praktiki olaraq mövcud deyil, onu çoxdan susdurublar, xarici reaksiya isə Arkadi Rotenberqin Naytsbricdəki villalarının taleyindən narahat olmayacağı qədər zəifdir”,-deyə siyasi icmalçı yazıb.

Müəllifin fikrincə, Valdimir Putinin qlobal qınaq vecinə deyil. Lakin uzunmüddətli perspektivdə Kreml üçün problem yaranır. Keçirilən sorğular son mitinqlərdə çıxan insanların kontingentinin 50%-nin ilk dəfə etirazlara qatıldığını göstərir. Sankt-Peterburqda isə aksiyaçıların 76%-nin 35 yaşdan, 40%-nin 25 yaşdan aşağı nəsil olduğu ortaya çıxıb. Bu isə həmin insanların Vladimir Putinin hakimiyyətə gəldiyi 2000-ci illərdə uşaq olduğunu və bütün həyatlarını onun iqtidarı altında keçdiyini göstərir”,-deyə məqalədə bildirilir.

“Kreml Putin qarşı yeni etirazları yatırmaqla məşğuldur, lakin bu dəfə Aleksey Navalnının simasında qarşısında çətin rəqib dayanıb,”-deyə Almaniyanın “Süddeutsche Zeitung” qəzetindən Zilke Biqalke yazır.

Müəllifin fikrincə, rusiyalı müxalifətçi əvvəlki illərdən fərqli olaraq taktikasını dəyişib.

“İndi onun komandası etirazları Belarusdakı kimi daimi hala gətirmək istəyir. Doğrudur, Rusiyadan fərqli olaraq Aleksandr Lukaşenkoya qarşı çıxışlar seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığı iddiaları ilə başlayıb. Lakin nəzərə almaq lazımdır ki, bu ilin payızında Dövlət Dumasına seçkilər keçiriləcək və Rusiyanın “susan əksəriyyətinin” nə fikirləşdiyi əsl o zaman bəlli olacaq”,-deyə müəllif yazıb.

“The New York Times” qəzetinin analitiki Endryu Kreymer Rusiyada hakimiyyətlə xalq arasında “Krım konsensusu”nun (Ukrayna ərazilərinin işağlı ilə bağlı yaranan eyforiya nəzərdə tutulur-red.) bitmək üzrə olduğunu düşünür. “İndi isə insanlar maaşlarının və pensiyalarının dərdinə düşüblər”,-deyə yazar qeyd edir.

Müəllifin fikrini aldığı “Chatham House” araşdırma institutunun Rusiya və Avrasiya üzrə proqramın eksperti Yekaterina Şulman da iqtisadi faktorun siyasi tələblərin önünə keçdiyini bildirir. “Siyasi çalarlar dəyişəndə iqtisaidyyat vacib amilə çevrilir”,-deyə Y.Şulman vurğulayıb.