Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a bu dəfəki açıqlamasında sabah-martın 5 də Moskvada baş tutması gözlənilən Ərdoğan-Putin görüşünün ehtimal olunan nəticələrini şərh edib:
“Son günlər bizim bölgəmizdə də gərginliyin artacağı ehtimalı yüksəkdir. Ermənistanın narahatlıq keçirməsinin səbəbləri bəllidir. Minsk Qrupundakı həmsədr ölkələrlə Ankaranın görüşməsi Türkiyə Prezidentinin Bakıda verdiyi bəyanatla bağlıdır. Cənab Ərdoğan həmsədr ölkələrə dolayısı ilə bu fikri çatdırmışdı ki, əgər siz həll edə bilmirsinizsə məsələyə biz müdaxilə edərik. Və bundan Ermənistan çox narahat olmuşdu. Ermənistandakı “müharibə partiyasının”, “Sasna Tsrer” adlı terrorist təşkilatın son zamanlar verdiyi bəyanatlar da bununla bağlıdır. Ermənistanda Türkiyənin hər hansı şəkildə məsələyə müdaxiləsinə qarşı çıxacaqlar. XİN başçısı Çavuşoğlunun da fikirləri əməlli başlı qorxu yaradıb. Türkiyənin məsələyə müdaxiləsinin hansı boyutlara aparıb çıxaracağını bilirlər. Rusiya ilə münasibətlər fonunda məsələnin onların zərərinə dəyişəcəyi ehtimalını irəli sürənlər var. Çox güman ki, Rusiya İdlib məsələsində Türkiyəyə güzəştə keçməyəcək. Rusiya hakimiyyətinə yaxın olan Duqin də deyir ki, Rusiyanın istəyi Türkiyənin İdlibdən çəkilməsidir. Rusiya İdlib – Lazkiyə xəttində hərbi varlığını gücləndirmək istəyir. Qarşılığında Qarabağ məsələsində Türkiyənin istəkləri təmin oluna bilər. Son zamanlar Kəlbəcər, Ağdam, Füzuli və başqa bölgələrin ermənilər tərəfindən boşaldılması məsələsinin gündəmə gəlməsi təsadüfi deyil. Ayın 5-də Moskvada çox ciddi qərarlar alına bilər. Əks təqdirdə Türkiyənin “müvəqqəti ortağı” olan Rusiya məğlub duruma düşə bilər. Ərdoğanın Moskva səfərindən öncə NATO heyətinin Ankara təmasları, nəhayət bu məsələlərə uzun müddət səssiz qalan İngiltərənin fəallaşması bəzi sürprizlərin yaşanacağına işarədir. Şəxsən mən elə də ciddi nəticə alınacağına ümid etmirəm. Amma bu danışıqlar fonunda Qarabağın gündəmə gətirilməsi yaxşıdır. İstənilən ədalətli yanaşma bizim xeyrimizə işləyəcək. Rusiya israrla Əsədi müdafiə etməkdədir və bundan imtina etməyəcək. İndi Rusiyanın israrı ilə Əsədin Türkiyəyə “nə etmişik” deyə yalvarması fonunda yeni proseslərə start verilə bilər. Əsəd Türkiyənən istədiklərini yerinə yetirə bilər, indilik atəşkəs əldə olunaraq müvəqqəti olaraq problem dondurula bilər. Bu da hər iki ölkə üçün məqbul variantdır. Bundan sonra məsələyə Amerikanın daha aktiv görəcəyini düşünürəm. Amerika Türkiyəyə dəstək vermək mənasında deyil, öz maraqlarını təmin etmək üçün fəallaşacaq. Burada Avropa Birliyi ölkələrinin də müdaxiləsi gözləniləndir. Sərhəd qapılarını açıb qaçqınları Avropaya göndərən Türkiyəni inandırmağa çalışacaqlar ki, onların problemlərini həll etmək üçün tampon bir bölgə yaradılsın. Türkiyəyə də bu sərf edir. Amma bu gəlişmələr fonunda dəyişən heç nə olmayacaq. Moskva dediyim kimi Türkiyənin İdlibdən çəkilməsini istəyir, amma bu görüşdə belə razılaşma mümkün deyil”.