Moskvanın Qazaxıstan həmləsi ilə başlayacaq çöküş: – “Kreml Mərkəzi Asiyanı itirə bilər”

DÜNYA Manşet
Spread the love
Rusiya Prezidenti Vladimir Putinin 2019-cu ildə qonşu dövlətlərə qarşı ortaya atdığı torpaq iddiası getdikcə qətiləşməyə başlayır.

Belə ki, Rusiya Dövlət Dumasının bir sıra üzvləri Qazaxıstana qarşı torpaq iddialarına başlayıblar. Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının üzvü Vyaçeslav Nikonov “Rusiya asiyalı qonşusuna böyük torpaq hədiyyə edib” bəyanatı ilə çıxış edib.

Deputat rusların çox yaşadığı Şimali Qazaxıstan ərazisini nəzərdə tutub. Bunun ardınca başqa bir Duma üzvü Yevgeni Fedorov “Qazaxlar bu torpaqları icarəyə götürüb, SSRİ dağıldıqdan sonra onlar bu ərazini Rusiyaya qaytarmalı idilər”,- deyib. Bu çıxışlardan sonra Qazaxıstan Rusiya səfirliyinə nota təqdim edib.

Eyni zamanda, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Rusiyanın Duma üzvlərinin çıxışlarına “Qazaxıstana heç bir ölkə ərazi hədiyyə etməyib” fikri ilə qarşılıq verib. Prezident qazax xalqının bu torpaqlarda qədim yaşam tarixinə malik olduğunu da vurğulayıb.

Maraqlıdır, Rusiya bu gedişlə Qazaxıstanın ərazisini ilhaq etməyə, burda ikinci Ukrayna ssenarisini tətbiq etməyə qalxışa bilərmi?

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında deyib ki, Qazaxıstanla münasibətləri pozmaq Rusiyaya sərf etmir:

“Rusiyada müxtəlif millətçi dairələr və təəssüf olsun ki, onların tərəfdarları da var. Buna baxmayaraq, Rusiyanın Qazaxıstana Ukrayna ssenarisini tətbiq etməsi Kremlin maraqlarına uyğun gəlmir. Çünki Rusiyanın regionda irimiqyaslı iqtisadi-siyasi layihələr həyata keçirməsi qonşularla əməkdaşlıq şəklində mümkün olur. Məsələn, buna misal Avrasiya İqtisadi Birliyini göstərmək olar. Qazaxıstan həm Avrasiya İqtisadi Birliyinin, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) üzvüdür. Əgər Rusiya Qazaxıstana qarşı Ukrayna ssenarisini tətbiq etməyə qalxışsa, Qazaxıstan Avrasiya İqtisadi Birliyindən və KTMT-dən çıxacaq. O zaman Rusiyanın post-sovet məkanında həyata keçirməyi nəzərdə tutduğu siyasi-iqtisadi layihələri iflasa uğrayacaq. Bu isə bütün hallarda Rusiyanın məqsədinə uyğun deyil”.

Politoloq hesab edir ki, Qazaxıstanla münasibətlərin pozulması Rusiyanın Mərkəzi Asiyadakı dayaqlarının yıxılması anlamına gəlir:

“Təsəvvür edin ki, əgər Qazaxıstanla münasibətlər pozulsa, bu, Rusiyanın Mərkəzi Asiyanı itirməsi anlamına gəlir. Əgər Rusiya Mərkəsi Asiyanı itirsə, özü geosiyasi cəhətdən zəifləyəcək. Ona görə də Rusiyanın buna gedəcəyini düşünmürəm. Rusiya siyasilərinin böyük qismi bu məsələyə və o cümlədən, Kremlin Bakı, Ankara ilə münasibətlərinin pozulması ehtimalına çox həssaslıqla yanaşırlar. Onlar bunu istəmirlər. Lakin Rusiyada nüfuz imkanları güclü olan bəzi siyasi dairələr var ki, onlar Qazaxıstanla, Azərbaycanla və Türkiyə ilə münasibətlərə yenidən baxılmasının tərəfdarlarıdırlar. Onlar deyirlər ki, bizim dostumuz ermənilərdir, Azərbaycana təzyiq olunmalı, Türkiyə ilə münasibətlər kəsilməlidir. Amma Rusiyanın siyasi rəhbərliyi reallığa uyğun davranır və ortaq maraqları nəzərə alır”.