MOSKVANIN CASUS ŞƏBƏKƏSİNİN İFŞASI BAŞLAYIB? – “Açar şəxs Mahmudovun özü də ola bilər”

Əsas Manşet QALMAQAL
Spread the love

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun həbs edilməsinə dair daha bir sensasion iddia var.

“AzPolitika.info”nun verdiyi məlumata görə, bəzi təhlilçilər hesab edirlər ki, sabiq səfir Eldar Həsənovun, ardınca keçmiş korpus komandiri Rövşən Əkbərovun 20 ildən sonra cinayət məsuliyyətinə cəlb edilməsi, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun şəbəkəsinə ciddi zərbə vurulmasının ardınca, MTN-in açar fiqurlarının da qandallanması təsadüfə oxşamır.

İddialara görə, bu həbslərin Azərbaycanda xarici kəşfiyyata işləyən, Moskvadan təlimat alan şəbəkənin ifşasına səbəb ola biləcəyi ehtimal edilir. Yada salaq ki, generallar – Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər.

Qeyd edək ki, bu ehtimalı üsusi xidmət orqanlarının keçmiş zabiti, politoloq Ərəstun Oruclu da istisna etməmişdi.

 

 

“İnanıram ki, həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq. Azərbaycan Ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal çətənin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir.

Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək. Onun Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir. Bu infrastruktura təkcə silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarda deyil, həm də digər dövlət və hakimiyyət orqanlarında, media və vətəndaş cəmiyyəti instutlarında yerləşdirilmiş minlərlə agent daxildir” -deyə, Ə.Oruclu bildirmişdi.

 

 

Onu da qeyd edək ki, həbs olunan  N.Şirinovun Rusiya xüsusi xidmətinə bağlı olması barədə çoxsaylı iddiaların mövcuddur. Üstəlik, ordudakı N.Sadıkova bağlı şəbəkənin “vurulmasından” çox keçməmiş MTN-də Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş generalın həbsə göndərilməsi müəyyən şübhələrə, mülahizə və ehtimallara yol açır.

M.Şıxəliyevə gəlincə, Baş İstintaq İdarəsinin rəisi işləyib və onun daxildə ciddi informasiyalara çıxış imkanı olub. O baxımdan hər iki generalın daxildə və xaricdə kanallarının ola biləcəyi, hərbi sirlərə çıxışı imkanları ehtimal olunaraq Moskvadan təlimat alan qruplaşmanın ifşasına yönəlik yeni proses başladıla bilər. Təhlilçilərin fikrincə, Şirinov və Şıxəliyev işdən çıxarılandan sonra ciddi nəzarət altında olublar, eyni zamanda sirləri yaymamaqla bağlı öhdəlikləri də olmamış deyil.

 

 

Lakin çox güman ki, işdən uzaqlaşdırılandan sonra hansısa fəaliyyətləri təsbit edilib, sabiq nazir Eldar Mahmudovun ətrafında yenidən təşkilatlanmağa çalışıblar. Aydındır ki, ifşa olunmuş bu qrup hakimiyyətdən narazı qalıb və heyif çıxmaq üçün müəyyən hərəkətlənmələri diqqət çəkib. Əks halda, “MTN işi” bağlandığı, Mahmudovun “sağ əli” Akif Çovdarov belə azadlığa buraxıldığı halda gözlənilmədən iki generalın həbsinə səbəb nə ola bilər? Onların malik olduğu sirlər qarşıdakı günlərdə açıla bilərmi?

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirib ki, əvvəla, “MTN işi” bağlanmayıb, daha doğrusu, belə məsələlər qapadılmır, ifşaedici materiallar saxlanılır. İ.İsmayılın sözlərinə görə, hətta 20 il əvvəlki cinayətin istintaqı belə başlana bilir və bunu yaxın keçmişdə general Rövşən Əkbərovun həbsində şahid olduq. MTN generallarının həbsinə gəlincə, ekspert qeyd etdi ki, həm M.Şıxəliyev, həm N.Şirinovun tutduğu vəzifəyə görə hərbi qulluqçu sayılırdılar, onlarda məxfi sirlərin olması mümkündür.

 

 

İ.İsmayılın sözlərinə görə, ordu ilə bağlı məsələlərdə M.Şıxəliyevdən fərqli olaraq, N.Şirinovun bu sahə birbaşa işi olub: “Düşmənin təxribatının qarşısını almaqdan tutmuş ordudakı neqativ, pozuculuq hallarının üzə çıxarılmasına, təhlilinə qədər məlumat çatdırılmalıydı. Amma bu işlər Eldar Mahmudovun rəhbərliyi dövründə vaxtında görülməyib, ordudakılarla birlikdə rüşvətlə məşğul olublar, bir-birinin günahlarını yumaqla, ört-basdır etməklə məşğul olublar. Ona gorə onların həbsində hərbi sirrə çıxış, ordu ilə bağlı hissə varsa belə, bu, Nizami Şirinova şamil ola bilər. Bu həbslər də ehtimalıma görə, açar şəxsə çıxmaq üçün atılan addımlardan biridir”.

İ.İsmayıl istisna etmir ki, açar şəxs keçmiş nazir Eldar Mahmudovun özü də ola bilər: “Görünür ki, o, hansısa cinayət məsuliyyətindən kənarda qalıb. Ehtimal edə bilərik ki, perspektivdə Eldar Mahmudov məsuliyyətə cəlb oluna bilər. Odur ki, bu iş davam edəcək, başqaları da istintaqa cəlb oluna bilər. Rövşən Əkbərovun həbsi göstərdi ki, köhnə heç nə yoxdur, hər şeyin ortaya qoyulması iradəli qərarlardan asılıdır”.

Dunyaninsesi.Az