Molla rejimi laxlayır, etirazlar yeni mərhələyə keçir – İranda son vəziyyət

DÜNYA Əsas Manşet
Spread the love

İranda molla rejiminə qarşı aksiyalar səngimir. Müxtəlif bölgələrdə davam edən etirazlarda yeni şüarlar da səsləndirilir: “Müsəlmanların rəhbəridir, Rusiya ilə Çinin nökəridir!”, “İllər boyu cinayət, ölüm ola bu dini rəhbərə!”, “Diktatora ölüm!”, “Edamçı Respublika sisteminə ölüm!”;

Dünyanınsəsi.Az Publika.az-a  istinadən xəbər verir ki, Tehran əyalətinin Səttarxan bölgəsində etirazçılar Xameneyiyə qarşı “Müsəlmanların rəhbəridir, Rusiya ilə Çinin nökəridir!” şüar səsləndiriblər. İordaniya meydanında etirazçılar piyada keçidində “Saçlarını küləyə ver ki, onu bada verməyəsən!” anti-hökumət şüarı yazılmış poster asıblar.

Tehranpars qəsəbəsində əhali öz evlərinin pəncərəsindən anti-hökumət şüarları səsləndirib: “İllər boyu cinayət, ölüm ola bu dini rəhbərə!”, “Diktatora ölüm!”, “Edamçı Respublika sisteminə ölüm!”.

Qızıl Hisar və Kərəcin mərkəzi zindanında edam cəzasına məhkum olunanların ailələri və yaxınları Məhkəmə Hakimiyyəti binasının önündə etiraz aksiyası keçiriblər. Onlar əllərində “Edam etməyin!” yazılı plakatlar tutaraq və etiraz şüarları səsləndirərək, yaxınlarının edam hökmünün ləğv edilməsini tələb ediblər.

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) bölgəsində hökumət zabitinin evini Molotov kokteyli ilə yandırıblar. Ərdəbil isə etirazçılar Ədliyyə İdarəsinin binasına od vurub.

Gülüstan əyalətinin Türkmənlərin kompakt yaşadığı Qorqan şəhərində təhlükəsizlik qüvvələri tərəfindən öldürülən gənc həkim Aida Rüstəminin 40 mərasiminə təhlükəsizlik qüvvələri tərəfindən basqın edilib.

Fars əyalətinin Firuzabad şəhərində cümə imamının ofisi etirazçılar tərəfindən yandırılıb. Hürmüzqan əyalətinin Bəndər-Abbas şəhərində etirazçılar “Diktatora ölüm!” şüarı səsləndirib. Qum şəhərində isə etirazçı gənclər “Əl-Zəhra” dini mərkəzinin “Bəsic” bazasını yandırıblar.

Molla rejimi etirazlara qarşı ən sərt vasitələrdən istifadə edir. Aksiya iştirakçılarını güllələyirlər, həmçinin, həbs olunanların edama məhkum edilməsi halları artıb. Rejim bununla etirazçıların müqavimətini qırmağa çalışır.

Ramyan şəhərindəki etirazlar zamanı öldürülən polis zabiti Əli Səravaninin ölümündə təqsirli bilinən gənc edama məhkum edilib. Onun cəzası Qonbəd-Kavus cinayət məhkəməsində çıxarılıb və iş apellyasiya şikayəti üçün Ali Məhkəməyə göndərilib.

İnsan Hüquqları Müdafiəçilərinin məlumatlarına görə, İranda davam edən nümayişlərdə 71-i uşaq olmaqla 525 nəfər rejim tərəfindən öldürülüb. 68 nəfər hökumət qüvvələrinin təmsilçisi öldürülüb. 18 yaşdan aşağı həsb olunanların sayı 168-dir. İndiyə qədər 19.571 nəfərin tutulub, onlardan 714 nəfəri tələbədir. Saxlanılanlardan 736 nəfəri məhkum edilib. Ümumilikdə, həbs cəzalarının sayı 12318-dir. 110 nəfər ölüm hökmünə məhkum olunub.

İndiyə qədər 164 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1260 nümayişlər həyata keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyiblər.

İranın bir qrup sənət adamı isə həbs olunan tələbə və sənətçiləri dəstəkləyən bəyanat yayıb. Bəyanatda həbsə atılan sənətçilərin “dərhal və qeyd-şərtsiz” azadlığa buraxılması və ölüm hökmü də daxil olmaqla ədalətsiz məhkəmə hökmlərin ləğvi tələb edilib.

Asif