Milli Qəhrəman Şükür Həmidovun şəhid olmasından bir il ötür

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun şəhid olmasından bir il ötür.

“Dünyanın Səsi”nin  xəbərinə görə, o, 2020-ci ilin oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ş.Həmidov İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub.

O, Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən “Lələtəpə” strateji nöqtəsinin azad olunması zamanı fərqlənib, buna görə də Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ş.Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə döyüşüb.

Prezident İlham Əliyevin sərəncamı ilə Ş.Həmidov ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.