Prezident İlham Əliyev parlamentin ilk iclasına qatıldı və çıxış etdi: “Deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar”
Martın 10-da VI çağırış Milli Məclisin (MM) ilk iclası keçirilib. İclasda martın 5-də Konstitusiya Məhkəməsinin iclasında təsdiqlənən 120 deputat iştirak edib.
Qeyd edək ki, iclasdan öncə YAP-ın parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərin ayrılıqda qapalı toplantısı keçirilib. Onlar sədrliyə Sahibə Qafarovanın, birinci müavin vəzifəsinə Əli Hüseynlinin, müstəqil deputatlar isə vitse-spikerliyə Adil Əliyevin namizədliyini təsdiqləyiblər.
AzərTAc xəbər verir ki, iclasda prezident İlham Əliyev iştirak edib. Fəttah Heydərov xəstə olduğu üçün ilk iclası ən yaşlı deputat Ziyad Səmədzadə açıb. Z.Səmədzadə yeni deputatların siyahısını oxuyub. Daha sonra dövlət himni səsləndirilib.
Prezident çıxışında V çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan prezidenti yeni Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.
Prezident onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak edib. Seçkilərdə YAP-ın yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlət başçısı deyib ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.
Deputatların qarşısında duran vəzifələrdən danışan İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Dövlət başçısı vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident qeyd edib ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlət başçısı deputatların beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışıb, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açıb. Prezident deyib ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut edib.
Sonra təşkilati məsələlərin müzakirəsinə başlanılıb.
Deputat Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib. S. Qafarova müstəqillik tariximizdən bəri parlamentə rəhbərlik edəcək ilk xanım deputatdır.
Belə ki, I çağırışdan sonra V çağırışa kimi parlamentə kişi namizədlər rəhbərlik edib. Bildirək ki, parlamentə iki çağırış Murtuz Ələsgərov, üç çağırış isə Oqtay Əsədov rəhbərlik edib. İlk dəfə seçilən xanım spiker Sahibə Qafarova isə IV və V çağırış Milli Məclisin deputatıdır. O, 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür. 2015-2017-ci illərdə AŞ PA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə baş məruzəçisi olub. Həmin qurumun “Qadınlara qarşı zorakılığa yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb. 2016-2017-ci illərdə AŞ PA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri olub. Həmin illərdə AŞ PA-nın Büro üzvü olub. 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Bundan əlavə, xanım spiker Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.
Professor Qafarova Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorudur. İki ali təhsili olan xanım spiker o vaxtki M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. Qeyd edək ki, S. Qafarova 1955-ci il təvəllüdlüdür.
Hazırda onun 65 yaşı var. O, parlamentdə 98 saylı Şəmkir şəhər seçki dairəsini təmsil edir.
İclasda Milli Məclisə yeni sədr müavinləri də seçilib. Hakim Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin sədrinin I müavini vəzifəsinə Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə isə VHP sədrinin müavini Fəzail İbrahimli və bitərəf deputatlar tərəfindən namizədliyi irəli sürülən Adil Əliyevin sədr müavini vəzifəsinə seçilməsi məsələsi müzakirə olunub. Müzakirədən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, müxalifətdən olan deputatın vitse-spiker seçilməsi ilk dəfədir.
Plenar iclasda parlamentin komitələrinin sədrləri və sədr müavinləri də seçilib. APA-nın məlumatına görə, Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri seçiliblər.
Deputat Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, deputat Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, deputat Musa Qasımlı Elm və təhsil komitəsinin, deputat Rəşad Mahmudov Səhiyyə komitəsinin, deputat Sabir Hacıyev Aqrar siyasət komitəsinin, deputat Fazil Mustafa Mədəniyyət komitəsinin, deputat Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin, deputat Məlahət İbrahimqızı Əmək və sosial siyasət komitəsinin, deputat Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, deputat Hikmət Məmmədov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, deputat Tahir Kərimli İnsan hüquqları komitəsinin sədr müavini seçilib.
“Prezident İlham Əliyev Milli Məclisdə ölkəmizdə əldə edilən uğurlar, görülən işlər, qarşıdakı hədəflər barədə təxminən bir saat proqram xarakterli çıxış etdi”. “Sherg.az”ın xəbərinə görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. O qeyd edib ki, ölkəmizin əldə etdiyi uğurları daha da inkişaf etdirmək üçün hökumət və parlament birlikdə fəaliyyətini daha da gücləndirməlidir: “Bu uğurları daha da inkişaf etdirmək üçün ölkə Prezident iqtisadi, sosial, mədəniyyət sahəsində islahatların davam edəcəyini bir daha vurğuladı. Qarabağ həqiqətlərinin dünyaya yayılması, işğal altında olan torpaqların azad edilməsi istiqamətində parlamentin, millət vəkillərinin üzərinə düşən öhdəlikləri xatırlatdı. Millət vəkillərinin beynəlxalq təşkilatlarda daha fəal olması ilə bağlı ölkə Prezidentinin ciddi tövsiyələri oldu. İnanıram ki, yeni parlament ölkəmizin inkişafı istiqamətində daha səmərəli fəaliyyət göstərəcək”.
Eyni gündə Milli Məclisin İntizam komissiyası da təşkil edilib. Milli Məclisin sədri Sahibə Qafarovanın imzaladığı qərarla İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb: Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov.
Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibi də məlum olub. Sədrin qərarı ilə Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılıb: Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Fəttah Heydərov, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Mixail Zabelin.
Milli Məclisin növbəti iclası martın 17-də keçiriləcək.