Millət vəkili Qarabağda kəndlərin birləşdirilməsindən danışdı

Manşet MÜSAHİBƏ
Spread the love

Sosial mediada bəzi Ağdam, Şuşa, Zəngilan sakinlərinin narazılıqları ilə tanış olmaq mümkündür: onlar deyirlər ki, niyə ata-baba mülklərinə qayıda bilməsinlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib ki, bu barədə hələlik rəsmi məlumat yoxdur və sakinlərin indidən bu cür narahatlıq keçirməsi lazım deyil:

“Kimlərsə hansısa məqsədlə bu haqda danışıb bilmirəm. Amma konkret olaraq bu barədə qərar yoxdur.

Məsələn, Kəlbəcər rayonunun kəndlərinin baş planı hələ təsdiqlənməyib, lakin rayonun özünün planı artıq təsdiqlənib. Cənab Prezident axırıncı səfərində də dedi kəndlərin də baş planı tam hazır olduqdan sonra biləcəyik ki, hansısa kəndlərdə birləşmə var, ya yox. Bunu əvvəlcədən demək düzgün deyil.

Mənim fikrimcə, dövlət başçısı çalışır ki, insanların rahatlığı təmin olunsun. Ağıllı kənd konsepsiyası çərçivəsində olunacaq işlər böyük xərc tələb edir”.

Deputat qeyd edib ki, “ağıllı kənd” konsepsiyası vətəndaşların rahatlığı üçündür:

“Ölkə başçısı bunu edir ki, vətəndaşlar rahat yerə qayıtsınlar. Burada başqa məqsəd yoxdur. Ola bilsin ki, xırda kəndlərdən birləşmə olsun, həmin yerlərdən insanlara pay torpaqları verilsin. Hələlik bunlar bizim fikirlərimizdir.

İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işləri ilə bağlı məlumatlar artdıqca, müharibədən öncə bu yerlərdə yaşamış sakinlərin öz dədə-baba yurdlarına necə qayıtmaları ilə bağlı narahatlıqları da artır.

Tutaq ki, Kəlbəcərdə 128 kənd, 2 qəsəbə, bir şəhər olub. Həmin 128 kənddə 46 nümayəndəlik yerləşib, bizim orda hal-hazırda fəaliyyətdə olan nümayəndələrimiz 46 nümayəndəlikdir. Orda 10-15 evdən ibarət kənd varsa, ora bütün kommunikasiya xəttlərinin çəkilməsini nəzərə alaraq, ola bilsin ki, birləşmə oldu, azlar çoxlara birləşdirilsin.

Amma bu da real məsələ deyil, sadəcə fikirlərdir. İnsanlar bu barədə bizə də suallar verirlər ki, beləmi olacaq? Biz bunu əvvəlcədən deyə bilmərik. Rayonun kəndlər də daxil baş planı hazırlansa, bu barədə tam açıqlığı ilə fikir söyləmək olar.

Burada əsas məqsəd insanların rifahının yaxşılaşdırılmasıdır. Bütün bu addımlar onların rahatlığı üçündür, burda başqa bir məqsəd ola bilməz. İnşallah, yaşayıb görəcəyik. Məncə, hələlik bu barədə fikir söyləmək tezdir. Hələ ki, bu bizim məsələyə münasibətimizdir, bu barədə rəsmi sənəd yoxdur”.

Əsmətxanım RZAZADƏ