“MEHDİYEV VƏ HƏSƏNOV MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIR” – “O bu vəzifəyə gələndən sonra…”

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin mətbuat haqqında aşağılayıcı fikirlərinə media cameəsindən reaksiyalar gəlməkdə davam edir.

Mövzu ilə bağlı “yenisabah.az”-a danışan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də mediadakı problemlərə görə Ramiz Mehdiyevlə Əli Həsnovun məsuliyyət daşıdığını bildirib.

“Ramiz Mehdiyev 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri postuna təyin olunub. Buna qədər Azərbaycanda “Azadlıq”, “Yeni Müsavat”, “525-ci qəzet” kimi nəşrlər, “Turan” kimi informasiya agentliyi fəaliyyət göstərib. Bu media orqanları heç kim tərəfindən maliyyələşdirilməyib, öz hesabına fəaliyyət göstərib. Yüzminlərlə oxucusu olub. Media orqanı kimi problemləri qabardıb, ictimaiyyəti narahat edən məsələlərə toxunub və s. Amma Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri təyin olunandan sonra vəziyyət dəyişdi. Tənqidi medianın sıxışdırılmasına başlandı. Müxtəlif vasitələrlə təzyiqlər edildi. Beləliklə, mətbuatın vəziyyəti başladı pisləşməyə. Bu onu göstərir ki, medianı sıradan çıxarmaq siyasəti yürüdülüb”, – deyə Mehman Əliyev vurğulayıb.

O qeyd edib ki, mətbuatın sıradan çıxarılması siyasətində əsas aparıcı şəxs məhz Ramiz Mehdiyev olub: “Necə olur ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olmamışdan əvvəl medianın vəziyyəti yaxşı idi, qəzetlərin kifayət qədər oxucusu var idi, amma o bu vəzifəyə gələndən sonra vəziyyət dəyişdi?! Onun vəzifəyə gəlişindən sonra köşklər qapandı, qəzetlərin satışına müxtəlif əngəllər törədildi, çap mətbuatının qiyməti qaldırıldı.

İctimai-siyasi məsələlərə, mətbuata Ramiz Mehdiyev nəzarət edirdi. Ona görə də Ramiz Mehdiyev məsuliyyətə cəlb olunmalıdır. Özü də təkcə o yox. Uzun illər ictimai-siyasi şöbənin müdiri olmuş Əli Həsənov da məsuliyyətdən kənarda saxlanılmamalıdır”.

Dünyanınsəsi.info