MEDİA 79 min manatı tendersiz xərcləyib

Hit İQTİSADİYYAT
Spread the love

Qalib elan olunan “Sinergi Partnerşip” MMC KİVDF-nin də partnyoru olub…

Dünyanınsəsi.info xəbər verir ki, “Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsi (MEDİA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Sinergi Partnerşip” MMC olub.

Bu barədə verilən rəsmi məlumata görə, “Sinergi Partnerşip” MMC Medianın İnkişaf Agentliyinin sifarişi əsasında 9-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 8-ci iclasının təşkili ilə bağlı xidmətləri həyata keçirib.

Qeyd olunan xidmətlərin qarşılığında Medianın İnkişaf Agentliyi “Sinergi Partnerşip” MMC-yə 78 min 927 manat 61 qəpik ödəyib.

Apardığımız araşdırma zamanı belə bir tenderin ümumiyyətlə keçirlmədiyi məlum oldu. Qüvvədə olan qanunvericiliyə görə, ehtimal olunan qiyməti 50 min manat və daha çox olan bütün dövlət satınalmaları tender vasitəsilə həyata keçirilməlidir.

Təkliflər sorğusu – tenderin predmetlərinin alınmasında təcili tələbat yaranarsa və satınalan müəssisənin açıq tender və satınalmanın digər növərindən istifadəsi vaxt və digər amilər baxımından səmərəsiz sayılarsa tətbiq olunur. Bu növ tenderin keçirilməsinə açıq tenderdən fərqli olaraq vaxt məhdudiyyəti qoyulmur.

Məlumatdan göründüyü kimi, MEDİA-nın xəclədiyi vəsaitin miqdarı 50 min manatdan xeyli yüksək olub. Daha sonra keçirilən tədbirlər də təkliflər sorğsunun meyarlarında göstərilən təcili təlbatın yaranmasına aid deyil. Hər iki tədbir uzun müddət ərzində planlaşdırılıb və adi qaydada həyata keçirilib.

Məlumat üçün bildirək ki, MEDİA-nın qalib etdiyi “Sinergi Partnerşip” MMC 13.02.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov, ev 87, m 8-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abbasov Rüfət Aydın oğludur.

“Sinergi Partnerşip” MMC-nin qanuni təmsilçisi Rüfət Aydın oğlu Abbasov daha əvvəl ölkənin aparıcı özəl telekominikasiya şikəti olan “Azercell Telekom” MMC-nin mətbuat xidmətinin rəhbəri olub. 1984-cü ildə anadan olan Rüfət Abbasov 2003-2006-cı illərdə “Reuters” Beynəlxalq İnformasiya Agentliyində müxbir işləyib.

Onu da qeyd edək ki, “Sinergi Partnerşip” MMC ötən il Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən 120 min manatlıq tender müsabqiəsinin də qalibi olub. Bundan başqa “Sinergi Partnerşip” MMC 2019-cu ildə “Aztelekom” MMC-nin keçirdiyi 25 min manatlıq tender müsabiqəsinin də qalibi olub.

Dünyanınsəsi.Az