Maykl Blumberq prezident seçilməsi halında əlindəki biznes aktivlərini satacağını deyib

DÜNYA Manşet
Spread the love
Nyu-York şəhərinin keçmiş meri, Demokrat partiyasından prezidentliyə vahid namizəd olmaq uğrunda mübarizə aparan Maykl Blumberq dövlət başçısı vəzifəsinə seçilməsi halında özünün 40 illik tarixə malik “Bloomberg LP” şirkətini satacağını bildirib.
Bununla bağlı “The Wall Street Journal” qəzetində amerikalı milyarderin seçki qərargahına istinadən məlumat yayılıb.
Verilən informasiyaya görə, Maykl Blumberq prezident seçilərsə, öz müəssisəsini satılması üçün bir fondun hesabına köçürəcək. Qəzet belə bir sazişin azı 60 milyard dollar dəyərində ola biləcəyini yazıb.
Seçki qərargahının nümayəndəsi Timoti O`Brayen “Bloomberg LP” şirkətinin hər hansı xarici subyekt və ya firmaya satılmasının mümkün olmadığını vurğulayıb.
“Biz maliyyə və siyasi maraqların toqquşması ilə bağlı əxlaq normaları məsələsində Donald Trampdan 180 dərəcə fərqlənmək istəyirik. Hesab edirik ki, Trampın prezidetnlyi dövründə biznes strukturlarını hələ də əlində tutması onun üçün ləkə sayılmalıdır”,-deyə o söyləyib.
Bu arada Demokrat partiyasının milli komitəsi Maykl Blumberqin namizədlərin teledebatlarında qatılması üçün qaydalarda dəyişiklik edib. Belə ki, əvvəlki qanuna görə televiziyadakı debat şousunda yalnız tərəfdarların yardımı ilə 250 min dollar toplaya bilən namizədlər iştirak edə bilərdi. Maykl Blumberq isə bu vaxta qədər kampaniyanı öz hesabına aparıb.
“NBC” kanalı və “The Wall Street Journal” qəzetinin birgə apardığı son sorğuya görə, Nyu-York şəhərinin keçmiş meri 14%-lik reytinqlə digər namizədlər arasında 3-cü yeri tutur. M.Blumberq yarışda Berni Sanders (27%) və Cozef Baydenə (15%) uduzur.
Milyarderin və onun biznes imperiyasına gəlincə, o, Bloomberg LP şirkətinin 88%-nə sahibdir. Ötən il firmanın gəliri daha 5,7% artaraq 10,5 milyard dolar təşkil edib. Bu şirkət 325 min müştəriyə malikdir.
Maykl Blumberqin şəxsi sərvətinin isə 63 milyard dollar olduğu bildirilir.