“Mədəniyyət naziri Anar Kərimovun qəbuluna gedib, hamısını ona deyəcəm…”

Manşet ŞOU
Spread the love

“Elə vaxt olub ki, teatr bağlı olub, gəlib mənim rayonlarda oynadığım tamaşalarımı sayıblar, teatrın bütün repertuarı edib. Ümumilikdə teatrda 175 tamaşa oynanılıb, 173-də mən baş rolda çıxış etmişəm. Teatrın bütün planını vermişəm, nə  oldu?! Mən universitetdə oxuyanda Azərbaycan incəsənətinə qulluq etməyi düşünürdüm. O da ki, hal-hazırda teatrlarda var. İki ali təhsil və magistratura bitirmişəm, 30 il iş təcrübəm var, aldığım ən yüksək maaş 453 manatdır. Uzun illər bir çox xarici teatrlarda çalışmaq təklifindən imtina edib, “vətənimin teatr səviyyəsinə qulluq edəcəyəm” dedim. Məni elə peşman etdilər ki”

 

Bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Təhminə Məmmədova deyib. Aktrisa indiyə qədər fəxri ad ala bilməməsinə görə teatr rəhbərliyini günahlandırıb.

“Bu illər ərzində əziyyətim zərrə qədər də qiymətləndirilməyib! Kimsə kiminsə tanışıdır, kimsə kiməsə ağız açıb, pul verir, fəxri adları bax bu cür paylayırlar. Mənim adımı bir dəfə də olsun teatrdan yazıb göndərməyiblər. Məndən əskik aktyorlar, hansı ki, mən səhnədə baş rolda oynayanda yanımda nizə tutanlar fəxri adlar, mükafatlar alırlar. Belə şey olar? Keçmiş nazirimiz Əbülfəs Qarayev məni şəxsən tanıyırdı, iş ondadır ki, teatrdan o vaxt mənim təqdimatımı vermirdilər. Nə o vaxtkı teatr rəhbəri Mübariz Həmidov nəsə yazdı, nə də indiki direktorumuz Naidə İsmayılzadə mənim adımı yazıb göndərdi! Bilirsiz niyə görə təqdimatımı vermirlər? Ona görə ki, mən yaltaqlanmıram, gedib bütün günü direktorun otağının qabağında yatmıram, ağlamıram, sızlamıram. Mən özümü işimlə, sənətimlə təsdiq etmiş adamam, niyə yaltaqlanmalıyam ki? Ona görə də bu laqeydsizlik mənə təsir edir! Yeni Mədəniyyət Naziri Anar Kərimovun qəbuluna gedib, hamısını ona deyəcəm, oynadığım repertuarı göstərəcəm. Mənim həmkarlarım yaşlı-başlı sənətçilərdir, mənə deyirlər ki, Təhminə, sən heç əməkdar artist fəxri adı da almamısan?! Deyirəm ki, yox! Baxırlar üzümə, deyirlər necə ola bilər ki?! Deyirəm ki, olur da! Əbülfəs Qarayev bir dəfə də olsun ki, teatrımıza tamaşaya baxmağa gəlməyib. Polad Bülbüloğlu üçün ağızlarına gələni danışırlar, amma o bizim bütün təqdimatlarımıza, tamaşalarımıza gəlirdi” deyə aktrisa bildirib.
Aktrisa daha sonra əlavə edib.

Bilirsiz,mən niyə digər həmkarlarım kimi o qədər də üzdə deyiləm, tanınmıram?! Çünki mən bir çox seriallardan imtina edirəm, ya da elə bir qiymət deyirəm ki, özləri qaçırlar! Niyə görə? Mən gəlin-qaynana mövzulu seriallara ət tökə-tökə baxmaq istəmədiyim üçün? heç çəkilmirəm də. Bədii filmlərdə çəkilmişəm, çoxu heç göstərilməyib. Çünki bədii və səviyyəli filmlərə baxan yoxdur, efirlərdə gic-gic filmlər göstərirlər. Mən sənətimə, özümə o qədər hörmət qoyuram ki, hörmətsiz filmlərdə çəkilmək istəmirəm. Bu seriallar mənim səviyyəmdən qat-qat aşağıdır. Ona görə o verilişlərə heç çıxmıram, getmirəm! Kim özünə sığışdırırsa gedib çıxış edir, mən özümə sığışdırmıram. Mənim tamaşaçılarım və kütləm teatrdadır” deyə aktrisa bildirib.