Leriki bu vaxta qədər KİMLƏR QARƏT EDİB… – HESABI SORULACAQMI?

Əsas Manşet ÖLKƏ
Spread the love

Lerikdən söz düşəndə öncə xəyalə gələn füsünkar gözəlliklər və miqyasına görə anoloqu olmayan saxtakarlıqlar olub.

Lerik son 15 ildə əsasən 3 nəfərin nəzarəti altında olub.

1. Lerikli deputat İqbal Məmmədov – 15 ildir bu rayonun deputatıdır

2. Rövşən Bağırov – 13 il bu rayonun icra başçısı olub. Hazırda 2 ilə yaxındır Ağsu rayonunda icra başçısıdır.

3 Cəlill Baxşiyev – 15 il ki, Lerikdə icra başçısının müavini işləyib (Onun 1 il 4 ayında icra başçısını əvəz edib). 2-3 günİSƏ öncə daşıdığı vəzifədən azad edilib.

Bu il iyulun 25-də isə Lerik Rayonuna 34 yaşlı Əkbər Abbasov rəhbərlik edir.

Birinci 3-lüyün ilk ikisi – İqbal Məmmədov və Rövşən Bağırov haqqında çox yazılıb.

Bu yazıda isə əsasən Cəlil Baxşıyev və burada nüfuzlu tayfa İmanovlar barəsndə daha çox söz açmağa çalışacağıq.

15 il Lerik kimi çətin rayonda İcra Başçısının 1-ci müavini işləmək hər kişinin gücü daxilində deyil. Bəzi hallarda O, Lerikdə icra başçısından da artıq söz sahibi idi.

(Onu da xatırladq ki, bu yazıya səbəb Leriklə bağlı elektron poçtumuza daxil olan məktub oldu. Müəllifi dəqiqləşdirə bilməsək də, əksər mənbələr yazılanların çoxunun həqiqət olduğunu bildirdilər)

Həmin imzasız yazıdan parçalar

“15 ildən artıqdır bu rayon Neft şirkətinin keçmiş prezidenti Rövnəq Abdullayevin kurasiyası altında, Abdullayevin biznesmen tələbə yoldaşı, Milli Məclisin deputatı İqbal Məmmədov Rövşən Bağırov vasitəsilə idarə edilirdi. Obrazlı şəkildə desək, Lerikdə bu “üç muşketyorun” icazəsi olmadan quş quşluğu ilə uça bilmirdi.

• Lakin Prezident İlham Əliyevin idarəetmə sahəsində başladığı köklü islahatlar bu rayondan da yan keçmədi.

• 29 aprel 2021-ci il tarixdə Lerik rayonundan uzaqlaşdırılan Rövşən Bağırov Ağsu rayonuna icra hakimiyyəti başçısı təyin edildi.

• Buna baxmayaraq sonrakı 1 il 4 ay ərzində də idarəçilik distant qaydada əvvəlki zəncirvari üsullarla həyata keçirilirdi.

• Bu müddət ərzində rayonun 1-ci şəxsinin səlahiyyətləri Məmmədov və Bağırovun sadiq silahdaşlarından olan, hər zaman adı qalmaqallarda hallandırılan icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyevə həvalə edilmişdi.

• Dərə xəlvət, tülkü bəy strategiyası çox keçmədi süquta uğradıldı. Bu ilin 25 iyulunda 34 yaşlı Əkbər Abbasov Lerikə icra başçısı təyin edildi.

• Postu təhvil alan Abbasovdan ciddi islahatların aparılacağı gözlənilən idi.

• Elə ilk gündən ulduzu 1-ci müavinilə barışmayan gənc icra başçısı onu məsafədə saxladı. Rəsmiyyətdə 1-ci müavin olsa da, faktiki həmin səlahiyyətdə olmadı.

. Cəlil Baxşiyevi vəzifəsində vizual olaraq saxlamaqla səlahiyyətlərini illərdir rayonda hökümranlıq edən rejimə baş əyməyən, məşhur üçlüklə mübarizəsini gizli şəkildə aparan digər müavini, eyni zamanda iqtisadi məsələlər üzrə şöbəsinin müdiri Habil Məlikova həvalə etməklə başladı.

• Başçının onu təyin edilməsi münasibətilə təbrik etməyə gələn Milli Məclisin lal-dinməz deputatı İqbal Məmmədovla olan qısa dialoqunun səs-sədası insanları heyrətləndirməyə bilməz. Yeni icra başçısı Abbasovun 1 saata yaxın qapısında gözlətdirdiyi, sonra təbrik nitqinə başlar-başlamaz deputata – “Təşəkkür edirəm, amma uğurlar arzulamağınıza o dərəcə ehtiyac yoxdur. Hər halda qardaşınız Asif Məmmədovun illər öncə Şamaxıda başçı olduğu zamanlar eşşək heykəli ucaltmaq kimi “xariqələr” yarada bilməsəm də, Lerikdə yalnız Cənab Prezidentin mənə verdiyi tapşırıqları icra edəcəyəm” deyərək verdiyi cavabı dillər əzbəri olmuşdur.

• (Bu barədə bir qədər sonra ətraflı)

Deputatı qapısından kübarca qovan, əvəzində hər gün yüzlərlə sakini gecə saatlarınadək qəbul edən, kəndləri qarış-qarış gəzməyə başlayan Əkbər Abbasovun indiyədək rayonda heç bir kadr dəyişikliyi etməməsi müəyyən qədər narazılığa səbəb olmuşdu. Bu mənada yerli sakinlərin çoxsaylı çağırışlarına sosial mediada tez-tez rast gəlinirdi.

Artıq bu rayona da gözlənilən sevindirici xəbər gəldi.

Belə ki, İqbal Məmmədov və Cəlil Baxşiyevə bağlı olan vəzifəli şəxslərin işdən uzaqlaşdırılması prosesinə start verildi.

Lerik şəhər Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri və müavini, keçmiş başçının köməkçisi və sürücüsü,

Qosmalian kənd ərazi icra nümayəndəsi və müavini işdən uzaqlaşdırılmış,

10-dan çox Ərazi Dairəsi üzrə İcra nümayəndəsinə şiddətli töhmət elan edilmişdir.

Kənd təsərrüfatı mütəxəssisi olan Əkbər Abbasov görünür bar verməyən, digər ağaclara da təhlükə mənbəyinə çevrilən xəstə ağacların sanitar təmizləmə üsulunu idarəçiliyinə də tətbiq edərək əvvəlcə müavini Cəlil Baxşıyev və deputat İqbal Məmmədovun qol-budaqlarını kəsib uzaqlaşdırır.

Bütün icra nümayəndəliklərində, o cümlədən rayon icra hakimiyyətinə tabe olan digər struktur bölmələrdə aparılan yoxlama və ələmə prosesi ən qısa müddətdə yekunlaşdırılıb, daha sonra birinci müavin Cəlil Baxşiyevin işdən azad edilməsi ilə bağlı ərizə alınıb və o artıq işdən azad edilib.

Korrupsiya və digər neqativ əməllərdə adları hallandırılmayan başçının digər müavinləri Habil Məlikov və Arzu Vəliməmmədovanın vəzifələrində saxlanılacağı gözlənilir.

R.Bağırov, İ.Məmmədov və C.Baxşiyev tərəfindən illərlə rayonun abadlığına ayrılan dövlət vəsaitləri memarlıq – tikinti şöbəsi vasitəsilə mənimsənildiyindən həmin şöbənin müdiri Əflatun İbrahimov və işçisi Kənan Baxşiyevin, eləcə də qayınatası Neft şirkətində “yağlı” vəzifə tutan, özü isə Vətən müharibəsində hər iki oğlunu itirən şəhid atasının üzr videosunu çəkib, yaymaqla “məşhurlaşan” ümumi şöbənin müdiri Zamiq Əhədovun, rayonda torpaq biznesini idarə edən, şöbə müdirini belə saymayan iqtisadi məsələlər şöbəsinin müdir müavini Vüqar Mirzəyevin, işsizliyin aradan qaldırılması məqsədi ilə sosial işçilərə cəlb edilmiş vətəndaşların əmək haqqı kartlarını özündə saxlayan, hər ay yığılan vəsaiti məşhur üçlüyə çatdıran baş mühasib Asiman Tağızadənin də vəzifələrindən xaric edilməsi çox güman yaxın vaxtlarda reallaşacaq.

1-ci müavinliyə əsas namizəd İmanovlar kimdi?

Yeni ildən isə Lerik ən böyük dəyişikliklər və inkişaf dövrünə qədəm qoyması gözlənilir. Rayon icra hakimiyyətinin birinci müavin postuna maliyyə idarəsinin müdiri Hafiz İmanovun gətirilməsi gözlənilir.

O, Lerikin sayılıb-seçilən, böyük nüfuza malik olan yerli tayfalarından olan İmanovlar nəslindəndir və illərlə köhnə rejimə qarşı mübarizə aparmışdır.

Qardaşı Heybət İmanov nəslin ən parlaq nümayəndəsi olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri vəzifəsində işləyir.

Bu da başçının İmanovlara etimadını daha da gücləndirən başlıca səbəblərdən biridir. Hələ rayona rəhbər təyin edilməyə hazırlaşan Abbasovun qabaqcadan rayonda fəaliyyət göstərən xırda işçilərdən tutmuş daha yüksək vəzifələrdə çalışanlar barəsində onları illərlə tanıyırmış kimi müfəssəl məlumatlı, hər şeyə hazırlıqlı olmasında da İmanovların xüsusi rolunun olması inkar edilə bilməz.

Bu böyük nüfuzlu ailəyə yaxın mənbələr hazırda idarəetmənin Əkbər Abbasovla yanaşı İmanovların əllərində birləşdirildiyini gizlətmirlər…”.

Bunlar readsiyaya imzasiz ilə daxil olan məktubun bir hissəsidir.

Məktubun qalan hissəsi və digər məlumatları yaxın günlərdə sizə təqdim edəcəyik.

Sizin də olanlara və olacaqlara münasibətini bilmək maraqlı olardı.

Zahir Əmənov //cenub.az//

Ardı var…