Lerikdə şagirdlərin sayının yarıbayarı azalmasının səbəbləri…

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Ölkə prezidentinin sərəncamına əsasən, Cəlilabad rayonunda üç, Lerik rayonunda iki, Astara rayonunda da bir məktəb tikiləcək.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov daha dörd kənddə yeni məktəb binasına ehtiyac olduğunu söyləyir. Onun sözlərinə görə, onlar da tikilsə, məktəb problemi rayonda tam həll olunar: “Dövlət proqramında məktəblərin tikintisi nəzərdə tutulub. Lerik rayonunda 162 yaşayış məntəqəsi və 106 məktəb var. 90-dan yuxarı məktəb tikilib. Əsaslı təmir edilən məktəblər də var”.

“Altı-yeddi qəhrəman ana var idi, indi yoxdur”

O, məktəblərdə şagirdlərin sayının azalmasına da diqqət çəkir. Əlavə edir ki, 2002-ci ildə rayon məktəblərində 12 minə yaxın şagird olub: “Onların sayı yarıbayarı azalaraq 5-6 min nəfərə düşüb. Əhali Bakıya və digər şəhərlərə köçür. Həm də ailələrdə uşaqlarda azalma var. Sovet dövründə Lerik rayonunda altı-yeddi qəhrəman ana var idi, indi yoxdur. İndi ailələrdə bir-iki uşaq var”. (SSRİ dönəmində 10 və daha çox uşağı olana “qəhrəman ana” adı verilirdi)

“Dövlət uşaqpulu da vermir”

Adının çəkilməsini istəməyən bir kənd müəlliminin sözlərinə görə isə, kəndlərdə yaşayış çətinləşib. Onun vurğulamasına görə, kəndlərin bəzilərində təbii qaz yoxdur, payız və qış aylarında işıq fasilələrlə verilir: “Yaşamaq çətinləşib. Odur ki, ailədə uşağın az olmasına üstünlük verirlər. Dövlət uşaqpulu da vermir. İmkanı olanlar kəndlərdən köçürlər. Məktəb binaları pis deyil, amma qışda binaların qızdırılması problemə dönür. Yeni məktəb binasında odun sobaları qoyulur. Əvvəllər məktəbləri birləşdirirdilər, indi məktəb binası tikirlər. Başa düşmək olmur ki, nə etmək istəyirlər”.

Azərbaycanda 2006-cı ildən uşaqlara aylıq müavinətin verilməsi dayandırılıb. Bu, bəzi ailələrə ünvanlı sosial müavinətlərinin verilməsinin tətbiqi ilə izah edilib.

Müavin: “Lerikdə sovet dövründən qat-qat üstün yaşayış var”

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyir ki, kəndlərdə yaşayış yaxşılaşıb. Onun vurğulamasına görə, indi Lerikdə sovet dövründən qat-qat üstün yaşayış var: “Ailələr fikirləşir ki, iki uşağı olsa, daha yaxşı təhsil verə bilər. İndiki təhsil də yüksəkdir. Məktəblərdə müəllim çatışmazlığı olub, o problem də aradan qaldırılıb. Lerik ərazisində olan məktəblərdə dərs deyən müəllimlər yüksək əməkhaqqı alırlar. Bir oklad dərs deyən müəllim 600 manat əməkhaqqı alır. Məsafəyə görə əlavələr də olur. Bizim ən böyük problemimiz həkimin olmaması ilə bağlıdır”.

Lənkəran-Astara Regional Təhsil idarəsi yaradılıb. Həmin idarə 6 inzibati rayonu əhatə edəcək. Yeni qurum 554 məktəbi, 130 min 232 şagirdi, 122 məktəbəqədər müəssisədə isə 68 min 90 uşağı özündə birləşdirəcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsi şagirdlərin sayına görə ən böyük regional təhsil qurumudur.