“LAZIM OLAN AN GÜC TƏTBİQ EDƏCƏYİK” – “Düşməni darmadağın etmək üçün bütün imkanlarımız var”

Hit ÖLKƏ
Spread the love

“Mən Müdafiə naziri olaraq Prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad edilməsi tapşırığını yerinə yetirməyə hazır olduğunu məruzə edirəm”.

“Report”un xəbərinə görə, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov CBC-yə müsahibəsində deyib.

O, son 2 ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalmasına baxmayaraq, ordumuzun bu vaxtı boşa vermədiyini vurğulayıb:Dediyim kimi, biz bu vaxtdan öz işlərimiz üçün istifadə etdik. Digər tərəfdən, Ali Baş Komandanın son çıxışlarını hamımız dinləmişik. O deyib ki, bütün dünyada güc ön plana çıxır. Yəni biz ordumuzu gücləndiririk və biz ordumuzdan bu məsələnin həlli üçün istifadə edəcəyik.

Prezident öz çıxışlarında tamamilə dəqiqliklə bizim necə hərəkət edəcəyimizi müəyyənləşdirib. Kompleks tədbirlər: bu həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiqdir. Lazım olan anda – və o an, ümid edirəm, yaxın vaxtda gələcək – biz güc tətbiq edəcəyik. Biz bunu gizlətmirik. 

Görünür, danışıqlar prosesinə ümid hələ ki tükənməyib. Düzdür, mən danışıqlarda iştirak etmirəm, amma belə düşünürəm. Mənim qarşımda duran vəzifə hazır olmaq və istənilən vaxt döyüşə başlamaqdır”.

Zakir Həsənov daha sonra deyib: “Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilir”.

O bildirib ki, Ermənistan tərəfinin Dağlıq Qarabağın ətrafında yerləşən və hazırda işğal altında olan rayonları bufer zona hesab etməsi cəfəngiyyatdır.

“Birincisi, bu absurd bəyanatdır. İkincisi, belə deyim, biz Naxçıvan Muxtar Respublikasını da unutmamalıyıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri və qayğısı nəticəsində Naxçıvanda ən güclü ordu birləşmələri formalaşdırılıb, ayrıca Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Onların raket sistemi, reaktiv yaylım atəş sistemi mövcuddur. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi bizdə əminlik yaradır ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək”, – Müdafiə naziri əlavə edib.