Kəlbəcərli alimdən Fazil Mustafaya TUTARLI CAVAB

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love
Dünyanınsəsi.Az  xəbər verir ki,Kəlbəcərli alim ADPU-nun dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva özünün feyzbuk səhifəsində  deputata sərt cavab verib

 

“Məzunlar ona görə Kəlbəcərə təyinat yerinə gedə bilmirdilər ki, Kəlbəcərin öz məzunları tələbatı ödəyirdi. Kənar rayonlardan olan məzunlara eytiyac qalmırdı…”
28.01.2021. Moderator.az saytında “Buna görə erməninin Cermuk suyu azərbaycanının İstisuyunu həmişə üstələyirdi” yazısında Millət vəkili Fazil Mustafa yazır:-“Yevlağa, Şəkiyə, Gəncəyə təyinat almaq üçün rüşvət verən ali məktəb və ya texnikum məzunları Şuşaya, Laçına, Zəngilana, Kəlbəcərə getməyə elə də can atmırdılar. Buralara əsasən himayəsi, imkanı olmayanları göndərirdilər. Çünki buralar əhalisi kasıb olduğuna görə həkim üçün də, polis üçün də, prokuror üçün də, hətta raykom katibi üçün də pul qazanmaq üçün əlverişli yerlər sayılmırdı.”

 

Hörmətli Fazil Mustafa!
1.Siz sovet dövründə, ya da ömrünüzdə bir dəfə də olsun Kəlbəcərdə olmusunuzmu? Yəqin ki, yox. Onda Kəlbəcər əhalisinin sosial vəziyyəti barədə “kasıb” deyə, kəskin fikir söyləyə bilmərsiz. Kəlbəcərlilər yüksək dərəcədə zəhmətkeş və işgüzar insanlar idi. Hər kəsin həyətyanı torpağı, mal-qarası, toyuq-cücəsi vardı və ailəsinin eytiyaclarını öz zəhməti ilə təmin edirdi. Kişilər tikiti materiallarını rayondan özləri emal edir və evi də özləri tikirdilər. Qadınlar öz heyvanlarından emal etdikləri məhsulla xalça-palaz toxuyur, yorğan-döşək düzəldirdilər. Kəlbəcər əhalisi yalnız sənaye məhsulları almaq üçün maqazinə gedərdilər. Kəlbəcərdə yalnız bir nəfər dilənçi vardı, o da başqa rayondan gəlmişdi. Əhali ona maddi yardım edib, dolandırırdı. Kəlbəcərlilər kasıb insanları olanda, ona daima təmənnasız yardım edərdilər.

 

2. Kəlbəcərə təyinat yerinə gedən ona görə az olurdu ki, kəlbəcərlilər təhsili yarışa çevirmişdilər. Bütün valideyinlər övladının təhsil almasına çalışırdı. Orta məktəbi olmayan kəndlərin uşaqları hər gün 5-6 kilometirlik yolda qarı yara-yara Kəlbəcər şəhər məktəblərinə dərsə gəlirdilər. Qori seminariyasında təhsil alan ziyalılarımız olub. Azərbaycanın elə texnikomu, elə ali təhsil müəssisəsi olmazdı ki, orada kəlbəcərli gənclər təhsil almasın. Hər biri də seçilmiş tələbələr kimi özlərini göstərirdilər. Əksəriyyəti fərqlənmə diplomu ilə bitirirdi. Ona görə də Kəlbəcərin özünün ixtisaslı kadrlara olan eytiyacını öz məktəblərinin məzunları təmin edirdi.

 

3.Kəlbəcərin müxtəlif ixtisaslar üzrə minlərlə alimləri var. Hələ 1993-cü ildə atam İdris Verdiyev “Kəlbəcərin alim ziyalıları” adlı birinci kitabında 75 alimin haqqında məlumat toplayıb yazmışdı. Heyif ki, ikinci kitabı tamamlamağa ömrü vəfa etmədi.

 

4. Kəlbəcərdə yüksək dərəcədə əxlaqi-mədəniyyət vardı. Ağsaqqal-ağbirçək öyüdü, sözü, hökmü həyatımızın qanunu idi. Uşaqlar adət-ənənəyə tabe olur, gənclərin tərbiyəsində atalar sözləri üsul kimi istifadə edilirdi. Buna görə də cinayət halları təsadüfü hallarda baş verirdi. O da kiçik mal-qara oğurluğundan və ya dalaşmalardan ibarət olardı. Kəlbəcərdə kişi sözü mütləq idi, rüşvət verilmirdi. Kişilər verdiyi sözə kişi kimi də əməl edirdi. Kəlbəcərə prokuror və ya polis rəisi kənardan gələrdi. Polislər isə yerlilərdən olurdu və onlar da cinayətkarlarla əlbir olub əhalini soymaqla məşğul olmurdu, əhalini qorumaqla məşğul olurdu. Asayişin keşiyində dururdu. Əhali də öz polisinə hörmətlə yanaşırdı.
5. Kəlbəcərin öz həkimləri vardı. Hamısı da bir-birindən savadlı. Xəstənin əlinə deyil, xəstəliyinə baxırdılar. Gecəni gündüzə qatıb xəstələri müalicə etməklə məşğul olurdular. Sağalan xəstə istəsəydi, həkimə hədiyyə verərdi, istəməsəydi, həkim təmənna ummazdı.
Beş il Kəlbəcər mühasirədə qaldı. Cərrah Əli İsmayılov hər gün ən azı, 75-80 döyüşcünün yaralarını kəsib tikirdi. Bəzən işıq olmurdu, bəzən narkozu, dərmanları, sarğı materialları çatmırdı. Lakin o tanımadığı döyüşçülərdən təmanna güdmürdü. Sadəcə onların həyatı uğrunda mübarizə aparırdı və öz həkim missiyasını icra edirdi. Uşaq Xəstəxanasının müdiri Ələmdar Cəfərov da, uşaqları ölümün pəncəsindən alanda, anaların sevincini, uşaq təbəssümünü həyatının ən böyük mükafatı sayırdı.
6. Neçə ki, Kəlbəcərin öz yetirməsi rayona rəhbərlik edirdi, onda Kəlbəcər dövlətli bir rayon idi. Hər bir sahədə dövlətin planını artıqlaması ilə yerinə yetirirdi. Elə ki, son dövrlərdə kənardan göndərildilər. Onda rayonda kolxozlarda, sovxozlarda, müəssisələrdə talanlar başladı…

 

7. Qaldı İstisu məsləsinə. Mətndə İstisu barədə bir kəlmə də yazılmayıb. Kəlbəcərin İstisu sudoldurma zavodunun məhsulları nəinki SSRİ-də, hətta xarici ölkələrdə belə ad qazanmışdı. Zavodun direktoru Tofiq Hacıyevi zavodun fəhləsindən tutmuş, bütün Kəlbəcər əhalisi sevirdi. Qayğıkeş, zəhmətsevər və işçilərinin zəhmətini qiymətləndirib, qayğısına bir ata kimi qalan şəxsiyyət idi. Kəlbəcər İstisuyu Çexoslovakiyanın Karlovu Varı suyundan tərkibinin müalicəvi əhəmiyyətinə görə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilirdi. Böyük İstisu Sanatoriyası isə SSRİ-nin və xarici ölkə vətəndaşlarının kurort yerinə çevrilmişdi.

 

Mirvari Verdiyeva
ADPU-nun dosenti, fəlsəfə doktoru