İsraildə səfirlik açmağımız üçün “qızıl fürsət”

Manşet SİYASƏT
Spread the love

Tehranın Bakıya qarşı artan demarşları fonunda bu, cənub qonşunun özünü yığışdırması üçün adekvat gediş olardı…

Azərbaycan dövlətinin və xalqının tolerant, səbirli davranmasına rəğmən, İran bunu zəifliyimiz kimi qəbul edərək, bizə qarşı gizli-açıq düşmənçiliyini davam etdirir.

“Yeni Müsavat” bildirir ki, Vətən müharibəsindən sonra da cənub qonşumuz erməni separatçılarına hər cür dəstəyini əsirgəmir, sərhədlərimizi qanunsuz şəkildə pozaraq Xankəndinə yüklər daşıyır, öz sürücülərinə verdiyi yol sənədlərində “Stepanakert, Armeniya” yazır, kapitulyasiya aktını yerinə yetirməkdən yayınan, o sırada Zəngəzur dəhlizinin açılmasını ləngidən (dəhlizin açılması Tehranın marağına cavab vermir!) Ermənistana qucaq açmaqla onu bizə və Türkiyəyə qarşı təxribatçı mövqeyə şirnikləndirir. Hətta bizə sərhəddə “əzələ” belə nümayiş etdirir – Arazın o tayında keçirilən təlimlərlə…

Son olaylar bir daha göstərdi ki, beş barmağımızın beşini də bal edib fars rejiminin ağzına soxsaq, Tehran yenə pisliyindən qalmayacaq. Elə isə biz nəyi gözləyirik? Nədən hələ də İrana görə İsraildə öz səfirliyimizi açmırıq? Tehranın dost-qardaşı Ermənistanın İsraildə səfirliyi çoxdan var. Üstəlik, İran Ermənistanı İsraildə səfirlik açmamağa çağırmışdı, amma İrəvan bunu qulaqardı edərək bildiyini etdi. Bizsə nə vaxtadək İranın pisliklərinə yaxşılıqla cavab verəcəyik? Onlar Xankəndinə yük daşısın, erməniyə yardım etsin, biz də cənub qonşumuz inciyər deyə dost İsraildə səfirlik açmırıq. Halbuki bəzi ərəb ölkələri də İsraillə diplomatik münasibətlərini bərpa ediblər. Əsl məqam deyilmi? Bu həm də Tehrana özünü yığışdırmaq üçün növbəti mesaj olardı.

Səfər Mehdiyev Corc Diklə görüşdü - FOTO | KONKRET

Yeri gəlmişkən, srağagün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb. Bu görüş İranın demarşları fonunda diqqət çəkir. İsrail dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan diplomat iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib. Ancaq səfirliyin açılması ilə bu əlaqələr daha yüksək, strateji səviyyəyə qalxa bilər. İranın hansı reaksiyanı verməsindən asılı olmayaraq, biz diplomatik korpusumuzu qurmalıyıq. Bəs niyə yubanırıq? Azərbaycan İsraildə Ticarət Evi açdı, səfirlik nə zaman reallaşacaq? Bakı məgər nədənsə ehtiyat edirmi?

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam –  Yenicag.Az

Günel Səfərova

“Vətəndaş Tədqiqat və İnkişaf” İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, İsraildə səfirlik açılması üçün münbit şərait var. Onun sözlərinə görə, uzun müddətdir Azərbaycan tərəfi bunu reallaşdırmaq istəyir. “Lakin geosiyasi vəziyyət, həmçinin Azərbaycanın müsəlman ölkələrlə qonşuluq siyasəti bu istəyi gerçəkləşdirməyi gecikdirir. Çünki müsəlman ölkələrinin İsrailə münasibəti hər kəsə aydındır. Amma Bakının Tel-Əvivlə əlaqələrinin son dövrlər daha da yaxınlaşması səfirlik açmaq imkanlarını genişləndirir. Əlbəttə, burada İran faktorunu unutmaq olmaz. Ancaq səfirlik açmaq zamanıdır”.

G.Səfərovanın fikrincə, Ermənistan isə İsraildə səfirlik açmağa məcbur idi: “İsrailin İranla olan gərginliyi, Azərbaycanla isə dostluğunu nəzərə alsaq, İrəvan buna getməyə vadar oldu. Ümumiyyətlə, Azərbaycanın İsraillə hərbi və iqtisadi əlaqələri var, burada böyük yəhudi icması yaşayır, Milli Məclisdə yəhudi deputat var. Düşünmürəm ki, artıq səfirliyin açılması problemdir, bunu yaxın zamanlarda həll edə bilərik. Təbii ki, son zamanlar İranın ayrı-ayrı rəsmilərinin bizə münasibəti də bu prosesi sürətləndirə bilər. Azərbaycanın öz xarici siyasət kursu var və Xarici İşlər Nazirliyində edilən dəyişikliklə diplomatik sahəyə açılan baxış İsraildə səfirlik açılmasını tezləşdirə bilər”.

G.Səfərova hesab edir ki, iki ölkə arasında əməkdaşlıq ən yüksək səviyyədədir və Bakıda İsrail səfirliyi olduğu halda, Tel-Əvivdə olması çoxdan lazımdır.

Dunyaninsesi.Az