İranda etirazlar səngimir – yeni gəlişmələr

Manşet ÖLKƏ
Spread the love

İsfahandan alovlanan etirazlar siyasi fazaya qədəm qoyub, ABŞ isə Facebook, İnstaqram və Twitteri İran liderlərinin hesabını bağlamağa çağırdı; Asim Mollazadə: “İranın enerji ehtiyatlarından qazandığı vəsaitlər Orta Şərqə yox, öz xalqına xərclənməlidir”

İranda benzinin bahalaşmasına görə alovlanmış sosial etirazlar artıq siyasi fazaya keçməkdədir. Bu yaxınlarda Tehranda səfərdə olmuş və hadisələri gözləri ilə görmüş azərbaycanlılardan birinin “Yeni Müsavat”a verdiyi məlumata görə, aksiyalarda ortaya çıxan yeni faktor mövcud hakimiyyəti narahat edib.
Onun sözlərinə görə, söhbət sosial tələbli aksiyaların siyasi tələblə əvəzlənməsindən gedir. İran rejimi bunu gözləmirmiş.
Müşahidəçi danışır ki, kütləvi həbslər, nümayişçilərə güllə atmaq, habelə təxribatçıların aksiyaçıların arasına girməsi əks-effekt verməkdədir.
Aksiyaların şahidi deyir ki, çatışmayan cəhət nümayişlərin  lidersiz olmasıdır: “Hadisələr İsfahanda başlayıb Tehrana keçdi. Sonra Təbriz, Həmədan və bir çox şəhərləri bürüdü.
İnsanlar əvvəlki illərdən fərqli olaraq, açıq şəkildə rejimi ittiham edir. Qabaqlar isə sosial tələblər irəli sürülürdü və sistemin dəyişməsini açıq şəkildə bəyan etmirdilər.
Eyni zamanda insanlar sərbəst şəkildə “diktatora ölüm” şüarını səsləndirə bilirlər. İndiyə qədər belə şüar səsləndirməyib. Amma baş verənlər bir müddət zaman alacaq”.
Bu arada Birləşmiş Ştatlar sosial media nəhəngləri olan Facebook, İnstaqram və Twitteri İran hökumət liderləri ilə əlaqədar hesabları ölkədə internet tam bərpa olunana qədər bağlamağa çağırıb.
“Bu, olduqca riyakar bir rejimdir. İnterneti bağlayır, hökumət isə bütün sosial media hesablarından istifadə etməyə davam edir” – deyə, ABŞ-ın xüsusi nümayəndəsi Brayan Huk Dövlət Departmentinin Twitter səhifəsində yerləşdirilmiş müsahibədə bildirib.
İranda etirazlar ile ilgili görsel sonucu
“Buna görə də biz Facebook, Instagram və Twitter kimi sosial media şirkətlərini Ali dini rəhbər Ayətullah Əli Xameneyi, xarici işlər naziri Məhəmməd Cavad Zərif və prezident Ruhaninin hesablarını onlar öz xalqı üçün interneti bərpa etməyənə qədər bağlamağa çağırırıq”, Brayan Huk deyib.
İran hökuməti keçən həftə ərzində hökumət əleyhinə etirazların ölkəni bürüdüyü vaxt interneti tamamilə bloklamışdı. Müşahidəçilər internet əlaqəsinin son iki gündə tədricən bərpa olunduğunu bildirir.
Son 2 ildə əksər iranlı ABŞ-ın iqtisadi sanksiyaları, milli valyutada nossivasiya və genişlənən dövlət korrupsiyası ucbatından alıcılıq qabiliyyətlərinin azaldığına şahiddir.
Hökumət etirazlarda beş nəfərin öldüyünü bildirir, lakin “Amnesty International” da daxil olmaqla, beynəlxalq insan hüquqları təşkilatları 100-dən çox insanın öldüyü haqda məlumat verib.
İranın İnqilab Keşikçiləri korpusunun (SEPAH) yüksək rütbəli komandiri ədliyyə orqanlarını keçən həftə yanacaq qiymətlərinin qalxmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak edən “muzdlulara” maksimum cəza verməyə çağırıb.
“Biz Amerikaya işlədiklərini açıq şəkildə etiraf edən muzdluları ələ keçirmişik və inşallah, ölkənin ədliyyə sistemi onlara maksimum cəzalar verəcək” – Ədliyyə Nazirliyinin Mizan veb səhifəsində İranın İnqilab Keşikçiləri Korpusunun komandir müavini, kontr-admiral Əli Fədavinin açıqlamaları yerləşdirilib.
İranın dini rəhbərləri ölkədə son onilliklər ərzində ən ciddi zorakılıqlarla müşayiət olunan iğtişaşlarda sürgündə olan şəxslər və Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı kimi xarici ölkələrlə əlaqəsi olan “quldurları” günahlandırıb. Fədavi deyib ki, etirazlar zamanı bir neçə şəxs arxadan yaxın məsafədən güllə ilə vurularaq öldürülüb.
Onun bildirdiyinə görə, bu, atəş açanların insan kütlələri arasında olduğuna işarə edir. İran rəsmiləri təxminən 1000 nümayişçinin həbs edildiyini bildirib.
İranda etirazlar ile ilgili görsel sonucu
“İranda baş verən hadisələr xoşagəlməz idi. Lakin bəzi şəxslərin və xarici ölkələrin İranın daxili işinə müdaxiləsi isə daha xoşagəlməz bir hal idi”.
Bunu noyabrın 25-də İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi keçirdiyi mətbuat konfransında İranda yanacağın qiymətinin artımından sonra baş verən hadisələrə münasibət bildirərkən deyib.
O bildirib ki, rəsmi Tehran ölkədə baş verən iğtişaşlara xarici ölkələrin müdaxiləsini pisləyir.
Musəvi İran və 5+1 ölkələri arasında dekabr ayının 6-da nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı haqda müzakirələrin aparılacağını da qeyd edib.
XİN açıqlama verdiyi gün Tehranda dövləti dəstəkləmək məqsədilə kütləvi yürüş keçirilib. Yürüşdə İran parlamentinin üzvləri, tələbələr, dövlət və özəl şirkətlərdə çalışanlar iştirak edirlər. Yürüşdə “Amerika, əlini İrandan çək”, “Birliyimiz düşmənlərə cavabdır” kimi şüarlar səsləndirilir.
İran İslam Şurası Məclisinin (parlament) deputatı Seyid Cavad Hüseyni jurnalistlərə bildirib ki, İran xalqı təxribatlara uyaraq dövlətə qarşı heç bir hərəkət etməz:
“Noyabrın 16-da baş verənlər açıq-aydın şəkildə göstərdi ki, təxribat ilə İranda ictimai-siyasi sabitliyi pozmaq mümkün deyil. İran xalqı dövləti və rəhbəri ilə birlikdədir”.
Onun sözlərinə görə, İranın gücü qarşısında aciz qalan düşmən xalqı parçalamaq istəyir. Lakin İran xalqını parçalamaq olmaz”.
Mahmud Əhmədinejad ile ilgili görsel sonucu
Keçmiş prezident Mahmud Əhmədinejad isə etirazlara dəstək verib. Özünün videomüraciətində Əhmədinejad indiki prezident Həsən Ruhanini də kəskin tənqid edib. Əhmədinejad habelə İran təhükəsizlik qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional gücdən istifadə etdiyini bildirib.
Eks-prezidentin sözlərinə görə, Həsən Ruhaninin prezidentliyi dövründə (2013-cü ildən bəri) İranda korrupsiya onqat artıb, əhali isə yoxsulluğa, beynəlxalq və birtərəfli sanksiyalara düçar olub.
“Görün siz bu ölkənin başına nə oyun açdınız! Danışanı susmağa məcbur edirsiniz. Təhqir edirsiniz və alçaldırsınız”, – Əhmədinejad bildirib.
Keçmiş prezident habelə deyib ki, iranlılar dövlət orqanlarının işindən, xüsusən də Ruhaninin başçılıq etdiyi hökumətin işindən narazıdır. Və insanlar haqlı olaraq öz narazılıqlarını müxtəlif formalarda ifadə edirlər.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, İranda ciddi sosial problemlər yaranıb və baş verənlər yanacağın qiymətinə etirazdır.
Onun sözlərinə görə, etirazların tələfatla dəf edilməsi təəssüf hissi doğurur. A.Mollazadə qeyd etdi ki, İranın enerji ehtiyatlarından qazandığı vəsaitlər Orta Şərqə yox, öz xalqına xərcləməsi arzu olunur:
“Bu zaman nə Amerika, nə digər xarici qüvvələr ölkəyə müdaxilə edə bilər.  Azərbaycan isə maraqlıdır ki, qonşuluqda sabitlik olsun. Çünki inqilablar qonşulara da mənfi təsir edə bilir. Bu baxımdan İranda sosial problemlərin həll olunması vacibdir”.