İRANDA BAYRAĞIMIZA NÖVBƏTİ SAYĞISIZLIQ – “Bu, paniranistlərin xəbis, miskin xislətindən qaynaqlanır”

HADİSƏ Manşet
Spread the love

Son illərdə Azərbaycan rəsmilərinin İrana səfərlərində tez-tez bayraq qalmaqalı yaşayırıq. Sonuncu belə hadisə xarici işlər naziri Ceyhun Bayramovun qonşu ölkəyə səfəri zamanı baş verdi. Əvvəlki illərdə bir neçə dəfə şahidi olduğumuz hadisə yenidən təkrarlandı. Nazirimiz iranlı həmkarı ilə görüşü zamanı Azərbaycan bayrağının qırış olduğunu görərək, bayrağın yanında deyil önündə dayanaraq foto çəkdirib. Bu da medianın diqqətindən qaçmayıb.

Hətta belə fikirlər də dolaşır ki, Azərbaycan bayrağı ümumiyyətlə asılmayıb, C.Bayramovun sərt etirazlarından sonra tələm-tələsik qırış bayraq gətirib asıblar. Bütün bunlar da haqlı olaraq, ölkə ictimaiyyətində ciddi narazılıqla qarşılanıb, sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Belə təkliflər var ki, bundan sonra İran səfər edən rəsmilərimiz özləri ilə üçrəngli bayrağımızı da aparsınlar.

Qeyd edək ki, Cavad Zərif Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında Bəxtiyar Vahabzadənin şerindən bir parça söyləməsindən də narahat olub. Bunun İranın torpaq bütövlüyünə yönəldiyini iddia edib. Sanki Türk dünyasının lideri hansısa şeri söyləmək üçün bundan icazə almalıymış…

Politoloq Elçin Mirzəbəyli İranda bayrağımıza edilən hörmətsizliklə bağlı musavat.com-a deyib: “Allah Mirzə Ələkbər Sabirə rəhmət eləsin, zamanında çox gözəl yazıb: “Ağladıqca kişi qeyrətsiz olur. Necə ki, ağladı İran oldu”. Bu iki misranın dövlət bayrağımıza münasibətlə bağlı konkret hadisələrə aidiyyəti olmasa da, İranın siyasi hakimiyyətinin daxilindəki bəzi ultramillətçi, panfarsist, panariist dairələrin mahiyyətini əks etdirir. Belələri üzdə qətlə yetirilən günahsız müsəlmanlar üçün göz yaşları tökdüklərini nümayiş etdirir, arxada isə ultraradikal millətçi təfəkkürlə elə həmin müsəlmanları qətlə yetirənlərə, soyqırımına məruz qoyanlara dəstək verirlər. Bu adamların təfəkkürü hələ də Firdovsinin şeirlərindəki əfsanə və nağıllardan sıyrılıb çıxa bilməyib və bu səbəbdən də, hələ də 1 qəpik dəyəri və heç bir perspektivi olmayan paniranizm geosiyasi konsepsiyasının arxasınca sürünməyə davam edirlər. 

İran İslam Respublikasında keçirilən müxtəlif səviyyəli görüşlərdə Azərbaycan bayrağına olan münasibət, çox güman ki, bu ölkənin müxtəlif dövlət strukturlarındakı paniranistlərin xəbis, cılız, miskin xislətindən qaynaqlanır. Bu məsələdə, Azərbaycan diplomatlarının da müəyyən qədər məsuliyyət daşıdığını düşünürəm. İranda bilmirəm, amma bütün sivil dövlətlərdə belə məsələlərlə protokola cavabdeh olan qurumlar, yaxud şəxslər məşğul olurlar.

Nəzərə alsaq ki, Azərbaycan bayrağı ilə bağlı təxribata və sayğısızlığa yol verilməsi faktı ilk dəfə deyil ki, baş verir, o zaman Tehrandakı səfirliyimiz bu məsələ ilə bağlı daim həssaslıq nümayiş etdirməli, ən azı belə görüşlərdən öncə vəziyyəti dəyərləndirməli və çevik reaksiya verməlidir. Hesab edirəm ki, Azərbaycan diplomatları, yüksək vəzifəli məmurları İranda keçirilən görüşlərə Azərbaycan bayrağı və fars dilində onun necə asılmasını anladan, nümayiş etdirən materiallar aparmalı və təqdim etməlidirlər. Adətən Azərbaycan bayrağının yaşıl zolağının yuxarıda olmasını dini amillərlə əlaqələndirirlər. Bu da təbii ki, absurd və gülünc yanaşmadır. Bayrağın əzik bir şəkildə asılması isə sayğısızlıq kimi də qəbul edilə bilər. Ola bilsin ki, bəziləri bunu qəsdən etmirlər, səviyyələri, dünyagörüşləri bu qədərdir. Yəni belə hallarda hər faktla bağlı özünə görə dəyərləndirmə aparmaq lazımdır”.

Dünyanınsəsi.info