İran indi də güneyli soydaşlarımız arasında sorğu keçirir – Tehran rejimi başını itirib

Əsas Manşet MÜSAHİBƏ
Spread the love

Son günlər İran hökumətinin tapşırığı ilə cənubdakı azərbaycanlılar arasında videosorğular keçirilir. Həmin videomateriallarda İran azərbaycanlıları kimi təqdim olunan şəxslərin İran hökumətini dəstəklədikləri, Azərbaycan dövləti əleyhinə bəyanatlar səsləndirdikləri əks olunur.

Xatırladaq ki, günlər öncə Qarabağa humanitar və digər yüklər aparan maşınların sürücülərinin də azərbaycanlı olduqları bilindi və bu, böyük xəyal qırıqlığı yaratdı. Doğrudur, Güneydə belə soydaşlarımızın faiz belə təşkil etmədiklərinə inamımız tamdır. Amma istər-istəməz üzə çıxan belə faktlar könlümüzü bulandırmaya bilmir və bəzi suallar yaradır.

Belə faktlar Güney Azərbaycan ideyasını kölgələmir ki? Ümidsizlik yaratmaq üçün əsas ola bilərmi? Ona qalsa, məsələn,  1985-ci ildə biz də sovet dövləti üçün özümüzü fəda edirdik. Soveti dövlətimiz, SSRİ-ni vətənimiz bilirdik. 3 il sonra SSRİ-ni azərbaycanlıların tətilləri sarsıtdı, axırda da sovet hökumətinin yıxılmasında əsas aparıcı qüvvə olduq. Bu məntiqi ardıcıllıqla yanaşdıqda, İran hökuməti orada yaşayan bəzi azərbaycanlıların bəyanatına ümid edib, bizimlə oynamasın. Bir sözlə, üç ildən sonra cənubumuzda da belə proseslərin yaşanmasına kimsə zəmanət verə bilməz…

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yaranan sualları “Yeni Müsavat”da belə cavabladı: “Mən tarixi ekskursiyaların tərəfdarı deyiləm. Təbii ki, tarixi fakt kimi 80-cı illərin sonlarında baş verənləri əsas götürməliyik. Burada digər faktorlar da var. İndi bir şey bəllidir. Siz qeyd etdiyiniz sorğularla bizə göstərmək istəyirlər ki, guya İranın siyasətinə əhali dəstək verir. Hesab edirəm ki, bu onu göstərir ki, İran rəhbərliyində ideoloji işlə məşğul olan adamlarda şübhələr var. Onların seçdiyi siyasi istiqamətin azərbaycanlıların əksəriyyəti tərəfindən qəbul olunmayacağını yaxşı başa düşürlər. İstisna etmirəm ki, digər etnik təbəqələr də buna qarşı çıxacaq. Çünki faktiki olaraq İranın bəzi radikal dairələri qarşılarına məqsəd qoyublar ki, yeni bir münaqişə yaratsınlar. Təbii ki, İran vətəndaşları bu mövzuya şübhə ilə yanaşacaqlar. Bu baxımdan hesab edirəm ki, bütün bunlar belə bir təbliğatın mövcud olduğunu göstərir. Orada təkcə azərbaycanlılar deyil, digər qruplar da Azərbaycanla münasibətlərin gərginləşməsini istəmirlər. Buna qarşı da artıq təbliğat aparmaq istəyirlər.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “İranın bəzi radikal dairələri qarşılarına məqsəd qoyublar ki, yeni bir münaqişə yaratsınlar”

Bir sıra mövzular ortalığa atılır. Guya burada sionistlər var. Dəfələrlə qeyd etmişəm ki, onların hərbçiləri Suriyada mövcuddur. Orada isə Suriyanın İsraillə sərhədi var. İndi orada sionistləri tapa bilmirlər, gəlib burada 500 kilometrlikdə sionistləri axtarırlar. Bunlar gülməli bəhanələrdir. Sionist Ermənistana kömək etmək istəyirlər, amma yadlarından çıxıb ki, bu işğalçı dövlət KTMT-nin üzvüdür, onun sərhədini rus sərhədçiləri qoruyur. Hazırda cənub qonşumuzun daxilində çox mürəkkəb proseslər gedir. Siz dediyiniz yeniliklər onu göstərir ki, birinci insanların inanması üçün səbəbi göstərməlisən. İkinci isə bu şüar altında insanlar inanıb dəstək verməlidir. Açığı, inanmıram ki, burada əldə uğurlu nəticələr qazanılsın. İnsanlar yaxşı başa düşür ki, göstərilən səbəblər əsassızdır. Bir müddətdən sonra İran rəhbərliyində olan radikal dairələr başa düşəcək ki, onların həmləsi əsassızdır və bu, İranın özünə də xeyir gətirən deyil”.

Sabiq nazir fikirlərinə bu cür davam etdi: “Bir hakimiyyət insanların istəklərini öz siyasətində ifadə edirsə, o hakimiyyət güclü olur. Əks halda, insanların istəklərinə zidd gedirsə, istər üç il, istərsə də üç gündən sonra özü üçün təhlükə yaradır. Bu, təkcə İran hakimiyyətinə deyil, bütün siyasi sistemlərə aiddir. Bir daha o fikirlərə qayıtmaq istəyirəm ki, bu süni, cəfəng yaradılan böhran cənub qonşumuzun özünə və onun arxasında dayanan dairələrə xeyir gətirən deyil”.

Akif Nağı — Vikipediya

Akif Nağı: “Bunun yaxşı nəticəsi olmayacaq, biz soydaşlarımızı…”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bunun nəticələrinin heç də yaxşı olmayacağını qeyd etdi: “Mən dəfələrlə demişəm ki, İranla münasibətdə orada yaşayan milyonlarla Azərbaycan türkünü nəzərə almalıyıq. Onların alətə çevrilməsinə imkan verməməliyik. İranın dövlət maraqlarına uyğun hərəkət etməyə çalışır, bunun üçün isə bəzən oradakı soydaşlarımızı bizə qarşı çevirir. Bunun yaxşı nəticəsi olmayacaq, biz soydaşlarımızı pis vəziyyətdə qoymaqdan çəkinməliyik. İranın indiki siyasəti yanlışdır, Azərbaycanla qarşıdurmaya gedirlər. Bu, onların maraqlarına cavab vermir. Həmin dövlət həm də azərbaycanlıların dövlətidir. Bunu yaddan çıxarmamalıyıq. Bu dövlətin rəhbərlərini səbirlə başa salmalıyıq ki, onlar üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə birlikdə olmaqdır. Əlbəttə, başa düşməsələr, Azərbaycan da öz maraqlarını istənilən vasitələrlə müdafiə edəcəkdir. Azərbaycan bölgənin qalib dövlətidir. Bunu hər kəs, o cümlədən Ermənistan da artıq başa düşür. İranın da bu yeni reallığı qəbul etməsi öz xeyirlərinə olacaq. Azərbaycan İranla bizləri ayıran yox, birləşdirən ortaq dəyərlərə, nöqtələrə üstünlük verməlidir. Bu, hər iki tərəfin xeyrinə olacaq”.

Dunyaninsesi.Az