“İran dağılır, vəziyyətdən çıxış üçün müharibəyə girməlidir”

Əsas Manşet MÜSAHİBƏ
Spread the love

Sabiq təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilov İranda molla rejiminə qarşı müşahidə edilən kütləvi etirazlar, bu hərakat fonunda Güney Azərbaycan türklərinin milli hüquqları və planları mövzusunda Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Firudin müəllim, artıq iki aya yaxındır ki, İranda rejimə qarşı kəskin etirazlar yaşanır və bu, insan ölümü ilə müşayiət olunur. Qonşu İranda yaşanan bu olayları necə qiymətləndirirsiniz?

– İranın yaxın 10 illik tarixində dəfələrlə aksiyalar, mitinqlər və etirazlar olub. Həmin etirazlar həmişə daha çox iqtisadiyyat, bahalaşma, milli valyutanın ucuzlaşması, yanacağın bahalaşması fonunda yaşanıb. Ancaq indi ilk dəfədir ki, İran adlanan ölkənin bütün əyalətlərində insanlar rejimə qarşı üsyana qalxıb, hüquqlarını tələb edirlər. İş ondadır ki, molla rejimi insanlardan kəskin narazılıq yaradır, bu rejimin tətbiq etdiyi şərtlər daxilində insan kimi yaşamaq artıq mümkünsüz hala gəlib. Beləcə Məhsa Əmini adlı gənc qızın polis tərəfindən saxlanılması, daha sonra işgəncələr nəticəsində vəfat etməsi insanlar üçün qığılcım rolunu oynayıb. Beləcə insanlar ayaqlanıb və artıq aylardır ki, etiraz dalğası səngimir. Belə davam etsə, molla rejimi buna tab gətirə bilməyəcək və sonu gələcək. Bəli, rejim bütün gücünü qoyub, təhlükəsizlik qüvvələri, tank-topla və silahla vətəndaşlarını qıra bilməz. Çünki bu halda dünya dövlətlərinin də sözü olacaq. Odur ki, rejimin sonu artıq görünməyə başlayır. İndiyə qədər uçurumun kənarına gəlmişdi, amma indi artıq növbəti addım uçurumdur. Əlbəttə, bu prosesin nə ilə nəticələnəcəyini proqnoz etmək çətindir. Nəzərə almaq lazımdır ki, İranla bağlı böyük mərkəzlərin də müəyyən planları var. Biz bu planların bəzilərini bilsək də, bəzilərindən xəbərsizik. İran rejimi özünü qorumaq üçün 30-40 ildir ki, ətrafında olan ölkələrlə düşmənçilik edir. Məsələn, Ermənistanı çıxmaq şərti ilə ətraf ölkələrlə İran rejimi arasında münasibətlər gərgindir. Özü də bu düşmənçiliyi çalışıb ölkədən kənara çıxarır. Məsələn, onun hazırladığı qruplar Suriyada, Fələstində, Yəməndə, Liviyada və digər ölkələrdə iş aparır, döyüşür. Bu ssenarilər əsasında rejim uzun illər özünü saxlaya və qoruya bilib, amma indi bunun da sonu gəlməkdədir. Məni bu nöqtədə daha çox maraqlandıran Güney Azərbaycan, oradakı soydaşlarımız, onların davranışı və niyyətləridir.

– Siz Cənubi Azərbaycandakı soydaşlarımızın ümumi İran etirazları fonunda milli planları haqqında nə düşünürsünüz?

– Güney məsələsi çox mürəkkəbdir, səbəb odur ki, İrandakı soydaşlarımız səpələnmiş formada yaşayırlar. Düzdür, ən çox sıx yaşadıqları bizim Güney Azərbaycan dediyimiz bölgədir. Amma nəzərə almaq vacibdir ki, soydaşlarımız İran adlanan ölkənin bütün əyalətlərində yaşayır. Tehran az qala İstanbuldan sonra ikinci böyük şəhərdir ki, orada yeddi milyona yaxın türk yaşayır. Yəni soydaşlarımız körfəzə qədər səpələnib. Eləcə də Qaşqaylar da azərbaycanlıdır, bizimlə eyni dildə danışırlar. Yalnız Türkmənistana yaxın ərazilərdə türkmənlər var. Xorasanda, Məşəddə və digər bölgələrdə azərbaycan türkləri yaşayır. Bu, məsələni bir qədər mürəkkəbləşdirir. Əgər, azərbaycan türkləri Güney Azərbaycan adlandırdığımız konkret coğrafiyada yaşasaydı məsələnin həlli daha rahat olardı. Yəni Azərbaycan ayrılıb özünə müstəqil dövlət qura bilərdi, amma onlar bütövlükdə İrana yayıldığı üçün bir qədər çətinlik sezilir. Bu baxımdan molla rejimindən sonra nəyin qurulacağını təxmin etmək çətindir. Həm də nəzərə almalıyıq ki, bəzi böyük dövlətlərin siyasi mətbəxtində nəyin hazırlandığını bilmirik. Sadəcə hadisələrin gedişatını dəqiq izlədiyimizdən onu deyə bilərik ki, İran rejimi dşüdüyü çuxurdan çıxmaq üçün mütləq qonşularından biri ilə müharibəyə başlamalıdır. Mən çox təhlil apardıqdan sonra belə qənaətə gəldim ki, İran Azərbaycanla müharibə apara bilməz. Səbəb sadədir. Əgər bizimlə müharibəyə başlasa Quzey Azərbaycan və Türkiyə birlikdə rejimin başını üzəcək. Bunu Tehranda anlayırlar. Yəni İran elitası durumdan çıxmaq üçün istədiyini Azərbaycana qarşı həyata keçirə bilməz. Ya Əfqanıstan, ya ərəb ölkələri, ya da İraqdakı kürdlərlə qarşıdurmaya getməlidir. Başqa seçimləri qalmayıb.

– Bu gün səhər saatlarında İran ordusu artilleriya və dronlarla Şimali İraq Kürd Muxtariyyətinin ərazisində yerləşən İran Kürd Partiyasının qərargahını vurub…

– Bəli, görürsünüzmü, dediklərimlə üst-üstə düşür. İranın başqa yolu qalmır. Diqqəti daxildən yayındırmaq, eləcə də daxili diqqəti kənara istiqamətləndirmək, əhalini kənar düşmənə qarşı fokuslaşdırmaq məqsədilə müharibəyə getməlidir. Çox güman ki, İran rəhbərliyi də müəyyən şeyləri ölçüb-biçir. Konkret olaraq Şimali İraq ona görə hədəfə gətirilib ki, həmin ərazidən İrana qarşı real təhdid var. Çünki orada yaşayan kürdlər PKK, PEJAK və digər qüvvələrə yaxındır, silahlıdır. Bəli, İraqda onların silahlı dəstələri var və İranda olan kürdləri silahlandıra bilərlər. Bu mənada İran öz maraqları baxımından hədəfini düzgün seçib. Hər halda bütün soydaşlarımızın bu bəladan itkisiz çıxmasını istəyirik. Bununla paralel olaraq İran rejiminin əsas dayağı olan SEPAH ordusu Güney Azərbaycanda hərəkətə başlasa, Azərbaycan və Türkiyə prosesə müdaxilə etməlidir. Mən hesab edirəm ki, əsas hadisələr hələ qabaqdadır, hazırda proseslər mürəkkəb formada inkişaf edir. Bizim üçün vacibi soydaşlarımızdır. Əlbəttə, onlar da öz məqsəd və məramlarını doğru-dürüst qiymətləndirməlidir.

– Beynəlxalq güclərin İranla bağlı hər hansı siyasi proyekti varmı, əgər varsa, nələr nəzərdə tutulur?

– ABŞ və NATO-nun on illər qabaq bir planı mövcud idi, bunun mahiyyətində İranı parçalamaq, eləcə də Güney və Quzey Azərbaycanı birləşdirmək dururdu. Amma bu planın yanında bir kürd dövləti də yaratmaq niyyəti dururdu. Bu plana görə, həmin kürd dövləti Azərbaycan və Türkiyə arasında zolaq təşkil etməli idi. Necə ki, indiyə qədər bu zolağı Ermənistan dövləti yerinə yetirir. Ancaq indi belə bir planı gerçəkləşdirmək mümkünsüzdür, çünki Türkiyə hazırda bölgənin ən güclü ordusuna malik dövlətdir, üstəlik arxasında Azərbaycan var, aşağıda Pakistan dayanıb. Yaxşı oldu ki, İsraillə də əlaqələr düzəlib. Odur ki, ABŞ və NATO-nun məlum planı gerçəkləşə bilməz.

– Hazırda müstəqil Azərbaycan dövlətində İrandakı etirazlar və soydaşlarımızla bağlı mövzu çox aktualdır, bu barədə hamı danışır, fikirlərini deyir. Buradakı fəallıq Güney Azərbaycandakı soydaşlarımıza hansı formada təsirlər göstərir?

– Bunun böyük təsiri var, onlar bizdən çox şey umurlar. 200 ildir bizdən ayrı düşüblər. Onlar 40 milyon olsa da, biz 10 milyonluq Azərbaycan türkünün dövləti var. Onların ana dilində nəinki məktəb və universitetləri, heç baxçaları belə yoxdur. Odur ki, bizdən çox umurlar və bunda haqlıdırlar. Həm də tarixdə müəyyən olaylar olub ki, onları heç vaxt unutmamalıyıq. Məsələn, Seyid Cəfər Pişəvəri hərəkatı zamanı orada qardaşlarımız cümhuriyyət qurdu. Ancaq sonradan ABŞ-ın təzyiqi və Rusiyanın fəaliyyəti nəticəsində demokratik dövlət dağıdıldı və fars şovinistləri gəlib Təbrizdə böyük qırğınlar törətdi. O zaman arada sərhəd olsa da, əslində güneyli, quzeyli vahid idi. Həm də o vaxt güneydə demokratik respublika qurulsa da, əsas işləri aparanlar Quzey Azərbaycandan getmişdilər. Alimlər, həkimlər, keçmiş zabitlər, jurnalistlər və s. Yəni əslində birlik yaranırdı, qısa müddətli birgə tarixdə yaşayırdıq. Bu baxımdan Güney Azərbaycandakı soydaşlarımız bizdən çox şey umurlar. Hörmətli Prezidentin Səmərqənddə çıxış edib bir neçə cümlə işlətməsi Güney Azərbaycana böyük ruh verdi, Azərbaycan şəhərlərində Prezidentin fotolarını divarlardan asırlar. Bir daha vurğulayım ki, onlar bizdən umurlar və bizim də borcumuzdur ki, onlara mənəvi, maddi və zamanı gələndə hərbi köməklik edək. Bu baxımdan İranda gedən proseslər diqqətlə izlənməlidir.


Müəllif: Nemət Orucov