İrəvanın Zəngəzur “sancısı” – Azərbaycanla sülhü əngəlləməklə Ermənistan öz ayağının altını qazıyır!

Əsas Manşet SİYASƏT
Spread the love

Böyük Sülh Sazişindən qaçmağın bədəli yenə müharibə olacaq! Sülhə məcburetmə əməliyyatları isə bu dəfə Ermənistan ərazisində gedəcək; erməni politoloq: “Bakı buna hüquqi zəmin hazırlayır…”

Azərbaycanın Vətən müharibəsinə vəsilə olan Tovuz döyüşlərinin birinci ildönümü günlərini yaşayırıq. Təəssüf ki, üstündən bunca zaman ötsə də, İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanın başı yaxşıca əzilsə də, Tovuz və digər istiqamətlərdən yenə sərhəd postlarımız, yaşayış məntəqələrimiz qarşı tərəfdən atəşə tutulur, yaralılarımız var.

Əsas səbəb odur ki, kapitulyasiyadan 8 ay keçsə də Ermənistan, yəni onun iqtidarı, müxalifəti, bütövılükdə siyasi elitası, toplumu, mediası israrla yeni gerçəyi qəbul eləmək, Ermənistanı xilas yoluna çıxaracaq Azərbaycanla böyük sülh müqaviləsini yaxına buraxmaq istəmir. Tək-tük pozitiv siqnallar istisna olmaqla. Yenə havada biz tərəfə yumruq silkələyirlər, “Dəmir yumruğ”un nə olduğunu bilə-bilə.

Söhbət yalnızca qarşı tərəfdən səslənən revanşist, müharibə çağırışları, yaxud Qarabağ anklavında qalmış erməniləri təzədən silahlandırmaq cəhdlərindən getmir. Siyasi müşahidəçilərin qeyd elədikləri kimi, həm də ondan gedir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina barədə hələ heç bir açıqlama verməyib. Erməni tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı komissiyanın yaradılmasına da razı olmur. Həmçinin ölkəmizə qarşı ərazi iddialarını əks etdirən qanunvericilik aktları və qərarları, o sırada Ermənistan parlamentinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda 1991-ci il 1 dekabr qərarı hələ də qüvvədə qalır, Ermənistanın gerbində (“Ararat” simvolu), konstitusiyasında Türkiyəyə, Azərbaycana qarşı ərazi iddialarından xəbər verən neçə-neçə maddələr var…

*****

Şübhə yox ki, Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımamaqla avtomatik olaraq öz ərazi bütövlüyünü də şübhə altına qoymuş olur. Ən absurdu odur ki, neçə vaxtdır rəsmi İrəvan, bütövlükdə erməni siyasi elitası dil boğaza qoymadan, misilsiz sırtıqlıqla beynəlxalq hüquqdan dəm vurur, Ermənistanın ərazi bütövlüyünün, sərhədlərinin təhlükə altında olması haqda haray-həşir salır, Rusiyadan tutmuş, Qərbə kimi hamını köməyə, “Azərbaycanı cilovlamağa” çağırır, yalvarır. Ancaq buradan-bura Bakının, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanımasına əsaslanan sülh müqaviləsi imzalamaq təkliflərini rədd edir.

Demək, hədəf – Ermənistanın ərazi bütövlüyündən qat-qat çox, Azərbaycanın azad elədiyi qanuni və halal torpaqlarını təzədən işğal eləməkdir. Ölkəmizə qarşı əsassız ərazi iddialarını beynəlxalq birliyin, iri xristian dövlətlərin dəstəyi ilə davam etdirməkdir. Nahaq yerə Ermənistanda belə bir deyim populyar deyil ki: “Artsax yoxsa, Ermənistan da yoxdur, olmayacaq”. Yəni yenə köhnə bayatılar, “miatsum” mərəzi, “dənizdən-dənizə böyük Ermənistan”, “Kürdən Araza ölkə” hoqqabazğlığı, yenə maniakal iddialar, haramın əldən çıxmasına görə keçirilən oğru xiffəti.

Madam belədir, o zaman Ermənistanda gərək bunu da unutmasınlar ki, hazırkı Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş və dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ və ermənipərəst Fransa tərəfindən tanınmış AXC-nin hüquqi varisidir. Bu isə o anlama gəlir ki, bizim nəinki sovet rejiminin Ermənistana peşkəş elədiyi Qərbi Zəngəzur bölgəsinə, eləcə də Göyçə (Sevan) gölü və ətrafına, İrəvana qanuni və haqlı iddialarımız istənilən an beynəlxalq gündəmə gətirilə bilər. Çünki Azərbaycan SSRİ tərkibinə rəsmən həmin ərazilərlə birgə – 110 min kv km-lə girib (daha doğrusu, zorla daxil edilib), çıxanda isə (1991) cəmi 89.9 min kv km-lə çıxıb. Aradakı fərq məhz həmin bizdən qoparılan torpaqlardır.

*****

Gerçəyi əslində erməni tarixçiləri də yaxşı bilir. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda yaşanan təlaş, güclənən “qarın ağrısı” məhz bu dərkin təzahürüdür. Bu da növbəti dəlil.

Zəngəzur dəhlizi açılmasa, Laçın koridoru və… - Müsahibə | No Comment

“Azərbaycanlılar beynəlxalq aləmdə ”Zəngəzur dəhlizi” anlayışını təbliğ edir və irəli aparırlar, hansı ki, artıq beynəlxalq sənədlərə daxil edilir. Təsadüfi deyil ki, indi yeni bir rayon – Şərqi Zəngəzur da mövcuddur. Aydın məsələdir ki, bununla Azərbaycan tərəfi ərazi iddiası üçün hüquqi zəmin yaradır”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan öz Facebook səhifəsində yazıb.

Степан Даниелян: Нужно отравить все реки, идущие в Азербайджан, и разнести  отходы атомной электростанции в Карабахе | 1news.az | Новости

Stepan Danielyan

Onun sözlərinə görə, coğrafi adlar uğrunda mübarizə böyük siyasətin tərkib hissəsidir və ərazi iddialarının əsasını təşkil edir. “Bir çox nümunələr var: Fars Körfəzi-Ərəb Körfəzi. Siz bir iranlıya ”Ərəb Körfəzi” haqqında danışsanız, onun düşməni olacaqsınız. Və ya Yunanıstan Makedoniya adına qarşıdır, çünki ölkənin şimalında eyni adda bölgə var. Azərbaycanlılar beynəlxalq aləmdə artıq beynəlxalq sənədlərə daxil olan “Zəngəzur dəhlizi” adını təbliğ edir və irəli aparır. Təsadüfi deyil ki, artıq yeni bir bölgə – Şərqi Zəngəzur mövcuddur. Aydındır ki, bununla ərazi iddiası üçün hüquqi zəmin yaradılır”, – deyə o qeyd edib.

Danielyanınn fikrincə, ən maraqlısı odur ki, erməni mətbuatı və Nikol Paşinyanın “Mülki Müqavilə” bloku bu addan istifadə edir: “Əgər Ermənistan hər hansı sənədin altına Sünik adı əvəzinə belə bir ada imza atarsa, o zaman səmimi şəkildə maraqlanmaq lazımdır ki, hakimiyyət bunun müqabilində Əliyevdən nə qədər pul alıb”, – deyə o iddia edib.

*****

Belə düşüncədə olan, məğlub Ermənistan üçün yeganə qurtuluş yolunun qonşu ölkələrlə dinc-yanaşı, onlara qarşı heç bir torpaq iddiası irəli sürmədən yaşamaq olduğunu dərk etməyən “ekspertlər” az deyil. Belə görünür, bunlara 44 günlük müharibədə aldıqları sarsıdıcı zərbə dərs olmayıb.

Eldar Namazov biznesindən danışdı: “Bu şirkətin heç bir fəaliyyəti olmayıb”

Eldar Namazov

Politoloq Eldar Namazovun da vurğuladığı kimi, əslində son parlament seçkilərində erməni xalqının cəmi 25%-i sülhə səs verib, çünki Nikol Paşinyanın aldığı 54% səs seçkiyə gələn 49.6% əhalinin faizidir. Yerdə qalan 75% əhali ya hələ də gizli “miatsum” (müharibə) tərəfdarı olaraq qalır, ya da bunu açıq büruzə verməyə hələ ki ehtiyat edir.

Odur ki, böyük sülh sazişi imzalananadək ayıq-sayıqlığımızı əldən verməməli, “Dəmir yumruğu” daim saz vəziyyətdə saxlamalıyıq. Çünki erməni tərəfdən sülhü ləngitmənin, Azərbaycanla böyük sülh müqaviləsindən imtinanın bircə adı ola bilər – müharibə! Bunun mükafatı, bədəli qarşı tərəf üçün daha ağır olacaq və döyüş əməliyyatları bu dəfə Ermənistanın öz ərazisində gedəcək! Sülhə məcburetmə əməliyyatları…

Dünyanınsəsi.Az