“İRƏVANDA SİYASİ DEYİL, TARİXİ PROSESLƏR BAŞ VERİR” – “Türkiyə Cənubi Qafqaza güclü oyuncu kimi qayıtdı”

Əsas Manşet MÜSAHİBƏ
Spread the love

Ermənistanda Baş nazir Nikol Paşinyanı devirmək mümkün olmadı. Hadisələrin axarı göstərdi ki, 44 günlük müharibədə məğlub olmasına baxmayaraq Nikol Paşinyan ölkə daxilində elektorat baxımından böyük dəstəyə malik yeganə fiqurdur. Rusiyadan dəstək alan siyasi qüvvələrin, daha sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının tələblərinə boyun əyməyən indiki erməni hökumətinin gələcəkdə hansı addımlar atcağı da maraq kəsb edir.

“AzPolitika.info” mövzu ətrafında Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Azərbaycan ofisinin sabiq icraçı direktoru, şərqşünas alim Fərda Əsədovla müzakirə aparıb.

Müsahibəni təqdim edirik:

– Fərda müəllim, Ermənistanda hərbi-siyasi vəziyyət həddən artıq gərgindir. Hərbi müxalifətlə siyasi müxalifət faktiki birləşərək Nikol Paşinyanı devirməyə cəhdlər etsələr də, nəticə əldə edə bilmirlər. İrəvanda baş verən siyasi prosesləri necə qiymətləndirirsiniz?

– Ermənistan kiçik ölkədir, iqtisadi potensialı çox aşağıdır. Acı məğlubiyyətdən sonra dərin tənəzzülə düşsə də, orada baş verən proseslər, məncə, nəinki regional, hətta tarixi baxımdan əhəmiyyətli prosesdir. Biz 1828-ci ildən bu yana olan vəziyyətin tarixi baxımdan yenilənməsini müşahidə edirik. Bu, təkcə Ermənistanda baş verən hadisələr deyil, ilk növbədə Cənubi Qafqaza Türkiyənin qayıdışı deməkdir. XX əsrin əvvəllərinə, daha doğrusu 1918-1920-ci il hadisələrinə baxsaq görərik ki, Türkiyə Cənubi Qafqazda siyasətin formalaşmasında iştirak edirdi. Lakin bu iştirakçılıq müəyyən qədər zəif və məğlub olan oyunçunun iştirakı idi. Başqa sözlə, Türkiyə Birinci Dünya Müharibəsində məğlub olmuşdu, daxildə çəkişmələr müşahidə olunurdu. Sonrakı dövrlərdə Türkiyənin sovet Rusiyasından asılılığı çox idi. İndi isə, tam əksinə, Türkiyə Cənubi Qafqaza güclü oyunçu kimi daxil olur. Deyərdim ki, daha çox Rusiyanın Türkiyə ilə sıx münasibət qurmasına ehtiyacı var. Bu, Ermənistan məsələsində böyük bir tarixi dönəmin zərurətini göstərir. Deyərdim ki, Ermənistanda baş verənlər təkcə daxili siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi deyil. Əlbəttə, bəzi siyasi şərhçilər müşahidə olunan prosesi daxili siyasi mübarizə kimi qiymətləndirir. Qeyd edirlər ki, Paşinyanın tərəfdarları var, əks cəbhədə duran qüvvələrin fəaliyyəti var, onlar arasında güc fərqi tərs mütənasibdir və s. Mən deyərdim ki, Ermənistanın tarixi taleyinin həlli üçün müxtəlif inkişaf modelləri bir-birilə toqquşur. Biz Paşinyanı nə Türkiyənin dostu, nə də Azərbaycanın müttəfiqi saya bilərik. Amma biz, həm də görürük ki, Paşinyan bir qədər fərqli fiqurdur.

Məsələn, mən Paşinyanın 2000-ci illərin ortalarındakı məqalələrinə nəzər saldım. Çünki tarixçi kimi mənə Nikol Paşinyanın tarixi məsələlərə münasibəti maraqlı gəlirdi. Onun bir neçə məqaləsində Ermənistan tarixinə yeni baxış özünü göstərirdi. Məsələn, “böyük Tiqran”, “böyük Ermənistan” imperiyası kimi məsələlərə çox tənqidi yanaşır, deyirdi ki, bəsdirin, biz bunları ilahiləşdirdik. Əlavə edirdi ki, Ermənistan tarixində bizim üçün şərəf gətirən o qədər də maraqlı hadisələr olmayıb. Əksinə, biz onlara tənqidi gözlə yanaşmağa öyrəşməliyik və s. Amma qəribədir ki, sonradan nədənsə onun siyasəti qanlı müharibəyə gətirib çıxardı. Məncə, bu Paşinyana böyük dərs oldu və erməni xalqı da ciddi reallıqla qarşılaşmalı oldu. İndi bundan nəticə çıxarmaq Cənubi Qafqazda yeni siyasət və mədəniyyət qurmaq imkanı yaradır. Əgər Ermənistanda sağlamlaşma üçün cüzi müşahidələr görünürsə və bu yenilik güclənərsə, bu, həqiqətən də tarixi dönüş olacaq. Çünki bu artıq regional səviyyədə təhlükəsizlik sisteminin qurulması deməkdir. Xaricdən, bilavasitə Rusiyanın təsiri ilə təhlükəsizlik məsələlərinin ondan asılılığı xeyli zəifləyir. Zəiflədikcə də regional əməkdaşlıq məsələləri ortaya çıxır. Nəticədə biz görəcəyik ki, gündəmə Ermənistanla Türkiyə münasibətlərinin normallaşması məsələsi gələcək. Biz, bu haqda mesajlar da gördük. Hətta bizim Azərbaycan rəhbərliyi tərəfindən. Məncə, bizlər bunu zəif tendensiya kimi görsək də, Ermənistanda baş verən hadisələr bəlkə də bu tendensiyanın güclənməsi üçün əsas yaradır. Düşünürəm ki, bu optimist nəzər kimi qiymətləndirilə bilər. Belə olarsa, əlbəttə, hamımız qazanmış olarıq.

– 10 noyabr sazişindən sonra Paşinyanı devirmək üçün 17 partiya birləşdi, onlar küçələrə çıxdı, lakin nəticə əldə edilmədi. Fevralın 25-dən başlayaraq erməni ordusunun rəhbərliyi Paşinyana qarşı çıxışlara və tələblər irəli sürməyə başladı. Bu proses idarə olunur, yoxsa təsadüfi reallıqdır?

– Doğrusu, bunun nə qədər idarə olunan olduğunu deyə bilmərəm. Əgər idarə olunursa bizim gördüyümüz budur ki, hələki konkret nəticəyə yönəlik proses deyil. Biz bilmirik ki, hərbçilərin məqsədi nədir. Eləcə də müxalifətin proqramı nədir, onlar hansı xətti tutacaqlar. Elə ona görə hamı düşünür ki, burada sadəcə hakimiyyət uğrunda mübarizə gedir. Ancaq mən dediyim dərin qatlarda gedən proses nədən xəbər verir? Ermənistan cəmiyyətində ehtimal ki, qütbləşmə gedir. Hansısa yeni milli kimlik və şüur gerçəklikləri yaranmaqdadır. Mənin qənaətimcə, hərbçilər də yaxşı başa düşürlər ki, Paşinyanın arxasında xeyli seçici qüvvəsi, dəstək var. Sözsüz ki, biz Rusiya kanallarından aldığımız məlumatları mütləq həqiqət kimi qəbul etməməliyik. Yəqin ki, Paşinyanın arxasında kütlə marağı var. İndiki şərtlər daxilində bu kütlə marağına qarşı çıxmağa və zorakı addımlara getməyə heç kimin cəsarəti çatmaz. Biz arzu edərdik və erməni xalqı da yəqin bunun marağındadır ki, proseslər sülh və yenilik gətirən siyasi xətt üzərində inkişaf etsin.

– Nikol Paşinyan 44 günlük müharibədə məğlub oldu, sənəd imzaladı, Azərbaycan işğal olunan ərazilərinin əksəriyyətini geri qaytardı. Amma erməni xalqı məğlub olan Paşinyanın arxasındadır, ona dəstək verir. Sizcə, niyə?

– Erməni cəmiyyəti və dövlətində iqtisadi böhran çoxdandır müşahidə olunur. Orada nə maliyyə, nə iqtisadi imkanlar, nə də təsəlli gətirən beynəlxalq layihələrə qatılmaq imkanları müşahidə edilmir. Xaricə böyük kütlə axını müşahidə edilir. Artıq orada gerçəklikləri nəzərə alan mövqe formalaşır. Görünən budur ki, orada söhbət Qarabağ məsələsindən getmir, Ermənistanın gələcəyindən, özünün aqibətindən gedir. Yeri gəlmişkən, unutduğum hansısa müzakirələrdə “Mosfilm”in direktoru Karen Şahnazarov qeyd edirdi ki, bir dövr gəlib ki, Ermənistan öz qonşuları ilə yeni siyasət qurulması haqda düşünməlidir.

Ortada başqa bir məqam da var. Yoxsul bir ölkədə bu qədər hərbi xərclərin olması və korrupsiya nəticəsində məğlubiyyət qarşısında durmaqları artıq erməni seçicisi üçün əvvəlki qüvvələrə etimad göstərilməsinin mümkünsüzlüyünü ortaya qoyur. Bu onları yeganə aydın olan siyasi xəttin – korrupsiya içində batan qüvvələrə qarşı duran Paşinyanın arxasında olmağa təhrik edir. Həm də məğlubiyyət nəticəsində itirdikləri başqa bir ölkənin əraziləri oldu. Əgər belədirsə və onlarda daha sayıq fikir yaranmaqdadırsa sözsüz ki, bu siyasətin səbəbkarı olan və bu siyasəti formalaşdıran Paşinyan siyasi lider kimi nəzərlərdə qalır.

– Nikol Paşinyanı Sorosun layihəsi hesab edir, hətta agent olduğunu iddia edirlər. Sizə görə, Paşinyan siyasi fiqur olaraq kimdir?

– Mən əvvəl ona xeyli tənqidi yanaşırdım. Çünki onun bəzi siyasi bəyanatları qeyri ardıcıl və məntiqsiz görsənirdi. Mən çox təəccüblə müşahidə etdim, 2005-2006-cı illərdə erməni tarixinə aid belə məqalələr yazırdı, amma sonra ölkəsinin siyasətini dəstəkləmək üçün tarixi uydurmalara, miflərə və bütlərə müraciət etməli oldu. Nəhayət, onun bir neçə ziddiyyətli bəyanatları oldu. Böyük ehtimalla bunlar feyk xəbərlərə əsaslanırdı. Ölkə rəhbəri yoxlanılmayan məlumatları bildirməklə, sözsüz ki, öz nüfuzunu aşağı salır. Bunların hamısı mənə qəribə görünürdü. Mən onu dərin dövlət təfəkkürü olan rəhbər kimi görmürdüm. Amma eyni zamanda biz həm də görürük ki, belə vəziyyəti yaratmaqla Paşinyan sanki Ermənistan ictimai rəyi üçün vəziyyətin nə qədər çətin olduğunu sübuta yetirir. Göstərir ki, ənənəvi siyasəti davam etdirməklə reallıq Ermənistan üçün ancaq çətinləşə bilər. Paşinyan şüurlu şəkildə vəziyyəti böhran həddinə gətirir, ya yox?

Mən buna cavab verməkdə çətinlik çəkirəm. Yoxsa o da Ermənistanın vətənpərvəri kimi konkret yaranan vəziyyətə reaksiya verir, düşünülmüş siyasət aparmaqdansa səmimi olaraq vəziyyətdən çıxış yolu tapmaq üçün çırpınır. Bax, burada iki model ortaya çıxır.

Birincisi, o səmimi şəkildə doğrudan da problemin həlli yolunu axtarır, amma öz planı olmadığından xeyli səhvlərə yol verir.

İkincisi, bizim üçün məntiqsiz görünən səhvlərin son nəticədə hansısa effekti gözlənilir ki, bu nəticəyə gəldikdə tarixi və siyasi dönüm nöqtəsi olacaq. Bir növ xəstəliyi bir qədər də kəskinləşdirir ki, ondan xilas olmaq üçün qəti tədbir görmək zərurəti yaransın.

Bu addımlardan hansının real olduğunu zaman özü sübut edəcək.

– Siz əvvəldən Nikol Paşinyanı tanımısınızmı?

– Xeyr. Mən heç vaxt onu tanımamışam, görməmişəm və doğrusu 2018-ci ildə onun haqqında ilk dəfə eşitmişəm.

– Amma hamı Paşinyanın Sorosun layihəsi olduğunu bəyan edir. Bu sadəcə olaraq siyasi mübarizədə ona qarşı istifadə olunan gedişdir, yoxsa gerçəkdən Sorosla əlaqələrinin olması mümkündür?

– Yəqin ki, onun Soros Fondu ilə hansısa əlaqələri olub. Eləcə də digər beynəlxalq təşkilatlarla. Buna şübhə yoxdur. Çünki o müstəqil media rəhbəri idi, səhv etmirəmsə jurnal nəşr edirdi. Beynəlxalq təşkilatlarda da müstəqil mediaya dəstək proqramları olmamış deyildi. Mən dəqiq bilmirəm, amma böyük ehtimalla Paşinyan belə proqramlara qatılaraq faydalana və qrantlar ala bilərdi.

Paşinyanın müxalif fikirli olması və vətəndaş cəmiyyətinə dəstək verməsi onu beynəlxalq fondların tərəf müqabili göstərə bilərdi. Amma mənim bu barədə konkret faktlarım yoxdur. Yəni onun hansı layihələrdə iştirak etməsi, hansı qrantlar alması, belə qurumlarla hansı şəxsi münasibətləri olmasına dair məlumatsızam.

– O dövrdə də, Soros daxil olmaqla, xarici fondlar Ermənistan və Gürcüstana Azərbaycandan daha çox vəsait ayırıb?

– Ermənistanla müqayisədə bu belə deyil. Ermənistanla müqayisədə Azərbaycan fondunun vəsaiti daha çox idi. Bu da Azərbaycanda xeyli dərəcədə maraqlı proseslərin getməsi ilə bağlı idi. Bizdə neft sənayesinin inkişafı, vətəndaş cəmiyyətinin ona ictimai nəzarəti vardı. Neft-qaz sənayesinin şəffaflığı, ictimai vəsaitlərin şəffaflığı kimi proqramlarda Azərbaycan fəal iştirak edib, uğurlar da əldə olunub. Bu sahədə vətəndaş cəmiyyəti ilə hökumət, eləcə də vətəndaş cəmiyyəti ilə neft şirkəti arasında dialoq, şəffaflıq, hesabatlılıq məsələləri geniş vüsət almışdı. Bir çox ölkələrdə də bu nümunə və qabaqcıl mövqe kimi tanınırdı. Bu da xeyli dərəcədə Azərbaycana Ermənistanla müqayisədə vəsaitlərin gəlişinə səbəb olmuşdu. Hətta o zaman Mədən Sənayesi Şəffaflığı vardı. Azərbaycan bura birinci qatıldı, uğurları oldu, hətta BMT-nin xüsusi mükafatına layiq görüldü. Amma Gürcüstanda daha çox vəsait olurdu, çünki Gürcüstan bütün fondlar üçün açıq idi. Orada Almaniya fondlarının böyük fəaliyyəti vardı, regional ofisləri də orada yerləşirdi. Regional mərkəzlər xüsusi olaraq ora diqqət edirdi. Azərbaycan və Ermənistan qarşıdurma vəziyyətində olduğu üçün Gürcüstan hamı üçün fəaliyyət baxımından rahat görünürdü. Odur ki, Gürcüstanda vəsait daha çox olurdu. Amma Ermənistanla bağlı bunu deməzdim.

Mən 2010-cu ildə artıq Soros Fondunu tərk etdim. Ondan sonrakı vəziyyət haqqında mənim xəbərim yoxdur. Lakin bu fond bir-iki ildən sonra Azərbaycanda bağlandı.

 

Rasim ƏLİYEV

– Amma Ermənistanda fəaliyyət göstərir?

– Səhv etmirəmsə, Ermənistanda fəaliyyət göstərir. Bu yaxınlarda xəbərlər yayıldı ki, fondun qarşısında etiraz aksiyalar keçirilib.

Dünyanınsəsi.Az