İrəvan üçün kapitulyasiyadan da betər sonluq – iqtisadçılar SOS verir, revanşistlər isə…

Hit SİYASƏT
Spread the love

44 günlük müharibədə haqq etdiyi kapitulyasiyaya tuş gələn Ermənistanın dövlət borcu sürətlə 8 milyard dollara yaxınlaşır. Müstəqil iqtisadçı-ekspertlər isə 2021-ci ildə bu rəqəmin daha böyük olacağını proqnozlaşdırır və iqtisadiyyatla bağlı daha bədbin təxminlər irəli sürürlər. Məsələn, erməni iqtisadçı ekspert Vardan Bostancyan hesab edir ki, 2021-ci ildə Ermənistan iqtisadiyyatında tənəzzül 10%-dən çox olacaq, dövlət borcunun həcmi isə 9 milyard dolları keçəcək.

Dünyanınsəsi.Az-ın  məlumatına görə, bu barədə o, News.am saytına verdiyi müsahibədə deyib.

Onun əminliyinə görə, ölkə iqtisadiyyatında geriləmə yaşanır və belə müsbət tendensiyalardan danışmaq mümkün deyil. “Mən Ermənistanın maliyyə nazirinin 3.2% səviyyəsində iqtisadi artımla bağlı proqnozlarını bölüşmürəm. Bu cür cəsarətli proqnozlar yalnız əvvəlki günlə müqayisədə və yaxud, məsələn, cəmiyyəti çaşdırmaq məqsədi ilə verilə bilər. Ölkədəki hazırkı iqtisadi durum inkişafın olacağına dəlalət edən ən kiçik əlamətləri belə özündə daşımır”, – deyə Bostancan bədbin notda vurğulayıb.

Vardan Bostancyan

Erməni iqtisadçı, əksinə, tənəzzülün olacağına inandığını söyləyib və bunun da iki səbəbdən – iqtisadi fəaliyyətin məhdudlaşdırılmasına gətirən pandemiyadan və müharibənin mənfi nəticələrindən qaynaqlandığını bildirib: “Onsuz da bizim mal dövriyyəmiz kiçik idi. Dövlət idarəetmə sisteminin son dərəcə aşağı səmərəliliyi vəziyyəti daha da qəlizləşdiirir. Bütün bunlar isə Ermənistanda iqtisadi tənəzzülün ikirəqəmli göstəricilərinin (10% -dən çox) qeydə alınmasına gətirib çıxaracaq”.
Dövlət borcu məsələsinə gəlincə, Bostancanın fikrincə, onun həcmi 9 milyard dolları ötəcək.

Yada salaq ki, fevralın 4-də Ermənistanın maliyyə naziri Atom Cancuqazyan jurnalistlərə verdiyi müsahibədə ölkənin dövlət borcunun həcminin 8,9 milyard dollara yaxınlaşa biləcəyini söyləyib. Nazir 2021-ci ildə Ermənistanda iqtisadi artımın 3,2% səviyyəsində proqnozlaşdırıldığını deyib.

Onu da qeyd edək ki, Ermənistanın valyuta ehtiyatları cəmi 2,5 milyard dollar səviyyəsində qiymətləndirilir. Yəni ölkənin dövlət borcunun həcmi valyuta ehtiyatlarından 3 dəfədən çoxdur. Müqayisə üçün: Azərbaycanda dövlət borcu (xarici və daxili borcla birgə) 17 milyard dollar həcmindədir. Ancaq ölkəmizdəki strateji valyuta ehtiyatları 51 milyard dollara çatır. Beləliklə, Azərbaycanda vəziyyət tam əksinədir – strateji qızıl və valyuta fondları dövlət borcundan üç dəfə çoxdur.

Elə təkcə bu rəqəmlərin müqayisəsi kifayətdir ki, bölgədə qarşılıqlı əməkdaşlığa ən çox hansı ölkənin ehtiyacı olması haqda qənaət hasil olsun. Gəl ki, böhran içində çabalayan məğlub ölkədə hələ də radikal-revanşistlərin səsi daha gur gəlir. Hərçənd “İrəvanın rəsmi mövqeyi revanşist ovqatı tamamilə istisna edir”.
Musavat.com xəbər verir ki, bunu erməni mediasına “Vətəndaş müqaviləsi” partiyasından olan deputat, Ermənistan Parlamentinin Xarici Siyasət Komitəsinin üzvü

Anuş Beqloyan “Cənubi Qafqaz: yeni təhdidlər və yeni imkanlar” dəyirmi masasında çıxışı zamanı söyləyib.

Anuş Beqloyan

Onun sözlərinə görə, Ermənistanda bir çox fərqli siyasi qruplar, o sırada millətçi qruplar mövcuddur və onların hamısı “nə istəyir deyə bilərlər”. “Ancaq mən hər kəsi iqtidar partiyasının, hakimiyyətin, Xarici İşlər Nazirliyinin, Baş nazirin ofisinin, parlamentin bəyan elədiklərinə qulaq verməyə çağırıram – hansı ki, açıq şəkildə bildirirlər ki, revanşizm və ya intiqam almağa yönələn hər hansı hərbi əməliyyat Ermənistanın və Ermənistan xalqının istədiyi deyil”, – deyə o qeyd edib.

Beqloyan etiraf edib ki, erməni mətbuatının monitorinqi nəticəsində hakimiyyətin revanşizm mövqeyində olduğu təəssüratı yarana bilər, amma təəssürat tamamilə yanlışdır. Komitə üzvü habelə erməni xalqını həmçinin “gələcəyə baxmağa”, tarixən kimin və harda olduğu, bu və ya digər ərazinin tarixən kimə məxsus olması barədə “əbədi müzakirələrdən” imtina etməyə çağırıb. Onun qənaətincə, məhz belə bir yanaşma müharibəyə gətirib çıxarıb.

İqtidar təmsilçisinə görə, bölgə ölkələri öz gələcəyi ilə bağlı bütün məsələləri müstəqil şəkildə həll edə bilər, bunun üçün isə bütün iştirakçıların etibar edəcəyi regional təhlükəsizlik strategiyasını hazırlamaq lazımdır.

“Bundan ötrü bizim heç bir xarici qüvvənin varlığına ehtiyacımız yoxdur”, – deyə, o sözünə əlavə edib.

Əslində, Ermənistanın hazırkı iflas və böhranlı durumdan tək çıxış yolu onun heç bir kənar qüvvə olmadan, ora-bura boylanmadan, təcili şəkildə öz qonşuları ilə, xüsusən də Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmaqdan, kin-nifrətə, ədavətə son verməkdən keçir. Əks halda, bu süni yaradılan və simvolik dövlət nəinki getdikcə böyüyən fantastik xarici borcun altında qalacaq, ümumiyyətlə, olan-qalan varlığını da itirmiş olacaq. Bu isə kapitulyasiyadan da betər bir nəticədir.

Dünyanınsəsi.Az