“İrəvan Türk Cümhuriyyəti olaraq hesab edirik ki, Xankəndiyə, Xocalıya, Ağdərəyə…”

Manşet ÖLKƏ
Spread the love
İrəvan Türk Cümhuriyyətinin 
                                 
MÜRACİƏTİ
Azərbaycan Ordusunun bu il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbəmizi böyük qürur hissi ilə qeyd edirik. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Bu, son 200 ildə  Azərbaycan xalqının həyatında ən parlaq səhifədir.
Dekabrın 10-da Bakıda Qələbə Paradı keçiriləcək.  Qələbə paradında zəfərimizin  qazanılmasında müstəsna rolu olan Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyev və  Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyip Erdoğan  iştirak edəcəklər. Bu, iki qardaş ölkənin birliyinin, bərabərliyinin  daha bir nümayişi deməkdir. Vətən savaşında Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyin həlledici rolunu xüsusi qeyd etməliyik.  Qələbə paradında qəhrəman Azərbaycan ordusu ilə Türk əsgərlərinin də yanaşı addım atacağı bütün Azərbaycan və Türkiyədə yaşayan insanlarımızı məmnun etmiş, hədsiz qürurlandırmışdır.
Bu qələbənin ən böyük qəhrəmanı Azərbaycan əsgəridir.Vətən torpaqlarının işğaldan azad edilməsində şəhidlik zirvəsinə ucalan Azərbaycanın bütün mərd övladlarına Allahdan rəhmət diləyirik. Onların igidliyi tarix boyu anılacaqdır. Bütün Şəhid və Qazilərimiz hərəsi bir qəhrəmandır və  xalqımız var olduqca heç vaxt unudulmayacaqdır. Qələbə Paradında 2783 Türk əsgərinin iştirak etməsi də Vətən uğruda canını fəda edən şəhidlərimizə sayqının işarəsidir.
Şübhəsiz ki, Azərbaycanın bu qələbəsini həzm edə bilməyən qüvvələr, dövlətlər  və onların böhtançı  başçıları vardır. Savaş meydanında öldürücü zərbə alan Ermənistanda revanşist qüvvələr dövlətimizə qarşı düşmənçilik siyasətini davam etdirməkdədirlər. Onlar fürsətdən istifadə edərək bölgəyə sülhməramlı qüvvə kimi daxil olan Rusiya hərbi kontingentini öz missiyasından uzaqlaşdırmaqla öz məkrli niyyətlərini həyata keçirmək üçün çirkin əməllər törətməyə başlamışlar. Dağlıq Qarabağın işğaldan azad edilməyən hissəsində 10 noyabr 2020-ci il anlaşması ilə təsbit olunmuş qaydaları pozmağa yönəlik  cəhdlər edilməkdədir. Siyasi və iqtisadi tənəzzülün, xaosun girdabında olan işğalçı ölkə yenə  havadarlarının təhriki ilə Azərbaycan və Türkiyəyə qarşı təxribatçı siyasətindən əl çəkmir. Görünür 44 günlük savaş və bu savaşda aldıqları öldürücü zərbə  onlara dərs olmamışdır. Tarixi Azərbaycan ərazilərində qurulmuş bu dövlətin gələcəkdə heç bir iqtisadi, siyasi perspektivi olmadığı hər keçən gün üzə çıxmaqdadır.  Bu ölkə bölgəmizə bəla, ölüm və qan gətirmişdir. Öz dədəbaba torpaqlarından bir neçə dəfə qovulub çıxarılan 5 milyondan artıq Qərbi Azərbaycan əsilli insanlarımızın hüquqları tapdanmışdır. Hələ də  SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr Fərmanına siyasi və hüquqi qiymət verilməmişdir. SSRİ-nin varisi olan Rusiyadan 100 minlərlə soydaşımızın Ermənistan SSR-dən 1948-1953-cü illərdə deport edilməsi qərarının ləğv edilməsi və insanlarımızın həmin ərazilərə geri dönüşü tələb edirik.. Dağlıq Qarabağın işğaldan azad olunmamış ərazilərinə erməni əhalinin yerləşdirilməsini təşviq edən Rusiya sülhməramlıları analoji  Qərbi Azərbaycanlı əhalisi üçün də etməlidir. Krım tatarlarının, Çeçen-inquşların, Ahıska türklərinin və başqa sürgün və deportasiyaya məruz qalmış xalqlarla bağlı verilən və onların vətəninə dönüşünü təsbit edən qərarlar Qərbi Azərbaycandan ədalətsizcəsinə, zorla, min bəhanə ilə  köçürülən insanlara da şamil edilməlidir.  Xalqımızın öz torpaqlarına dönmə mücadiləsi veriləcəkdir. İTC 23 dekabrı Qərbi Azərbaycanlıların deportasiyası günü elan edir.
İrəvan Türk Cümhuriyyəti olaraq hesab edirik ki, Dağlıq Qarabağın bütün ərazisində Azərbaycanın suveren dövləti hüquqlarının bərpa edilməsi, Xankəndiyə, Xocavəndə, Xocalıya, Ağdərəyə və  digər torpaqlarımıza əhalimizin dönməsini  təmin etmək üçün Türkiyə Ordusunun əsgəri kontingentinin Azərbaycanda  bulunması şərtdir.
Ayrıca bəyan edirik ki, Azərbaycan Türklərinə məxsus torpaqlar da, İrəvan da, Zəngəzur da, Göyçə də,  Dərələyəz də, Vedibasar da, Zəngibasar da, Ağbaba da…bütün digər Türk yurdlarımız  da  öz sahiblərinə qovuşacaqdır. O gün uzaqda deyil. İrəvan Azərbaycandır!  Zəfər bizimlə olacaqdır. Qarabağda olduğu kimi …
Tarixi 10 dekabr 2020-ci il Qələbə Paradımız mübarək olsun!
 
İTC Millət Şurası adından  sədr  Qafar Çaxmaqlı 
Qeyd: Bu bəyanat İTC Millət Şurasının 9 dekabr toplantısında qəbul edilmişdir.
Dunyasininsesi.Az