İrəvan Kremllə düşmənçiliyə başladı: Paşinyan erməni toplumuna yönəlik şantaj planı qurur

Manşet SİYASƏT
Spread the love

Paşinyan hakimiyyətinin Kreml sahibi Vladimir Putinə qarşı başlatdığı siyasi intriqalar Ermənistan üçün “geopolitik intihar” xarakteri daşıya bilər… Erməni baş nazir Azərbaycanla sülh sazişi imzalamaq üçün referendum və ya növbədənkənar seçkilər planı hazırlayır…

Cənubi Qafqazda baş verən son hadisələr maraqlı nəticələrlə müşayiət olundu. Ermənistan sərhəd bölgəsində hərbi təxribatlar törətməklə, “geopolitik kartları” yenidən qarışdıra biləcəyinə ümid bəsləyirdi. Rəsmi İrəvanın ümidləri boşa çıxdı. Yəni, məğlub və zəif dövlət statusunu daha da qətiləşdirdi. Və Ermənistanın nə qədər rəzil durumda olduğu növbəti dəfə təsdiqləndi.

Ermənistan ordusunun döyüş qabiliyyəti bir daha ortaya çıxdı. Məlum oldu ki, Ermənistan ordusu ən yaxşı halda, diversiya və terror aktları törədə bilər. Azərbaycan Müdafiə Nazirliyinin erməni hərbçilərin basdırdığı minaları aşkarlanaraq, zərərsizləşdirilməsi barədə məlumat yayması da bunu təsdiqləyir. Və nə qədər qəribə də olsa, erməni dünya görüşü terrorçu təfəkkürünün inikası olduğundan Ermənistanda son 30 ildə, elə indi də yalnız mina istehsalı ilə məşğul ola biliblər.

Əslində, bu, qətiyyən təsadüfi deyil. Çünki, Ermənistan və ermənilər də Cənubi Qafqaz regionuna “basdırılmış minalar”dan başqa bir şey deyil. Rusiya iki yüz il əvvəl bu “minaları” gətirib, Türk coğrafiyasına yerləşdirib. Və maraqlıdır ki, indi bu “minalar” elə Rusiyanın öz əlində partlayır.

Məsələ ondadır ki, rəsmi İrəvan Cənubi Qafqazda Ermənistanın mövcudluğunun əsas ssenaristi olan Rusiyaya davamlı olaraq, xəyanət edir. Hətta Rusiyandan qopub, ABŞ-a yapışmaq üçün israrlı cəhdlər edir, fürsət güdür. Üstəlik, ABŞ və Qərbin daha çox xoşuna gəlmək üçün Rusiyanın və prezident Vladimir Putinin nüfuzuna ardıcıl zərbələr endirməyə çalışır.

dfff46f85a6f7716afea452049b8c6e007a.jpeg (143 KB)

Son vaxtlara qədər rəsmi İrəvan Rusiyanın Ermənistan üçün yeganə təhlükəsizlik təminatçısı olduğunu bəyan edirdi. Kremldən təlimatlar alırdı, Rusiyanın maraqlarına nökərçilik edirdi. İndi təlimatları Kremldən deyil, məhz Ağ Evdən alır, ABŞ-ın maraqlarına qulluq göstərir. Çətinə düşəndə isə Rusiyadan dəstək umur.

Son hadisələrin ardıcıllığı da bunu təsdiqləyir. Ermənistan əvvəlcə, ABŞ və Qərbin təlimatları ilə Azərbaycan qarşı hərbi təxribatlar törətdi. Sonra “dəmir yumruq” zərbəsinin qarşısında aciz duruma düşüb, Kremldən və Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istədi. Və bu prosesdə rəsmi İrəvan son “kartlar”ını da oynamış oldu.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanın haqsız olması səbəbindən Rusiya və KTMT-nın dəstək verməyəcəyini əvvəlcədən bilirdi. Rəsmi İrəvanın əsas məqsədi bir müraciət ilə Rusiya və KTMT-ya qarşı təxribat törətmək, imicini korlamaq idi. Paşinyan hakimiyyətinin təmsilçiləri sonrakı açıqlamaları ilə də bunu təsdiqlədilər. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan rəsmi İrəvanın Rusiya və KTMT-dan olan gözləntilərinin doğrultmadığını bəyan etməsi Kremlə qarşı şantaj mesajıdır. O, bildirib ki, rəsmi İrəvan bununla bağlı qərar qəbul etməyi düşünür. Hətta adekvat qərarı artıq demək olar ki, qəbul edib. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Rusiyanı Ermənistanın KTMT-dan çıxa biləcəyi ilə hədələməyə çalışır.

Bunun ardınca baş verənlər isə ümumiyyətlə, rəsmi İrəvanın Rusiya ilə “ipləri” tamamilə qopartmağa hazırlaşdığını göstərir. Belə ki, Rusiya prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş verən silahlı toqquşmaların məhz Rusiyanın vasitəçiliyi ilə dayandırıldığını bildirmişdi. Hətta onu da vurğulamışdı ki, Rusiyanın Cənubi Qafqazda baş verənlərə nəzarət etmək üçün kifayət qədər resursları mövcuddur.

Ilham_Putin_Pasinyan_2.jpg (35 KB)

Ancaq rəsmi İrəvan dərhal Kreml sahibinin bu açıqlamasını təkzib etməyə tələsdi. Ermənistan parlamentinin sədri Alen Simonyan vurğuladı ki, hərbi toqquşmaların dayandırılması və atəşkəs anlaşmasının əldə olunması məhz ABŞ-ın cəhdləri ilə mümkün olub. Halbuki, ABŞ və Fransa Rusiyanı atəşkəs üçün öz təsir imkanlarından istifadə etməyə çağırmışdı. Və bu, Paşinyan hakimiyyətinin həm Rusiyanın, həm də prezident Vladimir Putinin nüfuzuna zərbə vurmaq cəhdidir.

Göründüyü kimi, Rusiya-Ermənistan münasibətlərində çatlar dərinləşməkdə davam edir. Halbuki, ilk baxışdan Paşinyan hakimiyyətinin Rusiyaya qarşı hiyləgər oyun oynadığı təsiri bağışlasa da, rəsmi İrəvanın Ermənistanın gələcək taleyini böyük riskə atdığı da qətiyyən şübhə doğurmur. Çünki, rəsmi İrəvan son hadisələr zamanı nə BMT-dən, nə ABŞ-dan, nə də böyük ümidlər bəslədiyi digər beynəlxalq himayədarlarından dəstək ala bilmədi. Və belə vəziyyətdə Rusiya ilə siyasi intriqalar Ermənistan üçün geopolitik intihar xarakteri daşıya bilər.

Hər halda, Paşinyan hakimiyyətinin Azərbaycan ilə sülh sazişinin imzalanmasının qaçılmazlığına bağlı reallıqdan heç cür qopa bilməməsi rəsmi İrəvanın əl-qolunu əməlli-başlı bağlayır. Çünki, Ermənistanın Rusiyadan qopub, ABŞ-a yapışması belə, Paşinyan hakimiyyətinə Azərbaycanın “dəmir yumruğu”ndan xilas olmaq təminatı vermir. Və bu, rəsmi İrəvanı sülh sazişinin imzalanması məsələsində ehtiyat variantları hazır tutmaq məcburiyyətində buraxır.

Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan hakimiyyəti prinsipial qərarlar qəbul etməyə hazırlaşır. Rəsmi İrəvanın ilk növbədə sülh sazişi ilə bağlı problemi həll etməyə çalışdığı bildirilir. Ermənistanda nəşr olunan “Hraparak” qəzeti iddia edir ki, son günlər hakim partiya daxilində referendum və ya növbədənkənar seçkilərin keçirilməsi müzakirə edilir.

fabe34db-d2ab-49f6-9974-87cdbaf554bd.jpg (84 KB)

Erməni qəzetinin hakim partiya daxilindəki mənbələrdən aldığı məlumata görə, baş nazir Nikol Paşinyan Azərbaycan ilə sülh sazişinin imzalanması üçün Ermənistanda referendum keçirməyi planlaşdırır. Əsas məqsəd sülh sazişinin imzalanmasına Ermənistan vətəndaşlarının dəstəyini alaraq, bütün siyasi məsuliyyəti məhz erməni xalqının üzərinə yükləməkdir. Və bu planın uğursuz olacağı təqdirdə, erməni baş nazir daha bir variantı ehtiyatda saxlayır.

“Hraparak” iddia edir ki, baş nazir Nikol Paşinyan sülh sazişinin imzalanmasına referendum vasitəsilə xalqdan mandat ala bilməyəcəyi halda, istefa vermək variantı üzərində düşünür. Erməni baş nazir hesab edir ki, Ermənistan əhalisi Qarabağ klanının təmsilçilərini yenidən hakimiyyətə buraxmayacaq. Ona görə də, hakimiyyətin dəyişməsinin qarşısını almaq üçün məcbur qalıb, N.Paşinyanı yenidən baş nazir postuna qaytaraq, ona sülh sazişinin imzalanmasına mandat verəcək.

aca12984-caf0-4f89-a9b1-8b532e9680b3.jpg (102 KB)

Maraqlıdır ki, erməni nəşri Paşinyan hakimiyyətinin növbədənkənar parlament seçkiləri üçün irəli sürəcəyi şüaları da artıq müəyyən etdiyini vurğulayıb: “N.Paşinyan erməni xalqını hakimiyyətdə qalmasının əvəzində sülh sazişinin imzalanması üçün mandat tələbi ilə şantaj edəcək. O, tələb edəcək ki, əgər, savaşın davam etməsini və erməni xalqının yox olmasını istəmirsinizsə, mənə mandat verin”.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan erməni revanşist-radikalların onu devirməyə hazırlaşdığı bir vaxtda qəliz və hiyləgər manevrlər etməyi planlaşdırır. Böyük ehtimalla erməni baş nazir Rusiyaya bağlı radikalların yetərincə gücə sahib olmağı qənaətinə gəlib. Və bundan öz planlarını reallaşdırmaq üçün faydalanmaq niyyətinə düşüb.

Elçin XALİDBƏYLİ