2020-ci ili qarşılamağa sayılı günlər qalıb. Artıq bir çox xarici şirkətlər dollar, avro ilə bağlı proqnozlar açıqlayır.
Maraqlıdır ki, dollarla bağlı proqnozların böyük əksəriyyəti pozitiv deyil. Xarici investisiya bankları 2020-ci ildə dolların zəifləməsini proqnozlaşdırıblar. “Financial Time”ın yazdığına görə, “Deutsche Bank”, “Goldman Sachs”, “Bank of New York Mellon”, “Citigroup”, həmçinin “BlackRock” investisiya şirkətinin analitiklərinin proqnozlarına istinad edir. Səbəb kimi qlobal iqtisadiyyatın artım tempinin yavaşlaması riski, investorların riskli aktivlərə olan marağı və FED-in faiz dərəcələrinin eyni səviyyədə qalacağı (və ya daha da azaltması) ilə bağlı narahatlıqlar göstərilir.
Analitiklərin rəyinə əsasən, gələn ilin sonuna qədər avronun məzənnəsi 1,16 dollar təşkil edəcək.
Eyni zamanda “JPMorgan Chase” investisiya bankının işçiləri qeyd edirlər ki, 2020-ci ildə qlobal iqtisadiyyat ABŞ artımının yavaşlaması səbəbindən çətinliklərlə üzləşə bilər. Bu təşkilatın analitikləri 2020-ci ildə dolların 1,14 səviyyəsinə qədər azalacağını proqnozlaşdırırlar.
Onlar gələcəkdə cəlbedici valyutalar sırasına Kanada və Yeni Zelandiya dolları ilə yanaşı funt sterlinqi daxil ediblər.
Həmçinin “Saxo Bank”ın dollar proqnozlarına görə, Asiya ölkələri dollardan imtina edərək, öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta – Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.
Xarici ekspertlər 2020-ci ildə avronun məzənnəsində stabillik olacağını bildiriblər.
Azərbaycan manatına gəldikdə isə yerli ekspertlər manatın da məzənnəsinin yeni ildə stabil qalacağını proqnozlaşdırır. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bugünlərdə manatın gələcəyi barədə açıqlama verərkən bildirib ki, cari ildə manatın məzənnəsinə təsir edə biləcək fundamental amil yoxdur və növbəti ilə də nikbin yanaşılır: “Yəqin ki, gələn il də milli valyutanın məzənnəsini idarə edə biləcəyik”.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “2020-ci ildə manatən məzənnəsi ilə bağlı əsas izləniləcək məqam təbii ki, neftin qiyməti olacaq. Beləliklə, neftin qiymətində enmə olacaqsa, bu zaman manatın məzənnəsi ilə bağlı ciddi problemlərin yaşanması ehtimalı var.
Nə qədər ki, neftin qiyməti gələn il 50-60 dollardan və yaxud ondan yuxarı olsa, manatın dollar qarşısında məzənnəsi ilə bağlı ciddi bir problemin yaşayacağını düşünmürəm. Çünki indiki makroiqtisadi göstəricilərə görə 60 dollar və daha yuxarı qiymətlərin olması Azərbaycan manatını sığortalamağa imkan verir.
Qaldı ki, avro-dollar qarşılıqlı münasibətlərinə, təbii ki, hər iki tərəfdən öz valyutalarına, hər avronun həm də ABŞ dollarının daha ucuz olmasına maraqlıdırlar. Çünki ixracatçı ölkələrin valyutalarının məzənnəsi aşağı olduqda onun ixracat potensialının artmasına kömək edir. Ona görə də gələn il də valyuta müharibələrinin təsirlərini dünyada görə bilərik. Dolların məzənnəsinin avro qarşısında və yaxud avronun məzənnəsində yüksəlmə müşahidə olunsa, bu, Azərbaycanda çarpaz məzənnəyə görə təsir göstərəcək. Ona görə də avro-dollar münasibətlərinə baxmaq lazımdır.
Əgər dünyada avronun qiyməti dollar qarşısında qalxsa, bizdə dolların qiyməti sabit qalacaq, çünki bizdə hökumət ancaq dolların məzənnəsinə fikir verir və onun sabit qalmasına çalışır. Amma dollar-avro məzənnəsindən əldə olunacaq fərq manatın avro qarşısında kursuna təsir edəcək. Necə ki, biz bunu son zamanlar görmüşük, iki ildir ki, dolların məzənnəsi sabitdir, amma avronun məzənnəsində müəyyən oynaqlıqlar var. Bu oynaqlıqlar da dollar-avro məzənnəsindən asılı olur.
Çox güman ki, ABŞ çalışacaq ki, dolların məzənnəsində müəyyən ucuzlaşma olsun, çünki ixracatın artmasına kömək etsin, bu baş verəcəksə, avronun məzənnəsinin dünyada qalxışını, manatın avroya nisbətdə ucuzlaşmasını görəcəyik.
Beləliklə, gələn il avronun daha baha olması ehtimalı çoxdur. Çünki dediyim kimi, Azərbaycan hökuməti ancaq dolların məzənnəsini inzibati qaydada sabit saxlamağı düşünür”.