
İngilis xüsusi təyinatlıları Rusiya sərhəddində: Kreml ən pis ssenariyə hazırlaşır!
Bu günlərdə Rusiya ilə qonşu olan Belarusun Böyük Britaniya ilə birgə hərbi təlimlər keçirməsi Kremlin ciddi narahatlığına səbəb olub.
DunyaninSesi.Az Rusiya mediasına istinadən xəbər verir ki, rus hərbi-siyasi mütəxəssisləri bu addımı Belarusun NATO ilə birgə əməkdaşlığı kimi dəyərləndirib. Ekspertlər hesab edir ki, NATO üzvü olan Böyük Britaniya xüsusi təyinatlılarının Belarusa dəvət edilməsi, əslində rəsmi Minskin Moskva üzərində psixoloji üstünlük qazanmaq, nə qədər önəmli olduğunu ona xatırlatmaq cəhdidir.
Kremli narahat edən əsas məsələ isə Böyük Britaniya-Belarus əməkdaşlığının daha ciddi probemlərə səbəb ola biləcəyi ilə bağlıdır. Belarusda NATO bazası və ya raketlərinin yerləşdirilməsinin Rusiya üçün ciddi təhdid olacağını bildirən mütəxəssislər hesab edir ki, birgə hərbi təlimlər proseslərin məhz bu şəkildə inkişafına yol aça bilər. Bu isə Rusiya üçün ən pis ssenari deməkdir.
Bu baxımdan da Kreml ideoloqları hesab edir ki, Belarusu bu “zərərli yoldan” erkən döndərmək, prosesləri vaxtında qabaqlamaq zəruridir. Əks təqdirdə, Kreml Rusiya ilə sərhəddə NATO hərbi bazaları ilə əhatələnməyə, ən pis ssenari ilə qarşılaşmağa hazır olmalıdır.