“2016-cı ildə aprel hadisələri zamanı bütün dünya Azərbaycandan minnətlə, yalvarışla xahiş edirdilər ki, siz ermənilərin qələtini bağışlayın, biz onları başa salarıq”
Pandemiya dönəmində Azərbaycan antiterror əməliyyatı aparsa dünya bizi kəmfürsətlikdə ittiham edərmi? Necə etsək ermənilər bizi dünyaya şikayət edərkən arqument kasadlığından əziyyət çəkərlər?
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Moderator.az-ın bu sualını cavablandırıb:
“Son vaxtların ən çox müzakirə olunan mövzularından biri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda antiterror əməliyyatını aparmağa başlaması çağırışıdır ki, bunu da əsaslandıran və elə belə çağırış edənlərə də rast gəlmək mümkündür. Hər kəsi yaxşı anlayıram. Və mən də bir peşəkar hərbçi kimi, düşmənin son vaxtlar cəbhənin ayrı-ayrı istiqamətlərində davamlı təxribatlarının qarşısını almaq üçün rahat şəkildə Ukraynanın apardığı antiterror əməliyyatlarına bənzər əməliyyatların aparılmasının qəti tərəfdarlarından biriyəm. Başa düşürəm ki, dünyada bizi indiki məqamda ermənilərə qarşı apardığımız haqlı əməliyyatlara başqa rəng qatacağını da istisna etmirəm. Necə deyərlər, olsun. Biz Azərbaycan dövləti olaraq kifayət qədər dözm və səbr nümayiş etdirdik. Həyata keçirəcəyimiz antiteror əməliyyatını da əsaslandıra bilərik və əsaslandırmağı bacarmalıyıq. Necə olur ki, işğalçılar Azərbaycan qanunlarını pozaraq qondarma prezident və parlament seçkilərini nümayişkarənə keçirirlər, bizim mülkü və hərbi obyektlərə atəş açırlar. Özü də, Azərbaycanın beynəlxalq müstəvidə tanınan ərazilərində. Ona görə də, bizim işğalçılara qarşı keçirəcəyimiz antiteror əməliyyatı bir çox dövlətlərin sərt və ya qeyri adekvat bəyanatlarına, hədələrinə səbəb olacaq. Elə Ermənistana havadarlıq edən ATƏT-in Minsk qrupunda olan həmsədr ölkələrdən “çığır-bağır” gələcək. Yenə təkrar edirəm ki, biz öz addımımızı əsaslandıra bilərik və etməliyik. Necə ki, 2016-cı ildə aprel hadisələri zamanı bütün dünya Azərbaycandan minnətlə, yalvarışla xahiş edirdilər ki, siz ermənilərin qələtini bağışlayın, biz onları başa salarıq. Nə oldu? Bu dəfə də biz o xəttin davamı kimi, deyə bilərik ki, siz 4 ildir onları “başa salırsınız”. Ermənistan və separatçılar beynəlxalq hüquqü və normaları tanımır və tanımağa səy göstərmir. Ona görə də, biz bu aralarda bu UNİKAL imkandan maksimum yararlanmalıyıq. Hesab edirəm ki, indiyə kimi belə imkan heç vaxt olmamışdı və yəqin ki, bir də tarixdə bəlkə də olmayacaq. Sadəcə qətiyyətli və vəziyyətə uyğun və operativ hərəkət etmək lazımdır. Dünya da məncə danışacaq, danışacaq və sakitləşəcək….”