İndi qayalarımızda “mamır” yox məmurlar bitib

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

“Vətən” və “vətənpərvərlik” kimi müqəddəs anlayışların mənasını əsgərlərimə zamanında bir komandir kimi aşılamışam.Bu missiya hər bir vətənpərvər vətəndaşın gündəlik borcu olmalıdır.Bu gün də bir mətbuat nümayəndəsi kimi Vətəni sevmək, Vətənə bağlılıq, vətənpərvərlik və milli qürur hissinin aşılanmasına səy göstərirəm. Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.
Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri marifləndirmə prosesidir. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu “Dədə Qorqud”da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri “Vətən haqqı ana haqqıdır” – kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi Gəncəni özünə qızıl boyunbağı saydığına görə heç yerə getməmiş və təsadüfi deyildir ki, Vətən məhəbbəti, yurd sevgisi onu öz doğulduğu məkandan ayrılmağa qoymamışdır.
Vətən doğma evin kandarından başlanır. Hər bir gənc başa düşməlidir ki, onun yaşadığı və təhsil aldığı yer Vətənin bir parçasıdır. Vətəni qorumaq hamımızın borcudur.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Torpaq-uğrunda ölən varsa, Vətəndir!
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Səməd Vurğunun bir kəlamını xatırlayaq: “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar…”
“Öncə Vətən, ikinci xalq, sonra mən” kəlamı hamımızın həyat amalıdır.
Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Ünlü şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib.
Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.
Atalar sözlərimizdə də Vətən haqqında çox ibrətamiz fikirlər var: “Gözsüz yaşamaq olar, Vətənsiz yox”, “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Vətənə gəldim, imana gəldim”, “Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir”, “Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir”, “Vətən viranə də olsa, cənnətdir”, “Vətən elin evi, dayağıdır”.
O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun.


“Vətəni sevməyən insan olmaz, olsa, ol şəxsdə vicdan olmaz”


Azərbaycanda yəqin ki, Abbas Səhhətin “Vətən” şeirindən heç olmasa bir parçanı bilməyən şəxs yoxdur:

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək

Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu.

Südüdür ki, dolanib qanım olub,

O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Azərbaycan Ordusu 44 günlük müharibə tarixi …
Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.Vətən müharibəsində bu gün canını qoyan, sağlamlığını itirən Şəhid və Qazi ailələri işğaldan azad edilmiş vətən torpağına ayaq basa bilmir.Bu gün bəzi işbazlar var ki, nə özləri nə də ki, övladları bu şanlı müharibədə iştirak edib.Amma bu gün həmin səfalı ərazilərdə onların mal, qoyun sürüləri bəslənir.indi qayalarımızda “mamır” yox məmurlar bitib.

Ərşad İbrahimov,

Dünyanınsəsi.Az