“İkinci Döyüş”: nazirlik Qarabağ üçün hərəkətə keçdi, Kəlbəcər və Ağdamda…

İQTİSADİYYAT Manşet
Spread the love

Adı gələndə gözümüzün qarşısında səfalı, gözoxşayan, məlhəm bir mənzərə canlanan Qarabağa ikinci nəfəs verilən dövrdəyik. Bütün istiqamətlərdə dirçəlişi tam sürətlə aparılan “Böyük bağ”ımızda nəinki yerli, yüzlərlə xarici investorların marağı var. “İkinci Döyüş” layihəsinin bu mərhələsində ekspertlər Qarabağ iqtisadiyyatının potensial inkişaf mexanizmlərini dəyərləndirib.

Dünyanınsəsi.Az  İkinci Döyüş layihəsində Qarabağ və ətraf ərazilərində infrastruktur, şəhərsalma, iqtisadiyyat, idman, mədəniyyət, media, sosial-məişət, demoqrafik vəziyyət, turizm, təhsil, kənd təsərrüfatı, məşğulluq və əhalinin psixoloji adaptasiyası daxil olmaqla, bir çox istiqamətdə görülə biləcək işlər barədə ekspert, mütəxəssis rəylərini işıqlandıracaq və məsələlərlə bağlı müvafiq dövlət qurumlarının fəaliyyətini oxuculara təqdim edəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, texniki elmlər doktoru Vahid Əhmədov bildirib ki, hazırda İqtisadiyyat Nazirliyi Qarabağla əlaqədar böyük planlar hazırlayır: “Mən də həmin planlarla tanış olmuşam. Planlarda, əsasən, 2 iqtisadi zonadan söhbət gedir: birincisi, Kəlbəcər-Zəngilan-Qubadlı zonasıdır ki, burada mineral ehtiyatlar kifayət qədərdir. Bilirsiniz ki, həmin bölgədə qızıl mədənləri var. Yəqin ki, burada emal müəssisələri tikiləcək.

İkinci ən böyük zona Ağdamdır. Bura həmişə sənaye mərkəzi olub. Belə hesab edirəm ki, Ağdam elə sənaye mərkəzi kimi qalmalıdır. Orada həm emal sənayesi, həm də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin fəaliyyət göstərməsini istərdim. Çünki cəbhə bölgəsinə yaxındır və burada təmir işləri, silah-sursat istehsalı üçün şərait var. SSRİ dövründə Ağdamda hərbi sənaye zavodu fəaliyyət göstərirdi. Yəni bu zona bu sahə üçün daha uyğundur”.

Millət vəkilinin sözlərinə görə, bölgədə diqqətçəkən məsələlərdən biri də kənd təsərrüfatının inkişafıdır: “Taxıl sahələri, üzüm bağları, pambıq istehsalı üçün müəssisələrin inşasına böyük ehtiyac var. Elə olmasın ki, biz bölgələrin birində məhsul əkib-becərək, sonra emal üçün başqa bölgəyə daşıyaq. Yəni emal müəssisələrinin istehsal bölgələrində yaradılması vacibdir.

Qarabağda yəqin ki, iri sənaye parkları da yaradılacaq. Bölgənin 1 milyon hektara yaxın faydalı torpaq sahəsi var. Bu torpaqların hamısı becərilsə, böyük əhəmiyyət kəsb edəcək. Bu zonalarda həmişə üzüm plantasiyaları olub. Hazırda orada hazırlıq işləri gedir. Bu istiqamətdə şərab emalı zavodları tikiləcək. Ümumilikdə, potensial böyükdür”.

V.Əhmədov xarici investorların Qarabağa marağının böyük olduğunu qeyd edib: “Dövlət başçımız bildirdi ki, 44 günlük müharibədə dostlarımızı da, düşmənlərimizi də tanıdıq, hansı dövlətlər bizə dostdursa, onlar Qarabağda işləyəcəklər. Türkiyə artıq bölgədə fəaliyyətə başlayıb. İtaliya da gələcək. Ola bilər, qonşu İran da gəlsin. Belə hesab edirəm ki, xarici investisiya emal və istehsal sahələrini əhatə edəcək. Həmçinin infrastruktur layihələrinin həyata keçirilməsinə, yolların çəkilməsinə də xarici kapital cəlb oluna bilər. Çünki zona turizm üçün əlverişlidir. Xüsusilə Kəlbəcər, Qubadlı və Zəngilan”.

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, Qarabağa yatırılacaq iqtisadi investisiyalardan danışmaq üçün hələ tezdir: “Çünki orada müəyyən mərhələlərdən sonra iqtisadiyyatın inkişafı ilə bağlı proses başlamalıdır. Təhlükəsizlik tədbirlərinin görülməsi, minalardan təmizləmə, ilkin infrastrukturun yaradılması, dayanıqlı sülhlə bağlı mesaj verilməmişdən əvvəl həmin bölgələrdə iqtisadiyyatın inkişafı ilə bağlı normal mühit formalaşdırmaq çətin olacaq.

İstənilən halda, artıq həmin bölgələrin iqtisadi potensialı təxmini qiymətləndirilib. Bilinən ondan ibarətdir ki, ilk növbədə kənd təsərrüfatı və turizm sektorunun inkişafı üçün kifayət qədər böyük potensial var. Tarixi dəyərlər, flora və faunanın uyğunluğu, coğrafi mühit baxımından turizmin kifayət qədər böyük potensial daşıdığı bildirilir. Həmin ərazilərdə, faktiki olaraq, yeraltı qiymətli metal və daşlar, eyni zamanda, qiymətli tikinti materialları ilə zəngin yataqlar var. Bu baxımdan mədən sənayesinin də inkişafında potensiallar dəyərləndirilir. Düşünürəm ki, Qarabağın yenidənqurulmasının növbəti mərhələlərində bu 3 istiqamət bölgə iqtisadiyyatının formalaşmasında prioritet olacaq. Amma eyni zamanda, təbii ki, bu sahələrin inkişafı digər sektorların inkişafı üçün də əlverişli mühit yaradacaq. Çünki xidmət sektoru, maliyyə-bankçılıq da inkişaf etməlidir”.

Nazirliyin bu qərarı artıq cinayət xarakterli məsələyə çevrilir... - Ekspert

Ekspertin bir başqa yanaşması da ondan ibarətdir ki, bölgədə innovasiyanın tətbiqi ilə müasir tələblərə uyğun istehsal sahələri yaradılmalıdır: “Məsələn, xüsusi iqtisadi zonaların yaradılması məsələsi vacib məqamdır. Burada həm sənaye parkları və məhəllələri, turizm rekreasiya zonalarının yaradılması və hətta azad ticarət zonalarının, aqroparkların yaradılması kimi məsələlər üçün kifayət qədər əlverişli mühit var. Biz əgər burada daha çox mədən və kənd təsərrüfatı sənayelərinə fokuslansaq, düşünürəm ki, bunlar iqtisadiyyatda əlavə dəyərin yaradılması baxımından o qədər də potensiallı sektorlar olmayacaq. Biz, eyni zamanda, həmin resursların istifadə edilməsi yolu ilə son məhsulun istehsalına istiqamətlənmiş innovasiyanın tətbiqi əsasında daha yüksək əlavə dəyərin yaradılmasına hədəflənmiş sahələrin inkişafına da şərait yaratmalıyıq”.

 

R.Həsənov ölkə iqtisadiyyatındakı bəzi çatışmazlıqların olduğunu da qeyd edib: “Məsələn, Azərbaycanda dərman sənayesi inkişaf etməyib. Bu sahədə daxili tələbatın, təxminən, 99 faizi idxal hesabına ödənilir. Bu, çox böyük olmasına rəğmən, həm də boş bazardır. Daha yaxşı olar ki, növbəti mərhələlərdə həmin ərazilərdə xüsusi iqtisadi zonaların planlaşdırılması zamanı müvafiq məqamlar da nəzərə alınsın. Əsas iqtisadiyyatın tələbləri də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərdə inkişafla bağlı ümumi konsepsiya ortaya qoyulsun”.

Ekspert vurğulayıb ki, Qarabağın təmiri, bərpası və iqtisadiyyatının formalaşması üçün çox böyük həcmdə kapitala ehtiyac var: “O həcmdə ki, Azərbaycan birtərəfli şəkildə, öz hesabına bu kapitalı təmin etmək üçün uzun zaman sərf etməlidir. Burada 30-40 ildən söhbət gedə bilər. Bu da təbii ki, ərazinin bərpa planının hansı formada tətbiqindən asılı olacaq. Kompaktlaşdırılma gedəcək ya yox, yanaşmalar necə olacaq – bu parametrlər hələ dəqiqləşdirilməyib. Ümumiyyətlə, buna nə qədər vəsaitin lazım olacağını tam demək çətindir. Amma əgər, məsələn, biz 500 milyon dollar vəsait xərclənmiş “Gənclik” tunelinin qiyməti aspektindən müqayisəli yanaşsaq, belə başa düşürəm ki, bizə 100 milyard dollardan artıq maliyyə lazım olacaq. İstənilən halda çox böyük kapital tələbatından söhbət gedir.

Mənim məsələyə baxışım ondan ibarətdir ki, hökumət mümkün qədər müvafiq ərazilərin təmiri, bərpası və iqtisadiyyatının formalaşması layihələrində xarici və özəl kapitalın cəlb olunmasına çalışmalıdır. Birincisi, bu, prosesi sürətləndirə bilər. İkincisi, prosesə xarici investorların cəlb edilməsi inkişaf etmiş təcrübənin ölkəyə idxalına şərait yaradacaq. İqtisadi layihələrin icrasından söhbət gedirsə, bu, özü ilə birlikdə xarici bazarlarla əlaqəsi olan subyektlərin iqtisadi iştirakının təmin olunmasına gətirib çıxaracaq. Bilirsiniz ki, daxili iqtisadiyyatın iştirakçılarının əhəmiyyətli hissəsi məhsullarını xaricə ixrac edə bilmir. Çünki əlaqələri mövcud deyil, bacarıqları zəifdir, uzunmüddətli formalaşmış ənənəvi ticarət əlaqələri yoxdur. Ölkə gəncdir. Sahibkarlar da bu istiqamətdə formalaşmayıblar. Bu baxımdan xarici investorların cəlb olunması, eyni zamanda, xarici bazarlarla geniş əlaqələrin formalaşması üçün əlverişli mühit yaradacaq. Bu məsələlərə infrastruktur, tikinti layihələrində üstünlük verilməlidir. Nəinki Azərbaycan kimi mürəkkəb situasiya ilə üzləşən ölkələrdə, hətta normal inkişaf edən ölkələrdə bu modeldən geniş istifadə edilir.

Türkiyədə son illərdə sosial infrastrukturun formalaşmasında geniş şəkildə tətbiq edilən mexanizmlərdən biri də budur: dövlət inkişaf etdirmək istədiyi sahəyə özəl kapitalın yatırılmasına şərait yaradır. Həmin özəl kapital müəyyən dövr ərzində infrastrukturu idarə edir, qoyduğu investisiyanı əldə edir və əlavə gəlir götürür. Daha sonra həmin infrastruktur dövlətə təhvil verilir. Düşünürəm ki, ən əsas yanaşma bu istiqamətə yönəlməlidir. Əks halda kifayət qədər böyük kapital ehtiyacımızı qısa müddətdə təmin edə bilməyəcəyik”.

İqtisadçının fikrincə, dövlət özəl əməkdaşlıq çərçivəsində birgə idarəsi mümkün olan layihələri də nəzərdən keçirməli və buna üstünlük verməlidir: “Özəl əməkdaşlıq Qarabağın bərpası prosesində əsas prinsiplərdən biri kimi ortaya qoyulmalıdır. “Hər şeyi özümüz edəcəyik”, “dövlətin pulu var” kimi yanaşmalar ənənəvi və əsassızdır. Bundan qaçmaq və mümkün qədər çalışmaq lazımdır ki, yerli və xarici investorlar daxil olmaqla, özəl investisiya prosesində həm sosial infrastrukturda, həm də iqtisadiyyatın formalaşmasında əsas katalizator və yaxud lokomotiv rolunu öz üzərinə götürə bilsin”.

İqtisadçı alim, professor Əli Əlirzayev bildirib ki, işğaldan azad edilən ərazilərin turizm və iqtisadi potensialı olduqca yüksəkdir: “Azərbaycanın digər rayonlarına nisbətən turizm potensialı daha yüksək qiymətləndirilir. Ekoturizmin və kənd turizminin inkişafı üçün orada münbit şərait mövcuddur.

Qarabağda tarixi, ekskursiya və idman turizminin inkişafı üçün hər cür şərait var. Hətta deyərdim ki, bütün turizm növləri üzrə potensial mövcuddur. SSRİ dövründə də belə idi. Təbii sərvətləri, mineral suları, eləcə də orada turizm infrastrukturunun bərpası bu imkanları daha da artıracaq”.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Prof. Əlirzayev Əli Qəmbərəli oğlu

Professorun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə, ilk növbədə, kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmalıdır: “Çünki zəngin su ehtiyatları var. Eyni zamanda, torpağı da münbitdir. Bundan başqa əlverişli havası var. Cəbrayıl, Füzuli zonalarında pambıqçılıq və əkinçiliyin növləri SSRİ dövründə çox yaxşı inkişaf etmişdi. Bu 2 rayon Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək qabiliyyətindədir. Ağdamda şərab zavodu var idi. Bütün SSRİ-də məşhur idi. “Ağdam” brendi yaradılmışdı. Həmin brendin əvvəlki şöhrətini yenidən bərpa etmək mümkündür. Vaxt var idi ki, ruslar Ağdamın şərablarını barmaqla axtarırdılar. Eləcə də turist axınını təşviq etmək məqsədilə onlar üçün hotellər tikilməlidir”.

Əli Əlirzayev hesab edir ki, işğaldan azad olunan ərazilərdə yay və qış turizminin inkişafı üçün münbit şərait mövcuddur: “Ekoloji turizmə xüsusi diqqət yetirilməlidir. Dağlar, meşələr, çaylar var həmin ərazilərdə, bu da sağlamlıq turizminin inkişafı üçün münbit şərait deməkdir. Üzümçülüyü də inkişaf etdirmək mümkündür. Üzümçülüyü inkişaf etdirəndə onun emal sənayesinin inkişafını da unutmaq olmaz. Eyni zamanda, Ağdam taxılçılıq və pambıqçılıq rayonu idi. Pambıq emalı zavodlarının tikintisi həm də yeni iş yerləri imkanı deməkdir. İşlə təmin olunduqdan sonra Azərbaycan vətəndaşları iş üçün Rusiyaya, başqa ölkələrə yox, Ağdama, Füzuliyə üz tutacaqlar”.

Zümrüd Kərimova