I kurs tələbələri üçün ilk 15 gün təhsil müəssisəsi ilə tanışlıq olacaq

Hit ÖLKƏ
Spread the love

I kurs tələbələri üçün tədrisin ilk 15 günü ərzində ali təhsil müəssisəsi ilə tanışlıq prosesi təşkil olunacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

“Təhsil Nazirliyinin 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”a uyğun olaraq ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq ali təhsil müəssəsilərində əyani formada tədrisin minimallaşdırılması və əsasən distant (məsafədən) təhsil prosesinə üstünlük verilməsi nəzərdə tutulur.

Təlimata əsasən praktik bacarıqların formalaşdırılmasına və inkişafına yönəlmiş və Təhsil Nazirliyi ilə razılaşdırlmış ixtisasların və fənlərin əyani formada, digər fənlərin isə distant (məsafədən) formada tədris olunacaqdır. I kurs tələbələri üçün tədrisin ilk 15 günü ərzində ali təhsil müəssisəsi ilə tanışlıq prosesi təşkil olunacaq. Onlara ali təhsil müəssisəsinin və fakültənin tarixi və inkişaf mərhələləri, kadr hazırlığı aparılan ixtisaslar, maddi texniki bazası, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, 100 ballı qiymətləndirmə sistemi, dərsin növləri haqqında, təqaüd sistemi, elektron resurslardan istifadə qaydaları, yataqxana, poliklinika, konüllülərin fəaliyyəti, müəssisədaxili intizam qaydaları ilə tanışlıq məsələlərinə həsr olunacaq.

Bu zaman tələbələr (hər qrup üzrə 15 nəfərdən çox olmamaqla) əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq növbəli qaydada təhsil müəssisəsinə dəvət olunacaq və tədris otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözləniləcək”, – nazirlikdən qeyd edilib.