Aytəkin Paşayeva: “Böyrək köçürülməsi üçün donorum anam olsa da, əməliyyata maddi imkanımız yoxdur. Mən yaşayıb əsgər anası olmaq istəyirəm.”
Göygöl rayonun Çaylı kənd sakini, iki uşaq anası Paşayeva Aytəkin Elbrus qızı böyrək çatışmazlığından əziyyət çəkir. Aytəkin ağır dializ xəstəsidir. Ailəsi və yaxınları onun həyat və sağlamlığından narahatdır.
Özü, atası və yaxınları “DunyaninSəsi” saytı vasitəsilə ölkə başçısından və birinci vitse-prezident xanım Mehriban Əliyevadan kömək istəyir. Videomüraciətdə bildirilir ki, Aytəkinin hər iki böyrəyi yararsız hala düşüb və o, dializə cəlb edilib. Həkimlər bu gənc xanıma təcili böyrək köçürülməsini məsləhət edib, əks halda həyatını itirə bilər.
Kəlbəcər köçkünü olan Aytəkin Paşayevanın donoru da artıq tapılıb. Öz anası Qəndab Quliyeva öz böyrəyinin qızına köçürülməsinə razılıq verib. Lakin, müvafiq böyrək nəqlinə tələb olunan maddi vəsaitin ödənilməsi ailənin maddi imkanlarının xaricindədir.
Valideyinləri və doğmaları birinci vitse-prezidentə müraciətində fəryad edir, xanım Mehriban Əliyevanın onlara cərrahiyyə xərclərinin qarşılanması üçün zəruri maddi köməklik göstərəcəyinə inandıqlarını deyirlər.
Bildirək ki, 26 yaşlı Aytəkin ailəlidir, himayəsində iki azyaşlı övladı var.
“DünyanınSəsi” Aytəkinin və ailəsinin ürəkdağlayan videomüraciətini təqdim edir.
İnanırıq ki, ananın müraciəti qızının həyatda qalmasına, transplantasiya olunaraq sağlamlığına qovuşmasına vəsilə olacaq!