HAKİM PARTİYANIN QURULTAY SÜRPRİZİ- Partiyalar bir ucdan YAP-a birləşir+ADLAR

Əsas Manşet HADİSƏ
Spread the love

Rəsmən hələ də təsdiqlənməsə də sabah hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultay keçirəcəyi haqda xəbərlər yerli KİV-lərdə yayılmaqdadır. Və qurultay ərəfəsində bir sıra müxalifət partiyaları YAP-a birləşmək barədə qərar qəbul etməkdədir.

Belə qərar verənlərdən biri Milli Qurtuluş Partiyasıdır. Partiya özünün V qurultayını (pandemiyaya görə online formada) keçirib, şəhidlərin, partiyanın qurucusu və ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrini bir dəqiqəlik sükutla yad edib. İndiki başqan Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə YAP-a birləşməsi təşəbbüslə çıxış edib.

Təklifini əsaslandıran başqan qeyd edib ki, Milli Qurtuluş Partiyası ideoloji dəyərlərlə silahlanan partiya olub və torpaqlarımızın düşmən tapdağından azad olunması, instusional və idarəetmə sistemində köklü islahatların aparılması istiqamətində ardıcıl fəaliyyət göstərib: “44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi uğura imza atdı. Prezidentin əzmkarlığı, iradəsi, şəhid və qazilərimizin canı-qanı bahasında biz bu qələbəni əldə etdik. Bu qələbə ilə dövlət kimi, bir daha bütün dünyada özümüzü təsdiq etdik. Üzərimizdə olan ləkəni sildik. Biz tarixi Zəfər qazandıq”.

“Uzun illərdir idarəetmə sistemində ishalatların həyata keçirilməsini tələb edirdik” deyən V.Orucun sözlərinə görə, bu gün hakimiyyətin bütün qollarında – icraedici, qanunverici, məhkəmə sistemində dərin islahatlar həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin inkişafı naminə ortaya ciddi siyasi iradə qoyublar və bu bizim maraqlarımıza tam uyğundur”.

 

V.Oruc qeyd edib ki, müasir şəraitdə yenilənən Yeni Azərbaycan Partiyası ilə Milli Qurtuluş Partiyasının strateji məqsədləri eynidir və vacib hədəflər uğrunda dağınıq deyil, birgə fəaliyyət daha məqbuldur. Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

Bundan əvvəl isə Yurddaş Partyası YAP-a birləşmək barədə qərar qəbul edib. Yurddaş partiyası bir vaxtlar müxalifətdə idi, partiyanın rəhbəri, keçmiş deputat Mais Səfərli bir neçə ay əvvəl koronavirusdan vəfat edib.

Bildirilir ki, ən azı daha 3 partiya da YAP-a qoşulmaq barədə qərar verib. Bunlar aşağıdakılardır:

Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,

– Azərbaycan Kəndli Partiyası sədri Məmməd Məmmədov,

– Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan.

Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxan Musavat.com-a YAP-a qoşulacaqlarını təsdiqləyib.  “Dövlətimiz, xalqımız üçün mənim nəzərdə tutduğum bir sıra mühüm məsələlər, həllini gözləyən ideyalar var ki, onların həyata keçirilməsinə mütləq dövlət səviyyəsində aparılan işlə nail olmaq mümkündür. Bunun üçün də, xüsusilə mən Vətən müharibəsindən sonra qərara gəldim ki, partiyamız hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasına qoşulsun. Biz də hakimiyyətdə olan partiyanın təmsilçisi kimi həmin vacib ideyaların reallaşması işində iştirak edək. Dövləti güclü dövlət etməliyik. Mən digər partiyalara da bununla bağlı müraciət edəcəyəm. Hamımız birləşməli, dövləti gücləndirməliyik. Ölkədə çoxlu sayda partiyanın olmasındansa üç-dörd güclü partiya fəaliyyət göstərməlidir”,-Turabxan deyib.

Partiya sədri Yeni Azərbaycan Partiyasının qurultayına dəvət aldığını da bildirib.

Dünyanıpənsəısi.Az