
Hər üç Rusiya vətəndaşından biri Vladimir Putinin 2024-cü ildən sonra siyasətdən getməsini istəyir
Rusiya vətəndaşlarının 33%-i prezident Vladimir Putinin 2024-cü ildən sonra pensiyaçı olmasını, artıq dövlət işlərinə qarışmamasını arzulayır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir nəticə “Levada-sentr” sorğu mərkəzinin araşdırması zamanı ortaya çıxıb. Mərkəz respondentlərə “Siz Vladimir Putini 2024-cü ildən sonra hansı rolda görmək istərdiniz”, deyə sual ünvanlayıb.
Mərkəzin direktoru Lev Qudkov nəticələrin onun üçün də sürpriz olduğunu, bu qədər adamın Vladimir Putini istefaya göndərmək istədiklərini gözləmədiyini söyləyib. Onun fikrincə, artıq insanlar iqtidardan bezib və ölkədə 2010-2011-ci illərdəki situasiya yaranıb.
Rusiyanın hazırkı dövlət başçısını 2014-cü ildən sonra prezident kimi görmək istəyənlərin sayı 27% civarında olub. Onun bu və ya başqa bir vəzifədə olmasını arzulayanlar isə 55%-dir. Bunların içində “Rusiya və Belarus İttifaq Dövlətinin prezidenti”, “hökumət sədri”, “Vahid Rusiya partiyasının lideri” və hətta “Xalqın rəsmi lideri və Təhlükəsizlik Şurasının katibi “kimi vəzifələr var.
Araşdırmada Vladimir Putinin iki qrupda-çox yaşlı (55 yaşdan yuxarı) və gənc nəsildə (18-24 yaş) populyar olduğu üzə çıxıb. Lev Qudkov bunu orta məktəblərdə əsl sovet ritorikası ruhunda “Rusiyanın böyük dövlət olması”, “Qərbin Rusiyaya qarşı sui-qəsd planları qurduğu” kimi təbliğat aparılması ilə izah edir. “Bu cür təbliğatdan təsirlənən məktəblilər daha sonra ali təhsil alarkən artıq öz həyat təcrübələri və baxışları ilə hərəkət edirlər. Beləliklə onların fikir və rəyləri də dəyişir. Təsadüfi deyil ki, Putinin ən aşağı reytinqə malik olduğu yaş qrupu da məhz 39-55 arasındadır.