
Həbs edilən icra başçısı vəzifəsindən azad edildi – Sərəncam
Ölkə başçısı İlham Əliyev həbs edilən icra başçısıyla bağlı sərəncam verib.
DunyaninSesi xəbər verir ki, sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edek ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.