Gültəkin Hacıbəyli:”Mən niyə neftin ucuzlaşmasına sevinirəm?!”

Hit İQTİSADİYYAT
Spread the love

Neft Azərbaycan xalqının ana südü qədər halal sərvətidir.

Neft bu ölkəyə rifah, firavanlıq, tərəqqi, inkişaf gətirməli idi. Neft hər bir azərbaycanlının xoşbəxt, rahat, firavan həyatının təminatına çevrilməli idi.
Qarabağın azad edilməsinə olan ümidlərimizi də neftə bağlamışdıq. Neft milyardları hesabına güclü iqtisadiyyat, ordu və cəmiyyət qurub işğal altında olan torpaqlarımızı azad edəcəkdir…
Amma sən saydığını say, gör YAP rejimi nə saydı!
Bəli, mən neftin qiymətinin ucuzlaşmasına sevinirəm, çünki
O neft mənim ölkəmə və xalqıma bədbəxtlik gətirdi;
O neftə arxalanan hakimiyyət ölkə iqtisadiyyatını məqsədyönlü şəkildə çökdürüb korrupsiya, inhisarçılıq və tayfabazlığı dövlət idarəetmə mexanizminə çevirdi;
O neftə güvənən hökumət müstəqil məhkəmə sistemini məhv edib hər gün elə məhkəmə zallarındaca Femidanı zorladı, insanların hüquqlarını çeynədi;
O neft milyardlarını mənimsəmək üçün insanların evləri başlarına uçuruldu;
O neftin pulu ilə Avropanın və dünyanın çirkli siyasətçiləri ələ alındı, Azərbaycan vətəndaşlarına verilən amansız işgəncələrə haqq qazandırıldı; günahsız insanlar həbsdə çürüdüldü, analar ağlar qaldı.
O neftin hesabına bir ovuc quldur və görməmiş məmur milyard sahibi oldu, övladlarına dünyanın dörd bir yanında yüz milyonluq əmlaklar, on milyonluq mülklər aldılar, Azərbaycan balalarına isə hətta sovet işğalçılarının verdiyi uşaq pulunu çox gördülər.
O neftin hesabına bir hökumətin istisnasız olaraq bütün nazirləri milyard, bütün icra başçıları milyonlar sahibinə çevrildi, Avropanda, Türkiyədə, Dubayda biznes imperiyaları qurdu, övladlarına bir milyona ayı kababı yedizdirdi, dörd milyona saat aldı, ancaq Qarabağın bir qarışını ala bilmədi.
O neftin pulu dünyanın bütün ekzotik ofşor ərazilərinə daşındı, yüz milyardlarla sərvət talandı, ancaq mənim milyonlarla həmvətənim müalicə üçün üz tutduğu İran sərhəddində günlərlə zülm yaşadı.
O neftin pulundan 8 milyard dollara Avropa Oyunları, 3 milyard dollara Formula 1 yarışları keçirdilər, erməni idmançılarının gününə 36 min dollar xərclədilər, ancaq evində balası acından ağlayan Azərbaycan vətəndaşına 190 manat qıymadılar.
O neftin sayəsində bir vaxtlar Qafqazın ən böyük iqtisadiyyatı indi Ermənistan iqtisadiyyatından kiçikdir. Bəli, o nefti çıxsan, Ermənistan iqtisadi baxımdan Azərbaycandan daha güclü dövlətdir. Mən hələ Gürcüstandan danışmıram.
O neftin gətirdiyi bədbəxtlik nəticəsində Azərbaycan hakimiyyəti bizi bütün göstəricilər üzrə işğalçı dövlətə uduzdurub: biz ermənilərdən daha az maaş, pensiya, sosial müavinət, qan pulu alırıq. Ermənilərdən fərqli olaraq uşaq pulunu isə heç almırıq, tibbi sığortamız da yoxdur.
O neftin puluna arxayın olan hökumət uşaqlarını xaricə təhsil almağa göndərib, amma ölkə təhsilini məhv edib, başı ağrıyanda da, dişi ağrıyanda da müalicə olunmaq üçün Almaniyaya, Israilə qaçıb, amma ölkə səhiyyəsini məhv edib.
O neftin puluna xaricdən ərzaq idxal edə biləcəyinə və inhisarçılıqdan milyardlar qazanacağına arxayın olan hakimiyyət kənd təsərrüfatımızı məhv edib.
O neftin puluna Regionların Sosial-İqtisadi İnkişafı layihəsinın çətiri altında 70 milyard manat büdcə pulunun başına daş salıblar, amma kəndlərimiz səfalət və işsizliyin girdabında çabalayır.
Neft milyardları ölkəyə axmağa başlayandan 2 milyondan çox azərbaycanlı Vətənindən didərgin düşdü, Rusiya çöllərində özünə və ailəsinə bir tikə çörək tapdı, ancaq o neftdən həmin 2 milyona bir tikə çörək qismət olmadı.
O neftin puluna Vatikan katakombları, Müqəddəs Petka kilsəsi, Həştərxanda uşaq bağçaları düzəldi, ancaq 21-ci əsrdə Bakının kanalizasiya sistemi düzəlmədi.
150 milyard neft pulunu yedilər. O neftin pulundan gələcək nəsillər üçün ayrılmış payı da basıb yedilər, üstündən su içdilər və çox böyük ehtimalla indi o Fondun ələyi ələnib, xəlbiri göydə fırlanır.
O neftin puluna polisi cəbr aparatına çeviriblər, 19 oktyabrda dinc azərbaycanlıların başına dəyənək çırpan, Əli Kərimlini ölümünə döyən, 8 iyunda Yasamalda insanları yatağından yarı-çılpaq vəziyyətdə sürüyən Çevik Polis Alayı qolunun gücünü o neftə borcludur.
O neftin pulu, daha doğrusu neft süfrəsinin qırıntıları ilə yüzlərlə “müxalifətçi”, “ictimai fəal”, “jurnalist”, QHT üzvü satın alınıb, sındırılıb, vicdanı ilə kompomisə, daxili senzuraya məcbur edilib və onlardan bir çoxu indi hakimiyyətin “fas” komandası ilə, bəziləri bir “molodes” alacaqları ümidilə bizim üstümüzə yerikləyirlər.
Bu millətin min illik halal sərvəti olan neft bir ovuc quldurun və korrupsionerin əlində bu millətin evini yıxmağa vəsilə olub.
Neftin verdiyi toxunulmazlığa, qüdrətə güvənərək bu millətin belini qırıblar, qanını içiblər, əhədini kəsiblər, ümidlərini puç ediblər, həyatını məhv ediblər, gələcəyini oğurlayıblar.
Neft mənim xalqıma xoşbəxtlik, firavan həyat, rifah gətirmək əvəzinə fəlakət gətirib, dərd gətirib, zülm verib.
Neftin qiyməti 150 dollar olanda da bu millət onun faydasını görməyib, 25 dollar olanda da.
Neftin qiymətinin ucuzlaşmasının və ya bahalaşmasının mənim xalqıma heç bir aidiyyatı yoxdur.
Sadəcə, qiymət baha olanda daha çox oğurlayanlar qiymət ucuzlaşanda daha az oğurlayırlar, offşorlara daha az pul daşıya bilirlər ki, bunun da dərdini çəkmək nə mənə, nə mənim millətimə qalıb.
Bütün bunlardan sonra mən neftin qiymətinin ucuzlaşmasına görə göz yaşı tökməliyəmmi?!