Göyçayda polisin qulağının kəsilməsi hadisəsinin təfərrüatları

Manşet MÜSAHİBƏ
Spread the love

Zərgül Məmmədova: “Evim başıma uçur, nə müalicə elətdirə bilirəm, nə də dövlət pul verir ki, özü müalicə olunsun…”

Göyçayın Bığır kənd sakini, 28 yaşlı Nursoltan Məmmədov polis sahə rəisinin qulağını kəsməkdə ittiham edilərək, həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətinin aprelin 28-də yaydığı məlumatda bildirilir ki, Nursoltan Məmmədov Bığır icra nümayəndəliyində mübahisə yaradıb. Polis sahə rəisi Şahin Xalidov onu sakitləşdirməyə çalışıb. O, divardakı lövhəni sındırıb, onun bir hissəsi ilə polis əməkdaşına xəsarət yetirib. Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə cinayət işi başlanıb. Nursoltan Məmmədov aprelin 27-dən şübhəli şəxs qismində saxlanılıb.

Hərbi xidmətdən yarımçıq geri qaytarıblar

Anası Zərgül Məmmədova Meydan TV-yə danışır ki, Nursoltan Məmmədovun səhhətində ciddi problemlər var. Lakin maddi imkansızlıq üzündən ailə onu müalicə etdirə bilmir. Nə də dövlət ona pensiya vermir ki, heç olmasa, öz puluna müalicə oluna bilsin.

Anasının sözlərinə görə, beş övladından biri olan Nursoltan Məmmədov sepsis xəstəliyilə dünyaya gəlib. Zərgül Məmmədova deyir ki, oğlu başqa xəstəliklərlə yanaşı, görmə problemi də yaşayırdı. Buna baxmayaraq, 2012-ci ilin iyulunda onu hərbi xidmətə aparıblar. Lakin bir müddət keçəndən sonra onun durumunda ağırlaşmalar müşahidə olunub və hərbi xidmətdən yarımçıq geri qaytarılıb.

“Gördülər ki, çox ağırlaşır, göndərdilər üstümüzə”

“2012-nin iyulunda əsgərliyə gedib, 2013-cü il martın 8-də evimə göndəriblər. Yəni yarımçıq qaytarıblar. Bütün sənədlər də var. Hərbi komissarlıqdan 2750 manat da əlinə pul verdilər ki, şikayətçi olmayaq. Aparanda da xəstə idi. Dedilər ki, gedin, pensiya da versinlər. Çünki bu uşaq xəstədir. Bu günə qədər pensiya vermirlər. Evim başıma uçur, nə müalicə elətdirə bilirəm, nə də dövlət pul verir ki, özü müalicə olunsun. Gözü də yaxşı görmürdü. Hətta bir dəfə əsgərlikdə eynəyi sınmışdı, çox pis vəziyyətə qalmışdı, dərhal yenisini alıb göndərdik”, – Zərgül Məmmədova danışır.

Dedilər ki, nazirlikdən adam gələcək”

Aprelin 27-də polis əməkdaşıyla insident baş verən vaxt evdə olmadıqlarını deyən ananın sözlərinə görə, o, hadisənin necə baş verdiyindən xəbərsizdir. Çünki başqa bir rayona qonaq gedibmiş. Geri qayıdanda eşidib ki, oğlunu polislər tutub aparıblar. Göyçay Rayon Polis Şöbəsinə getsə də, oğlu ilə görüşə bilmədiyini deyir:

“Dedilər ki, nazirlikdən adam gələcək. Dünəndən (aprelin 27-dən) oğlumu görməmişəm. Bilmirəm ki, niyə olub, necə olub”.

“Bir Allah bilir ki, onları hansı zülmlə böyütmüşəm”

Zərgül Məmmədova ailənin maddi durumunun ağır olduğunu, bunun da oğlunun əsəblərinə mənfi təsir göstərdiyini vurğulayır:

“7 nəfərlik külfətəm. Bir manat da hökumətdən alacağım yoxdur. Beş övladım var, bir Allah bilir ki, onları hansı zülmlə böyütmüşəm… Özüm xəstə adamam. Mən bu xəstə uşağın arxasınca necə gedim?”

Gununsesi.info