Fransanın xarici siyasət prioritetlərində Azərbaycanın yeri

Əsas Manşet SİYASƏT
Spread the love

Fransa Senatı və Milli Assambleyası tez bir zamanda hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımağa və sektoral (energetika sənayesi üzrə) və şəxsi sanksiyalar tətbiq etməyə çağıran anti-Azərbaycan qətnamələri qəbul etdi.

44 günlük müharibə zamanı Fransa bu məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaqla və Avropa strukturları vasitəsilə Azərbaycana təsir göstərərək işğal olunan torpaqların azad edilməsini dayandırmağa çalışıb. Bakı Fransanın vasitəçiliyindən imtina etdikdən sonra separatçıların rəhbəri Parisə dəvət olunub, o, senatorlarla görüşüb və hökumətyönlü telekanala ətraflı müsahibə verib.

Bu günlərdə Senatda təmsil olunan partiyaların rəhbərləri Qarabağın Azərbaycandan qoparılması üçün onun dağlıq hissəsinə silahlı hücum həyata keçirmək təklifi ilə prezident Emmanuel Makrona müraciət ediblər. Bu hərəkətlər göstərdi ki, Fransa münaqişənin həllində maraqlı deyil və ermənilərin Xankəndindəki separatizmini dəstəkləyir.

Bu materialda biz Fransanın belə kurs götürməsinin subyektiv amillərə görə, yoxsa onun xarici siyasət prioritetləri sisteminə uyğun olduğunu anlamağa çalışacağıq.

Qeyd etmək istəyirəm ki, bunu erməni lobbisinin əməllərinin nəticəsi kimi izah edən nüfuzlu ekspertlərimizin fikri ilə qətiyyən razı deyiləm. Belə yanaşma bizi bu fenomenin əsl səbəblərindən uzaqlaşdırır, düşmənimizin imkanlarını artırır və bununla da bizi yaranmış situasiyalardan çıxış yolu tapmaq və Fransanı zərərsizləşdirmək imkanından məhrum edir.

Əvvəlcə Fransanın xarici siyasət xətti ilə tanış olaq. Gəlin onun analoji hallarda necə hərəkət etdiyini, qarşısına hansı vəzifələr qoyduğunu öyrənək, sonra təhlilin nəticələrini onun Azərbaycanla bağlı siyasəti ilə müqayisə edək. Yalnız bu halda biz suala cavab tapa biləcəyik – Fransanın siyasətinə qarşı çıxmağın düzgün yolu hansıdır?

Müasir Fransanın qurucusu İkinci Dünya Müharibəsi illərində Müvəqqəti Hökumətə başçılıq etmiş, müharibədən sonrakı illərdə isə Fransa Respublikasının Prezidenti olmuş general Şarl de Qolldur.

O, Fransanın əsas xarici siyasət konturlarını açıqladı, kiçik dəyişikliklərlə sonrakı prezidentlər bu konturlara sadiq qaldılar. De Qollun qollizm adlanan xarici siyasəti milli istiqlal doktrinasına və Fransanın böyüklüyünə söykənir, keçmişin qatlarından qurtulmaq prosesində yaranıb. Burada qeyd etmək yerinə düşərdi ki, Fransa ilk sivil xristian dövləti hesab olunur, tarixən güclü və dominant ölkə olub, aparıcı imperiyalardan biri olub, qonşu ölkələrə həm siyasi, həm də mədəni baxımdan çox böyük təsir göstərib.

Buna misal olaraq liberalizmi gətirən və bir çox feodal və ya ənənəvi qanun və təcrübələrə son qoyan Fransa İnqilabını göstərmək olar. Fransanın mədəni təsirinin nə qədər böyük olduğunu ən azı ona əsasən də demək olar ki, 1812-ci il müharibəsindən əvvəl rus imperatorlarının sarayında rus aristokratiyası fransızca danışırdı. Ona görə də de Qollun Fransanın əvvəlki əzəmətini bərpa etmək istəyi təbii görünür.

Şarl de Qollun irəli sürdüyü “Fransanın böyüklüyü” ideyası fransızların milli qüruruna ünvanlanmışdı və ən mühüm beynəlxalq problemlərin həllində Fransanın fəal iştirakını nəzərdə tuturdu. Fransanın xarici siyasətinin əsas məqsədi beynəlxalq arenada öz maraqlarını səmərəli şəkildə müdafiə edə bilən dünya dövləti rolunu möhkəmləndirmək, mümkün olduqda isə aktyor kimi çıxış etmək idi. Ona görə də Fransa Ermənistanla aramızda olan münaqişədən kənarda qala bilməzdi və prezident Jak Şirakın ATƏT-in Minsk Qrupunda yer almaq istəyi Parisin xarici siyasətinə tamamilə uyğun gəlir.

Fransızları Qafqaz regionunda fəal olmağa sövq edən amillərdən biri də onun ənənəvi anti-anglo-sakson oriyentasiyasıdır. Fransa Rusiyanın təsirinin zəifləməsi fonunda Cənubi Qafqazda ingilis-Amerika tandemini gücləndirməkdə maraqlı deyil. Bu rəqabət uzun tarixə malikdir və onun coğrafiyası bütün dünyanı əhatə edir.

Bu rəqabət ondan başladı ki, 1328-ci ildə Fransa kralı IV Karl öldü və özündən  sonra oğlu qalmadı, İngiltərə kralı III Edvard onun bacısının oğlu kimi Fransa taxtına iddia etdi. Onun iddiaları rədd edilsə də və Karl ən yaxın kişi qohumu olan VI Filip padşah olsa da, Edvardın Fransa kralı titulu iddiası iki krallıq arasında 1337-ci ildə baş verən Yüz illik müharibəyə səbəb oldu. Sonra Şimali Amerikada müstəmləkələrə sahib olmaq uğrunda müharibələr (XVII-XVIII), İspaniya mirası uğrunda müharibə (1701-1714), La-Manş boğazında, Aralıq dənizində, Hind okeanı və Vest-Hinddəhökmranlıq uğrunda İngilis-Fransız müharibəsi (1778-1783) baş verdi.

1990-cı illərdə Böyük Britaniya və Fransa Afrikada müstəmləkələrin bölünməsi prosesində rəqabət aparırdılar.

Böyük Britaniya Napoleonun məğlubiyyətində aparıcı rol oynadı. O, rus ordusunu müxtəlif silahlarla təmin edirdi. Vaterloodakı birləşmiş qüvvələrə ingilis generalı rəhbərlik edirdi.

Bu rəqabət bu gün də davam edir.

İkinci Dünya Müharibəsi illərində Uinston Çörçil deyirdi ki, general Şarl de Qollun rəhbərlik etdiyi Müvəqqəti Hökumət Böyük Britaniyanın dostu deyil.

1963-cü ildə Şarl de Qoll ABŞ-ın Asiya siyasətini getdikcə daha açıq şəkildə tənqid etməyə başladı. 1964-cü ildə Fransa ÇXR-i tanıdı (Amerikalılar yalnız 1974-cü ildə).

1965-ci ildə Paris Vyetnama qarşı müharibədə amerikalılara dəstək verən ABŞ-ın rəhbərlik etdiyi SEATO hərbi-siyasi blokundan öz nümayəndələrini geri çəkdi. Həmin andan etibarən Amerikanın Vyetnama müdaxiləsini dayandırmaq tələbi Fransanın xarici siyasətinin daimi elementinə çevrildi.

Parisin xarici siyasətinin metamorfozalarından biri də Fransanın Yaxın Şərq siyasətinin İsraili dəstəkləyən amerikalılardan fərqli olaraq ərəb ölkələrini dəstəkləməyə istiqamətlənməsi oldu. Bundan sonra fransızlar ərəb-İsrail danışıqlarında əsas vasitəçi olmağa çalışdılar, lakin heç nə alınmadı. Daha sonra Fransa Yaxın Şərq regionunda amerikalılara tamamilə uduzdu.

1964-cü ildə Latın Amerikasında 16 ölkəyə səfər edən Şarl de Qoll hər yerdə ABŞ-ın siyasətini tənqid edib və bu, Ağ Evdə narazılıq yaradıb. Prezident Con Kennedi onunla görüşəcəyini gözləsə də, de Qoll ABŞ-a səfər etməyə vaxt tapmayanda narazılıq qıcıqlanmaya çevrildi.

1966-cı ildə Fransa siyasi strukturun üzvü qalaraq NATO hərbi təşkilatından çıxdı. Bu addım Şarl de Qollun Fransanı böyük dövlət statusuna qaytarmaq siyasətini həyata keçirmək məqsədilə atılıb, bura müstəmləkə problemlərinin həlli, öz nüvə silahının yaradılması, hərbi, iqtisadi və maliyyə cəhətdən ABŞ-dan asılılıqdan qurtulmaq daxildir.

Fransa Vaşinqtonun rəqibləri kimi gördüyü Salvadordakı partizanları və Nikaraquadakı sandinistaları dəstəklədi. 1983-cü ilin oktyabrında Fransa Moskva ilə həmrəy olaraq, dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn solçu hökuməti devirmək üçün ABŞ-ın Qrenadaya hücumunu qətiyyətlə pislədi.

2003-cü ildə Fransa Səddam Hüseyn rejimini devirmək üçün İraqa qarşı hərbi əməliyyatda iştirakdan imtina etdi. Parisin bu demarşı təkcə isteblişment tərəfindən deyil, adi amerikalılar tərəfindən də ağrılı qarşılandı. Onlar başa düşmürdülər ki, iki dəfə (Birinci və İkinci dünya müharibələri zamanı) amerikan əsgərlərinin həyatı bahasına işğaldan azad edilmiş bir ölkə ABŞ-a lazım olanda yardımdan necə imtina edir. Buna etiraz olaraq amerikalılar fransız mallarından imtina etdilər.

Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin başlanğıcında 24 fevrala qədər sərhədlərə qayıtmağı tələb edən ABŞ və İngiltərənin mövqeyindən fərqli olaraq Fransanın mövqeyi aydın və dəqiq deyildi. O, problemi Ukrayna ərazisinin 20%-ni işğal edən təcavüzkarla danışıqlar yolu ilə həll etməyi təklif edib. Belə bir siyasət Parisin antianqlosakson siyasətinə kifayət qədər uyğundur. Rusiya Federasiyasının məğlubiyyəti Fransaya sərfəli deyil, çünki bu, ABŞ-ı gücləndirir və Paris Vaşinqtonla qarşıdurmada tərəfdaşını itirir.

Paris davamlı olaraq Amerika iqtisadiyyatının Avropada və dünyada təsirinə qarşı addımlar atırdı. 1965-ci ildə Şarl de Qoll dolların gücünə zərbə vurmaq qərarına gəldi, onun üstünlüyünü ı şübhə altına aldı və beynəlxalq valyuta sisteminin yenidən qurulmasına çağırdı (bu gün Putin buna nail olmağa çalışır). Qızıl standartına qayıtmaq üçün 1965-ci il yanvarın 7-də Fransa Bankı ABŞ Xəzinədarlığından Fransa dolları ehtiyatlarının bir hissəsini qızıla dəyişməyi tələb etdi.

Fransızlar Avropa strukturlarının köməyi ilə Amerika mallarının Avropa bazarına daxil olmasının qarşısını almağa çalışırdılar.

Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, Fransanın Azərbaycanla bağlı siyasəti onun antianglosakson siyasətində uyğundur. O, Rusiyanın zəifləməsi fonunda regionda, xüsusən də Azərbaycanda İngiltərə-Amerika tandeminin güclənməsində maraqlı deyil. Ona görə də İrəvan Vaşinqtona yaxınlaşaraq, Azərbaycanın da maraqlarına cavab verən Amerika nizamlama planını qəbul etməyə hazır olanda Fransa fəallaşdı. Bu halda Ermənistan Rusiyanın təsirindən çıxıb Amerika çətiri altına düşə bilər ki, bu da Fransanın maraqlarına ziddir. Bu halda Rusiya Federasiyasının maraqlarına uyğun hərəkət edən və Vaşinqtonun maraqlarına zidd olan Fransa yuxarıda qeyd olunan qətnamələr və digər üstünlüklər qəbul etməklə Ermənistanı özünə bağlamağa başlayır. Və hələlik Amerika planının qəbul edilməsinin qarşısını almağa müvəffəq olub.

ABŞ-ın dünyada artan strateji təsirini tarazlaşdırmaq üçün Fransa SSRİ ilə, indi isə Rusiya Federasiyası ilə yaxınlaşma kursunu davam etdirirdi. Fransanın Rusiya ilə tarixən yaxşı münasibətləri olub. Rusiya materik imperiyası idi və çox sonralar Avropa klubunun üzvü oldu. Ona görə də onun maraqları Fransanın maraqları ilə kəsişmirdi. Bundan əlavə, Rusiya daim Böyük Britaniya və ABŞ ilə rəqabət aparırdı. Burada Moskva ilə Parisin maraqları tamamilə üst-üstə düşürdü. Qeyd edək ki, Putinin xarici siyasətinin ana xətti, suverenlik və ABŞ-dan asılı olmmaq, demək olar ki, Fransanın xarici siyasətinin strateji xətti ilə eynidir. Bu identiklik bu ölkələrin xarici siyasət tərəfdaşlığına töhfə verir.

General de Qoll Fransa-Rusiya münasibətlərini belə səciyyələndirir: “Fransa və Rusiya üçün bir olmaq güclü olmaq, ayrı olmaq təhlükə altında olmaq deməkdir. Doğrudan da, bu, coğrafi mövqe, sağlam düşüncə baxımından vazkeçilməz şərtdir.

De Qoll əmin idi ki, planetin ən böyük dövləti ilə əməkdaşlıq “Fransa Böyüklüyünü” dirçəltmək ideyasını həyata keçirməyə kömək edəcək. Bu xətti de Qollun davamçıları da davam edirdilər.

2014-cü ildə Qərb ölkələrinin anti-Rusiya kampaniyasının qızğın vaxtında Moskvada səfərdə olan Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Esten demişdi ki, Rusiyaya qarşı sanksiyalar “Avropanın maraqlarına cavab vermir və beynəlxalq hüquqa ziddir”. Siyasətçi xatırladıb ki, Krım bir neçə əsr əvvəl Rusiyaya məxsus olmağa başlayıb.

Valeri Jiskar d’Esten Qərb ölkələrini Rusiyanın G8 üzvlüyünün bərpasına kömək etməyə çağırıb. O, bütün beynəlxalq qanun və qaydalara zidd olaraq Krımın ilhaqını faktiki olaraq qəbul etdi.

Aşağıda Sovet səfiri Maşkovun vəfatı ilə əlaqədar həyat yoldaşı V.J.de Estenə yazdığı məktubdan bir hissəni təqdim edirik: “Son illərin geosiyasi təlatümləri kontekstində biz məhz onun tərəfindən həmvətənlərin mənafeyinin və tarixi ədalətin müdafiəsi istiqamətində hərəkətlərimizə anlaşma və dəstək gördük”. Gördüyümüz kimi, V. J. d’Estain əslində “tarixi ədalətin” bərpasında Putini dəstəklədi.

Jiskar d’Esten yeganə Qərbi Avropa lideri idi ki, sovet qoşunları Əfqanıstana daxil olduqdan sonra Brejnevlə şəxsi əlaqələr saxlayıb və antisovet sanksiyalarının tətbiqinə qarşı çıxıb.

Bu xətti Fransua Mitteran davam etdirdi. 1982-ci ilin yayında o, Polşada hərbi vəziyyətin tətbiqinə cavab olaraq SSRİ-dən Qərbi Avropaya qaz kəmərinin çəkilişində iştirakdan imtina etməklə bağlı ABŞ-ın tələbini yerinə yetirmədi.

Həmçinin, Mitteran Moskvanın öhdəsindən gələ bilmədiyi Amerikanın SSRİ ilə sürətlə silahlanma yarışına yönəlmiş “strateji müdafiə təşəbbüsü” proqramını dəstəkləmədi. Fransa ABŞ-ın Qrenadaya təcavüzünü pisləyəndə ölkənin prezidenti məhz o idi.

Fransa ilə SSRİ arasında beynəlxalq aləmdə münasibətlər o qədər sıx idi ki, Zbiqnev Bjezinski 1990-cı ilin yayında “Le Figaro” qəzetinə verdiyi müsahibədə Fransa və SSRİ-ni “soyuq müharibə”də əsas uduzan ölkələr adlandırdı. Ona görə də Fransanın hərəkətlərinin Rusiyanın maraqlarına zidd olmamasında təəccüblü heç nə yoxdur. Rusiya kimi Fransa da Ermənistanın təcavüzünü dəstəkləyir.

Mitteran ehtiyat edirdi ki, Almaniyanın birləşməsi onun həddindən artıq güclənməsinə gətirib çıxara bilər və bununla da onun Avropada siyasi liderliyini saxlamaq planlarını poza bilər. Hadisələrin belə inkişafının qarşısını almaq üçün Mitteran ABŞ, Böyük Britaniya, Polşa və SSRİ ilə danışıqlar apardı. Qeyd edək ki, bu, Fransanın Almaniyanın birləşməsinə qarşı ilk mübarizəsi deyil.

Tarixən Fransa alman dövlətlərinin vahid Almaniyada birləşməsinə qarşı çıxır, bunu öz liderliyinə təhlükə kimi görürdü. Bu baxımdan iki ölkə arasında münasibətlər düşmənçilik xarakteri daşıyırdı. Bir neçə Fransa-Prussiya müharibəsi olub. Onlardan biri Fransanın məğlubiyyəti və Alman Reyxinin yaranması ilə başa çatdı.

Fransa təkcə kontinental Avropada deyil, hər yerdə güclü dövlətlərin yaranmasına qarşıdır. Fransanın Türkiyənin güclənməsinə mənfi münasibəti və ermənilərə sevgisi bundan irəli gəlir. Türkiyənin Aİ-yə daxil olmasına qarşı çıxan əsas ölkə məhz Fransa idi, çünki Ankara Avropa strukturlarında Parisin rəqibinə çevrilə bilərdi. Qarabağ probleminin Azərbaycanın xeyrinə həlli təkcə Qafqaz regionunda deyil, Fransa və Türkiyənin maraqlarının toqquşduğu yerlərdə, məsələn, Aralıq dənizində Azərbaycan-Türkiyə tandemini gücləndirir.

Atlantika əlaqələrini gücləndirmək şüarı ilə hakimiyyətə gələn Nikola Sarkozi prezidentliyi dövründə seçki proqramını korrektə etməli olur. Qollist olmayan Sarkozi “soyuq müharibə” bitdikdən sonra beynəlxalq münasibətlərin çoxqütblü sisteminin inkişafının tərəfdarı idi. Və burada Fransa Rusiya Federasiyasının dəstəyini tapır. Prezidenti Rusiyaya qarşı ritorikasını dəyişməyə vadar edən amillərdən biri də iqtisadi praqmatizm olub. Rusiyaya yatırılan investisiyaların həcminə görə fransızlar ikinci yerdədir. Fransa şirkətləri 106 min iş yeri açıb. Bu göstəriciyə görə onlar Rusiya bazarında liderdirlər. Fransa şirkətləri Rusiyanın enerji sektoruna çox sıx inteqrasiya olunub. Fransa ilə Rusiya arasında ticarət dövriyyəsi 20 milyard dollara yaxındır.

Ona görə də rəsmi Bakının ticarət əlaqələrini genişləndirməklə Fransanı neytrallaşdırmaq siyasəti öz məqsədinə çata bilmədi. Hökumət dəniz qüvvələri üçün 3 milyard avrodan çox vəsait almaq niyyətində idi. Azərbaycan-Fransa ticarət dövriyyəsinin 0,6 milyard dollar olduğunu nəzərə alsaq, o, Rusiya bazarında Fransanın maraqları ilə rəqabət apara bilmir. Bəzi ekspertlərin təzyiq rıçaqı kimi “Total”ın Azərbaycan bazarından çıxarılmasına başlamaq təklifləri var. Bundan Fransa iqtisadiyyatı zərər görməyəcək, lakin beynəlxalq məhkəmə çəkişmələri, müxtəlif məhkəmə iddiaları Azərbaycana zərər verə bilər. Qeyd etmək lazımdır ki, hətta böyük bazarı olan Türkiyə də iki ölkə arasında münasibətlərin ən aşağı həddə olduğu bir vaxtda fransız mallarını boykot kampaniyasına başlayaraq fransız şirkətlərinə dövlət sifarişindən imtina siyasəti yürüdəndə nəticə əldə edə bilmədi.

Nikola Sarkozinin prezidentliyi, eləcə də Fransanın Avropa İttifaqında həmsədrliyi Rusiya-Gürcüstan müharibəsinə çevrilən gürcü-osetin münaqişəsi dövrünə düşdü. Bu müharibə Qərblə Rusiya arasında münasibətlərin atmosferinin dəyişməsinə səbəb oldu. 2008-ci il sentyabrın 1-də Aİ-nin fövqəladə iclasında Gürcüstanın işğalı ilə bağlı narahatlıq ifadə edildi və Rusiyanın Abxaziya və Cənubi Osetiyanı rəsmən tanıması qərarının qəbuledilməz olduğu elan edildi. Aİ əvvəlcə Rusiyanı Gürcüstanla sülh bağlamağa məcbur etmək üçün onu strateji tərəfdaşlığı dayandırmaqla hədələdi. Lakin avropalılar Aİ ilə mehriban qonşuluq siyasəti çərçivəsində Moskva ilə əməkdaşlığı davam etdirmək siyasətini dəstəkləyərək Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən və “yeni Avropa” ölkələrinin tələblərini yerinə yetirməkdən çəkindilər. Bu mövqe böyük ölçüdə Fransanın Aİ-yə sədrliyi sayəsində formalaşıb.

Həmin dövrdə Nikola Sarkozi Rusiya ilə Gürcüstan arasında yaranmış böhranın həllində vasitəçi rolunu öz üzərinə götürdü, günahı Tbilisinin üzərinə atdı və hərbi müdaxilənin Tbilisi tərəfindən baş verdiyini bildirdi. Nəticədə Medvedev-Sarkozi planı hazırlandı və bu plan bütün münaqişə tərəfləri tərəfindən qəbul edildi. Çoxları bu razılaşmanı Fransanın qələbəsi adlandırıb. Göründüyü kimi, burada Fransa Avropa və Gürcüstanın deyil, Rusiyanın maraqlarından çıxış edib. Ona görə də o, Ermənistan-Azərbaycan münaqişəsində nəticə əldə edə biləcəyinə inandı və fəaliyyətini intensivləşdirməyə başladı. Fransa Bakı ilə İrəvan arasında aparılan danışıqlara müdaxilə edərək, Ermənistanın və separatçıların maraqlarından çıxış etməklə Bakını Ermənistan ərazisində hərbi əməliyyatlar aparmaqda, yəni işğalçılıqda ittiham etdi. Gördüyümüz kimi, Fransanın Qarabağa yanaşması Gürcüstan ssenarisi ilə eynidir, lakin Gürcüstan ssenarisindən fərqli olaraq, Azərbaycan ittihamları rədd etdi.

Sarkozi Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı fəaliyyət planının təqdim edilməsinə qarşı çıxdı və bununla da Rusiya Federasiyasını məmnun etdi, çünki o hesab edirdi ki, Moskvanın iştirakı olmadan Avropa təhlükəsizliyi hərtərəfli ola bilməz. Fikrimizcə, Fransanın yeni gənc müstəqil dövlətlərə münasibətdə belə davranışının yeganə səbəbi bu deyil. Fransanın böyüklüyü ona gənc müstəqil dövlətlərlə üfüqi əlaqələr qurmağa imkan vermir. Onların güclənməsindən və formalaşmasından qorxur. Fransız konsepsiyasına görə, böyük dövlətlər böyük dövlətlərlə işi olmalıdırlar. Bunu fransız analitiklərin özləri də qeyd edirlər. Tanınmış fransız analitiki Natali Nuqered yazırdı ki, “Jak Şirakın diplomatiyası Rusiya-Fransa dialoqu naminə Avropa Şərqi ölkələrini bəzən bir az da nifrətlə diqqətdən kənarda qoymağa meyllidir”. Təəssüflər olsun ki, azərbaycanlıların öz maraqlarını müdafiə etməkdə əyilməz iradə nümayiş etdirməsi nəticəsində Fransanın Azərbaycana nifrəti tamamilə açıq forma aldı ki, bu da Fransanın əhəmiyyətini və böyüklüyünü şübhə altına aldı.

Nikola Sarkozi prezident olanda Krımla bağlı belə demişdi: “Əgər Krım sakinləri Rusiyanı seçibsə, biz onları qınaya bilmərik”. Üstəlik, Sarkozi müstəqilliyinin tanınması Qərbdə heç bir sual doğurmayan Krım və Kosovo arasında paralel aparıb. Prezidentlikdən sonra Sarkozi respublikaçıların lideri olaraq qaldı. Onun razılığı ilə 10 fransız parlamentari Rusiya Federasiyasına daxil olduqdan sonra Krıma səfər edib.

Odur ki, fransız siyasətçilərinin Xankəndinə səfərləri qeyri-adi bir şey kimi dəyərləndirilməməlidir, başa düşülməlidir ki, belə hallarda bu, Fransanın xarici siyasətinin separatizmi dəstəkləməyə yönəlmiş sistemli yanaşmasıdır. Bu yanaşmanın Parisin maraqlarına uyğun olan öz qanunauyğunluğu var:

– bunun baş verdiyi ölkələr həssas və zəif olur;

– Separatçıların öz məqsədlərinə çatmaq üçün dəstəyə ehtiyacı var.

Paris dominantlıq etmək və böyüklüyünü nümayiş etdirmək üçün bu vəziyyətdən məharətlə istifadə edir. Fransa təkcə MDB məkanında deyil, bütün dünyada separatizmi dəstəkləyir. O, Kvebekdə Kanadadan ayrılmaq istəyən etnik fransızların hərəkətinin əsas ilham mənbəyidir. De Qoll Kanadaya səfəri zamanı Kvebekdə olub. Etnik fransızlarla danışarkən o, “Yaşasın azad Kvebek!” şüarı səsləndirib.

Fransa Kosovo probleminin həllində çox fəaldır. O, bütün böyük təşəbbüslərdə iştirak edib. Paris Kosovo nizamlanmasının Aİ-nin himayəsi altına keçməsində əsas rollardan birini oynayıb və paralel olaraq münaqişə tərəflərinə təzyiq göstərməkdə davam edir.

Fransanın hazırkı prezidenti də ABŞ-ın Avropadakı rolunun azaldılmasına öz töhfəsini verir. Emmanuel Makron Avropanı təhlükəsizlik məsələlərində ABŞ-a daha az etibar etməyə və Ukraynada müharibəyə son qoymaq üçün danışıqların bir hissəsi kimi Rusiyaya təhlükəsizlik zəmanəti verməyə çağırıb. Bu barədə WSJ yazır.

Fransa prezidenti avropalıların Alyans daxilində təsirini gücləndirməyi və “NATO ilə birlikdə, həm də NATO-dan asılı olmayaraq” hərəkət edərək öz müdafiə potensialını inkişaf etdirməyi təklif edib.

Yuxarıda deyilənləri ümumiləşdirərək deyə bilərik ki, Fransa anti-Amerikan, rusiyapərəst separatizm tərəfdarıdır və dünya xəritəsində yeni güclü dövlətlərin yaranmasının əleyhinədir. Bu ssenaridə Fransanın zərərsizləşdirilməsi üçün manevr sahəsi məhduddur. Moskva və Paris tandemi qarşısında təkbaşına dayanmaq çox çətindir. Bura İranın hərəkətlərini də əlavə etsək, o zaman mənzərə çox narahatedici olar. Türkiyənin dəstəyi bu triumvirata qarşı durmağa kifayət etmir.

Azərbaycanın özünü bu risklərdən qorumaq üçün bu qüvvələrə tab gətirə biləcək ölkəyə yaxınlaşmaqdan başqa çarəsi yoxdur. ABŞ belə bir ölkədir. Hökumətin qısa müddətdə Vaşinqtonla sıx əməkdaşlıq üçün fəaliyyət planı qəbul etməsi məqsədəuyğun olardı.

P. S. Məqalə hazırlanarkən rus tədqiqatçıları O. A. Smirnova, A. İ.Afonşina və L.V.Ponomarenkonun tədqiqatlarından istifadə edilib.

Şahmar Ağabalayev