“ERMƏNİSTAN YARIDÖVLƏTƏ, ERMƏNİLƏR YARIXALQA ÇEVRİLİB…” – Rusiya Ermənistanı və Qarabağı necə görmək istəyir?

Əsas Manşet SİYASƏT
Spread the love

 

Ermənistanda daxili siyasi mübarizə, didişmə, hakimiyyətsizlik, bir sözlə milli iflas prosesi davam edir. Özlərini “ən qədim”, “ən dəyanətli”, “ən yenilməz” və s. xalq adlandıran ermənilər bütün bu epitetlərin nağıl olduğunu özləri də dərk etməyə başlayırlar.

Görünən odur ki, Qarabağdakı acı məğlubiyyətdən özlərinə gələ bilmirlər və onların cəmiyyət, xalq, dövlət olaraq bərpa proseslərinin hələ uzun vaxt aparacağı şübhəsizdir. Bu prosesin ümumiyyətlə, nəylə nəticələnəcəyi də müəmmalıdır…

Nikol Paşinyandan əvvəlki hakimiyyətin adioz fiqurlarından olan və həmin hakimiyyətdən yetərincə bəhrələnən Ermənistanın Vatikandakı sabiq səfiri, qatil Serj Sarqsyanın kürəkəni Mikael Minasyan  ermənilərin Paşinyanı devirməyə çox da həvəs göstərməmələrinə növbəti dəfə əsəbləşərək, öz xalqını təhqir edib.

 

 

Minasyan deyib ki, indi erməniləri üç yerə bölmək olar. Birinci hissə “Nikolun rəhbərliyilə satqın, alçaq qatillər”dir.

İkinci hissə “axmaq yerinə qoyulan, qəzəblənmiş və öz səhvlərini qəbul etməyən xalq”, üçüncü hissə isə siyasi və inelektual elitadır ki, o da “heç cür Paşinyanın proletar inqilabının təsirindən çıxa bilmir”.

Minasyanın fikrincə, hazırda bu üç hissənin heç biri heç nəyə yaramır. Ona görə də hökumətə qarşı etiraz aksiyalarına az adam çıxır. Çünki xalq hesab edir ki, artıq pis hadisələr geridə qalıb və Paşinyan getsə, onun yerinə ondan da betərləri gələcək.

Lakin Minasyanın fikrincə, ermənilər üçün “pis geridə qalsa da, dəhşət hələ qarşıdadır, Ermənistanda aqoniya hələ yeni başlayır.”

Paşinyanın qatı düşməni sonda yazır: “Ermənistan yarıdövlətə, erməni milləti isə yarıxalqa çevrilib.”

Əslində, bu, təzə xəbər deyil, Sarqsyanın kürəkəninin hiddəti isə Paşinyanın sayəsində onların klanının hakimiyyətdən uzaqlaşdırılmasının yaratdığı travma və indi də onu devirməkdə çətinlik çəkmələrilə bağlıdır.

 

 

Lakin Minasyanın Ermənistan və ermənilər haqqında dediklərində həqiqət payı da olduqca yüksəkdir. Və deyəsən, ermənilər hələ indi anlamağa başlayıblar ki, nəinki Qarabağda qurduqları qondarma rejim, Ermənistanın özü də Rusiya üçün çoxdan oyuncaq dövlət, erməni xalqı isə vassal, qulluqçu və kölədir...

Ancaq məsələ ondadır ki, bu gün Ermənistan hakimiyyətinə müxalifətdə olanlar və ermənilərin böyük hissəsi Rusiyanın oyunlarını anlasalar da belə, Moskvanın ətəyindən bərk-bərk yapışmaqda davam edirlər. Moskva isə onların başına ip salıb fırlamaqla yanaşı, ermənilərdən Azərbaycana qarşı alət kimi istifadə etmək siyasətini də davam etdirir.

Bir neçə gün əvvəl Vladimir Putinin Qarabağın statusu ilə bağlı zərərli açıqlamalarının davamını Rusiya Federasiya Şurasının rəhbəri Valentina Motvienko gətirib.

 

 

Rusiya rəhbərliyinin ən üst eşelonuna daxil olan xanım siyasətçi deyib: “Dağlıq Qarabağın statusu – bunun üçün əlavə danışıqlar aparılmalıdır. Əlbəttə ki, ATƏT-in, Fransa, ABŞ prezidentinin və Dağlıq Qarabağdakı həll prosesində iştirak edən digər dövlətlərin səylərinə ümid edirik…”

Xatırladaq ki, Putin də üçtərəfli razılaşmanın imzalanması zamanı “Qarabağ münaqişəsi” ifadəsinin keçmişdə qaldığını desə də, sonradan status məsələsinin gələcəkdə həll ediləcəyini söylədi.

Bütün bunlar onu göstərir ki, Rusiyanınkı Qarabağa, Azərbaycan torpaqlarına girincə idi. Ondan sonra MDB məkanındakı digər “qaynar nöqtələr”dəki “sülhməramlı missiyası”nın davamını burada da gətirəcək. Elə status məsləsinə dair sərgilənən mövqe də bunu təsqiqləyir.

 

 

Bu məsələylə bağlı son açıqlamalar isə tərəfdən erməniləri sakitləşdirməyə və ümidləndirməyə hesablanıbsa, digər tərəfdən də Azərbaycanı “qarmaqda saxlamaq” cəhdindən başqa bir şey deyil. Bunu Azərbaycanda da hər kəs yaxşı başa düşür.

Ancaq Ermənistanda bizdən fərqli olaraq, elə bilirlər ki, Rusiya rəhbərliyinin onların başının altına yastıq qoyması, zatulinlərin, solovyovların, jirinovskilərin və s. Azərbaycana və Türkiyəyə qarşı hər cür alçaq böhtanlar səsləndirməsi, millətlərarası nifaq yaradıb, qarşıdurmanı daha da qızışdırması, digər tərəfdən isə ermənilərin qulağına xoş gələn yalanlar deyib, onların başlarını sığallaması erməni xalıqının xeyrinədir.

Anlamaq istəmirlər ki, Azərbaycanın razılığı olmadan(o razılıq ki, heç zaman olmayacaq-red.) Dağlıq Qarabağda heç kimə, heç bir status-filan verilməyəcək. Və anlamaq istəmirlər ki, Rusiya bu başabəla qonşularımızı hər zaman bax belə, “yarıdövlət”, “yarıxalq”, əli ətəklərdə, bir sözlə, rəzil, dilənçi durumun da görmək istəyir.

 

 

Nəhayət, əsrlər keçsə də, Rusiyanın gerçək niyyətləri bütün çılpaqlıqları ilə üzə çıxsa da, ermənilər öz xislətlərindən irəli gələrək, qonşuları ilə düşmənçilikdən vaz keçmirlər. Elə bilirlər ki, kim Azərbaycanı və Türkiyəni bunlara daha çox qatı, barışmaz, daimi düşmən kimi təqdim edirsə, bir o qədər onlara yaxşılıq etmiş olur. Baş verənlərdən nəticə çıxarmaq əvəzinə revanşist nağıllar uydurmağa və onlara inanmağa davam edirlər.

Məsələn, Ermənistanda artıq yanvarın 1-dən Türkiyədən mal idxalına qadağa qoyulur. İllik dövriyyəsi cəmi 250 milyon dollar olan bu idxal Türkiyə üçün qəpik-quruş olduğu halda, Ermənistandakı onsuz da bədbəxt olan iş adamları üçün böyük itkidir. Onu da nəzərə almaq lazımdır ki, Türkiyədən idaxlın 48 faizi geyim, trikotaj məhsulları idisə, 35 faizi də olduqca vacib olan istehsal avadanlıqları, motorlar və müxtəlif elektrik avadanlıqları idi.

Yaxud, Mehri dəhlizinin açılmasına qarşı çıxmaqla başa düşmürlər ki, bu dəhliz həm də Ermənistanın gec də olsa blokadadan çıxmasına, həm Rusiyaya, həm də Qərbə yol açılmasına kömək etmiş olacaq…

Təəssüf ki, Ermənistanın dövlət, cəmiyyət və xalq olaraq Azərbaycana və Türkiyəyə qarşı münasibəti dəyişmədikcə və özünü “cəhənnəmə gedən özünə yoldaş axatarır” kimi apardıqca, bizim də Rusiyanın hədəfinə gətirilməyimizə şərait yaradır.

Və bunun da təhlükəli nəticələrini bu gün Qarbağdakı “sülhməramlılar”ın fəaliyyətinin timsalında, həmçinin statusla bağlı ikibaşlı mövqedə görürük…

C.Məmmədov

Dunyaninsesi..Az