Ermənistan “Rus NATO-su”nu dağıdır: Paşinyan Putini küncə sıxışdırır

Manşet SİYASƏT
Spread the love

Ermənistan KTMT-dan çıxmağa nail olarsa, bu qurumun dağılma prosesi başlayacaq, Rusiya öz ətrafında formal da olsa, yaratdığı hərbi-siyasi müttəfiqlik mexanizmindən məhrum qalacaq… Bundan sonrakı mərhələdəsə, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini itirərək, regionu tərk etməsi qaçılmaz xarakter daşıyacaq…

Ermənistan daha bir ağır siyasi-diplomatik uğursuzluğa düçar oldu. Rəsmi İrəvan Ermənistanın 44 günlük savaşda biabırçı məğlubiyyətə uğramasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) israrla Azərbaycana qarşı mövqe tutmağa sürükləmək istəyirdi. Paşinyan hakimiyyəti bu məqsədlə bütün mümkün provakativ vasitələrdən yararlanırdı.

Beləliklə, Ermənistan KTMT-nın Azərbaycanla qarşıdurmaya bulaşdırılması üçün bütün variantları sınaqdan çıxartdı. Hətta bu hərbi-siyasi alyansı öz müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə də ittiham etdi. Paşinyan hakimiyyətinin əsas hədəfi KTMT-nı Ermənistanın əvəzində Azərbaycanla savaş vəziyyətinə gətirməkdən ibarətiydi.

Rəsmi İrəvan hesab edirdi ki, Ermənistan Azərbaycana qarşı davamlı olaraq, hərbi-siyasi təxribatlar törədə bilər. Ancaq Azərbaycan erməni təxribatlarına reaksiya verəcəyi təqdirdə, məhz KTMT Ermənistanı qorumalıdır. Yəni, Paşinyan hakimiyyəti KTMT-nı Ermənistanın maraqlarını təmin etmək üçün hərbi-siyasi alətə çevirə biləcəyinə ümid bəsləyirdi.

1666977416_-f26ecc6e163757820449962050410603799.jpg (279 KB)

Ancaq bu qəribə erməni zehniyyatı yenə də nəticə vermədi. KTMT ölkələri Azərbaycanla strateji tərəfdaşlıq və iqtisadi-ticari münasibətlərini heç kimə faydası olmayan Ermənistanın mənasız “kaprizlər”inə qurban vermədilər. Hətta Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nın rəsmi İrəvan üçün Ermənistanın maraqlarını təmin edən və Azərbaycan əleyhinə istifadə olunan alətə çevrilməyəcəyini birmənalı şəkildə bəyanladı.

Ona görə də, KTMT-nın İrəvan sammitinin bu qurumun gələcək taleyində son zirvə toplantısı ola biləcəyi barədə ehtimallar da olmamış deyildi. Əslində, toplantının yekun nəticələri məlum olduqdan sonra bu ehtimallar daha da gücləndi. Belə ki, rəsmi İrəvan digər üzv dövlətlərin liderlərindən Ermənistana Azərbaycanla hərbi qarşıdurmada açıq və birmənalı dəstək tələb etsə də, buna nail ola bilmədi. Və bunu bəhanə edən Ermənistan baş naziri Nikol Paşinyan KTMT-nın yekun bəyannaməsini imzalamaqdan imtina etdi.

Təbii ki, bu, KTMT-nın mövcudluğuna və gələcək taleyinə vurula biləcək ən sarsıdıcı zərbə hesab oluna bilər. İndi artıq bu qurumun nə vaxt dağılacağı və ya ləğv olunacağı ciddi şəkildə müzakirə edilməyə başlayıb. Rusiya hərbi-siyasi dairələrinə yaxın media qurumlarında isə yaranmış situasiyaya görə məhz Ermənistan günahkar edilməkdədir.

Maraqlıdır ki, Rusiya media qurumları Cənubi Qafqazda sülhün vacib olduğu vurğulanır. Rəsmi İrəvana isə KTMT-nı şantaj etmək, müxtəlif təxribatlar törətmək əvəzinə üçtərəfli anlaşmaları diqqətlə oxuyub, onları tam şəkildə icra etmək məsləhət görülür. Rusiya və KTMT-nın Ermənistanın uydurduğu qondarma maraqlar üçün savaşmayacağı bildirilir.

DFGHJKJHGHFDSAA.jpg (68 KB)

Digər tərəfdən, Rusiya media qurumlarının gəldiyi əsas qənaət ondan ibarətdir ki, rəsmi İrəvanın Azərbaycanla mövcud olan problemlərin KTMT sayəsində həllini tələb etməsi Kremlə arxadan zərbə xarakteri daşıyır. Paşinyan hakimiyyəti bununla həm Rusiyanın, həm də KTMT-nın imicini korlamaq məqsədi güdür. İndi rəsmi İrəvanın əsas hədəfi KTMT-nın Ermənistanı Azərbaycan qarşısında müdafiə etmədiyi ilə bağlı bəhanə qazanaraq, bu hərbi-siyasi qurumu tərk etməkdir.

Daha bir önəmli məqam odur ki, Kremlə yaxın siyasi dairələr Ermənistanın Rusiyaya xəyanət etdiyini artıq açıq mətnlə vurğulamağa başlayıblar. Hesab olunur ki, rəsmi İrəvan Qərb təmsilçilərini (kəşfiyyatçıları) Ermənistana gətirməklə, Rusiyanın hərbi sirlərini qarşı tərəf üçün açmış olur: “Biz həmişə təəccüblənirik ki, ABŞ və Qərb Rusiya ordusu barədə niyə belə məlumatlıdır. Halbuki artıq anlamalıyıq ki, müttəfiqləri seçərkən diqqətli olmaq lazımdır. Hər halda, ilk imkanda Rusiyanın hərbi sirlərini ABŞ və Qərbin ovcuna qoyan Ermənistanın müttəfiq olub-olmadığı barədə daha ciddi düşünməliyik”.

Belə anlaşılır ki, KTMT-nın sona zirvə toplantısının nəticələri Rusiyada ciddi narahatlıqla qarşılanıb. Kremlə yaxın siyasi dairələrdə hesab olunur ki, Paşinyan hakimiyyəti KTMT-nın dağıdılması ilə bağlı ABŞ və Qərbdən aldığı sifarişləri artıq icra etməyə başlayıb. Əslində, elə parlamentin spikeri Alen Simonyan da bir müddət öncə rəsmi İrəvanın gələn ilin fevralında Ermənistanın KTMT-nı tərk etməsinə yönəlik prosedura start veriləcəyini açıq mətnlə bəyan etmişdi.

aae60dbe-e139-322a-8ad7-9d5ca0ec57e5.jpg (35 KB)

İndi bu prosesin artıq ilkin mərhələsinin başlandığı müşahidə olunur. Ancaq rəsmi İrəvan həmişə olduğu kimi, yenə də Ermənistanın deyil, məhz KTMT-nın günahkar olduğunu iddia edir. Elə həmin A.Simonyan bu dəfə bəyan edib ki, “Ermənistan KTMT-ni deyil, KTMT Ermənistanı tərk edir”. O, iddia edir ki, KTMT Cənubi Qafqaz regionunu artıq tərk edir və rəsmi İrəvan bundan narahatdır: “Əgər, tərəfdaşlarımız KTMT-nin Cənubi Qafqazı tərk etməsinə qərar veriblərsə, onda bunu daha yüksək səslə etiraf etməlidirlər.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvanın Rusiya və KTMT əleyhinə fəaliyyəti xüsusi plan əsasında reallaşdırılmaqdadır. Paşinyan hakimiyyəti Ermənistanın KTMT-nı tərk etməsi barədə artıq yekun qərarını vermiş kimi görünür. Əgər, rəsmi İrəvan buna nail olarsa, MDB məkanında ciddi geopolitik dəyişikliklərin baş vermə ehtimalı da daha inandırıcı görüntülər almış olacaq.

 

316413325_5730213967017275_1808966833054896742_n.jpg (86 KB)

 

Məsələ ondadır ki, Ermənistanın KTMT-dan çıxması bu qurumun dağılma prosesinin başlandığı anlamı daşıyacaq. Nəticədə Rusiya öz ətrafında formal da olsa, yaratdığı hərbi-siyasi müttəfiqlik mexanizmindən məhrum olacaq. Ardıncasa, həm Rusiyanın, həm KTMT-nın Cənubi Qafqazdan kənarda qalması qaçılmaz xarakter daşıyacaq.

Dünyanınsəsi.Az