Ermənistan ordusunda kriminogen durum – Məzuniyyətdən qayıdan əsgərlər öldürülür…

HADİSƏ Manşet
Spread the love
“Ermənistan silahlı qüvvələrində cinayətkar mühitin prinsipləri və cəzasızlıq atmosferi hökm sürür, orduda nizamnamədən dankənar münasibətlər daha çox üstünlük təşkil edir”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvanda, “Media sentr” ictimai jurnalistika klubunda çıxış edən erməni hüquq müdafiəçilərini gəldiyi ümumi rəy bundan ibarətdir.
Xəbər verildiyi kimi, sonuncu dəfə Azərbaycanın işğal edilən Dağlıq Qarabağ bölgəsində qulluq edən, Eçmiədzin rayonunun sakini Vaqram Avaqyan bu ilin yanvar ayının 30-da öz əsgər yoldaşları tərəfindən öldürülüb. Ordu rəhbərliyi tərəfindən öncə intihar kimi qələmə verilən insident sonradan ictimaiyyətin təzyiqindən sonra qətl hadisəsi olaraq etiraf edilib.
Hüquq müdafiəçisi, “İnsan hüquqları uğrunda” qeyri-hökumət təşkilatının rəhbəri Janna Aleksanyan Ermənistan ordusunda baş verən bu tip faktları cəzasızlıq atmosferinə bağlayıb.
“Bizim əlimizdə ən az beş insidentlə bağlı intiharı inkar edən faktlar mövcuddur. Məsələn, Volodya Qaloyan adlı bir əsgərə cəmi iki metrdən atəş açılıb, onun bədəni güllə qəlpəsi ilə doludur. Lakin nə istintaq, nə də prokurorluq hadisəni qətl olaraq tanınmasını istəmir”,-deyə J.Aleksanyan bildirib.
Hüquq müdafiəçisi kriminal insidentlərin ən çox əsgərlərin məzuniyyətdən qayıtdıqdan sonra baş verməsinə diqqət çəkib. “Hərbi hissələrdə məzuniyyətdən geri dönən əsgərləri “vergi”yə məhkum edilər. Məsələn, hadisədən qabaq Volodya Qaloyan Moskvada işləyən atasından 40 min rubl pul isəyib. Lakin pulu aldıqdan sonra o, bunu anasına verib. Bundan cəmi bir həftə sonra isə öldürülüb. İstintaq heç bu fakta diqqət yetirmədi. Eyni sözləri Vaqram Avaqyan haqqında da söyləmək olar. O da ölməzdən qabaq xalasından pul istəyibmiş”,-deyə J.Aleksanyan söyləyib.
Helsinki vətəndaş assambleyasının Vanadzor ofsinin rəhbəri Artur Sakunts da əsgərlərin məzuniyytdən geri döndükdən sonra zorakılığa məruz qalması faktını təsdiqləyib. O, bu tip hərbi qulluqçuların həyatlarının risk altına girdiyini bildirib və bənzər hadisələrin Ermənistan ordusunda illər boyu baş alıb getdiyini vurğulayıb. Artur Sakunts bütün günahın Müdafiə nazirliyi və baş qərargahda olduğunu deyib.
Helsinki Assambleyasının vəkili Ara Qaragözyan isə orduda əsl kriminal submədəniyyətin mövcud olduğunu söyləyib. “Hakimiyyət guya kriminala müharibə elan edib, lakin hərbi hissələr hələ də öz “anlayışları” ilə yaşayırlar”,- deyə o qeyd edib.
Ermənistandan gələn rəsmi məlumatlara əsasən, 2010-cu ildən 2019-cu ilin noyabrına qədər 630 əsgər ölüb. Onlardan 249-u Azərbaycan ordusu tərəfindən məhv eidlib. Qeyri-döyüş itkiləri isə 381 nəfər təşkil edir ki, bunun 88-i intihar hadisələrinin payına düşür. 2019-cu ildə isə 9 əsgər intihar edib.