“ERMƏNİSTAN ORDUSU BÖLGƏDƏN ÇIXMALIDIR…” – “Rusiya ilə bu məsələləri müzakirə edib, həllinə nail olmalıyıq”

Əsas Manşet
Spread the love

44 günlük müharibədən sonra, noyabrın 10-da imzalanan üçtərəfli razılaşmanın icrası ilə bağlı bəzi narahatlıqlar müşahidə olunmaqdadır. Ermənistan Ağdam, Kəlbəcər və Laçını Azərbaycana qaytarsa da, bu, o demək deyil ki, rəsmi İrəvan üzərinə götürdüyü bütün öhdəlikləri dəqiqliklə icra edir. Ona görə də bəzən cəmiyyətdə sözügedən bəyannamənin şərtlərinin Ermənistan tərəfindən tam şəkildə icra edilməməsinə dair fikirlər səsləndirilir.

“AzPolitika.info” mövzu ilə bağlı politoloq Oqtay Qasımovla söhbətləşib:

– Oqtay bəy, Azərbaycan Ordusunun 44 günlük uğurlu hərbi əməliyyatı və zəfərindən sonra sülhməramlı qüvvələrin münaqişə bölgəsinə yeridilməsi və bundan irəli gələn digər məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Siz sentyabrın 27-dən bu yana baş verən hərbi-siyasi prosesləri necə qiymətləndirirsiniz?

– Əslində, bu dövrü üç mərhələyə bölə bilərik. Birinci mərhələ ən qaynar fazadır. Sentyabrın 27-də başlayan bu mərhələ noyabrın 10-da yekunlaşıb. Bu mərhələdə – 44 gün ərzində qəhrəman Azərbaycan Ordusu XXI əsrin standartlarına layiq, beşinci nəsil müharibəsi aparıb. Ordumuz mülki obyektlərə zərbə endirmədən yalnız hərbi obyektləri vuran peşəkar ordu kimi özünü dünyaya təqdim edib. Digər tərəfdən, məhz bu qəhrəman ordumuz Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarını döyüşlə azad edib, başda Hadrut qəsəbəsi olmaqla Xocavənd rayonunun böyük hissəsini işğalçılardan təmizləyib. Və ən sonda dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi düşəcək Şuşanın azad olunması əməliyyatını həyata keçirib. Bununla da, birinci mərhələ başa çatıb.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə üçtərəfli bəyannamə imzalandı, bu sənədlə atəşkəs rejiminə keçildi və Bakının tələbləri əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad edildi. Bununla da ikinci mərhələyə yekun vuruldu. Əlbəttə, bu mərhələdə ermənilər tərəfindən pozuntular özünü göstərdi. Məsələn, Kəlbəcər rayonu ilə bağlı Azərbaycan tərəfinə müraciət edildi, ermənilərin oradan köçürülməsi ilə bağlı 10 gün əlavə vaxt istənildi. Təəssüflər olsun ki, ermənilər həmin əlavə vaxt ərzində öz xislətinə uyğun olaraq Kəlbəcərdə vəhşilik etdi. Evlərə od vuruldu, abidələr, infrastruktur dağıdıldı. Həmçinin meşələr yandırıldı, nadir və qiymətli ağac növlərini kəsib özləri ilə apardılar

Bundan başqa, 10 noyabrda imzalanan sazişdə Ağdam rayonu ilə paralel olaraq Qazax rayonunun işğal altında olan 7 kəndinin də azad edilməsi nəzərdə tutulurdu. Hələlik bu məsələyə dair konkret aydınlıq yoxdur, bəyanatın bu hissəsi yerinə yetirilməmiş qalır. Digər tərəfdən, imzalanan anlaşma ilə bağlı müzakirələr davam etməkdədir. Çünki bu müzakirələrdə açıq məsələlər var. Bunlardan biri Laçın şəhərinin statusu ilə bağlı məsələ idi və dekabrın 1-də ölkə prezidenti məsələyə aydınlıq gətirdi. Eyni zamanda, Mehri ərazisindən Naxçıvanı Azərbaycanın əsas hissəsinə bağlayacaq dəhlizlə bağlı məsələ var ki, bu da tam şəkildə aydınlaşmayıb. Ermənistan siyasi dairələrində bu məsələyə dair xeyli spekulyasiyalar var. Nəzərə alınmalıdır ki, noyabrın 10-dan sonra Ermənistanda siyasi vəziyyət gərgindir, uzun illərdir ki, zərərli ideologiya ilə silahlanan bu cəmiyyət əslində şok yaşayır. Orada 16 siyasi partiya baş nazirin istefasını tələb edir. Həmçinin, erməni müxalifəti özünün baş nazirliyə namizədini elan edib. Bu şəxs faşist keçmişə malik, 1980-cı illərin sonunda Qarabağ komitəsinin yaradıcıları və liderlərindən biri olan, o cümlədən Ermənistanın ilk baş naziri və 1992-1993-cü illərdə bu ölkənin müdafiə naziri kimi Azərbaycan ərazilərinin işğalına başçılıq edən Vazgen Manukyandır. Demək istərdim ki, prosesin ikinci və üçüncü mərhələsində Ermənistandakı gərgin durum diqqəti çəkir.

Eyni zamanda onu da vurğulayım ki, Ermənistanda ağlı başında olan ictimai-siyasi xadimlər var ki, yaranan durumdan sonra Ermənistanı real nəticələr çıxarmağa və reallığa uyğun addımlar atmağa dəvət edirlər. Onlar həm Azərbaycan, həm də qonşu Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdar kimi çıxış edirlər. Amma görünən budur ki, erməni cəmiyyəti və ictimai-siyasi aktiv kəsimi baş verənləri real qiymətləndirmir, bir çoxları revanş haqqında düşünürlər. Bu, onu göstərir ki, həmin fəal təbəqə son hadisələrdən nəticə çıxarmayıb.

Sözsüz ki, məsələnin Azərbaycan tərəfi də var. Fikrimcə, Azərbaycan birinci mərhələdə sistemli, ardıcıl və operativ siyasət yürüdürdü. Hesab edirəm ki, bu siyasət davam etməlidir. Söhbət ondan getmir ki, hansısa addımlar publik olsun, amma zaman-zaman cəmiyyətimizi bilgiləndirmək baxımından buna ehtiyac var. Ermənistan tərəfindən bir çox açıqlamalar verilir. Düşünürəm ki, Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin də ehtiyac yarandığı halda məsələlərə aydınlıq gətirməsi və cəmiyyəti bilgiləndirməsi faydalı olar. Elə məsələlər var ki, bizlərin də məlumatı yoxdur. Hesab edirəm ki, indi cəmiyyətimizin diqqəti daha çox rus sülhməramlıların fəaliyyətinə və Türkiyə-Rusiya Müşahidə Nəzarət Məntəqəsinin qurulmasına yönəlib.

– Zaman-zaman həm Xankəndidəki separatçıların, həm də sülhməramlıların fəaliyyətinə dair narahatlıqlar ifadə edirsiniz…

– Bəli, cəmiyyətin bir üzvü, fəal təbəqənin nümayəndəsi kimi baş verənlərə öz münasibətimizi ifadə edirik. Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşməsi və fəaliyyəti ilə bağlı mənim tənqidi fikirlərim, narahatlıqlarım olub. Bunu da zaman-zaman cəmiyyətlə bölüşməyə çalışmışam. Məni buna vadar edən müəyyən hallar olur. Məsələn, Rusiya sülhməramlılarının hadisə yerində müəyyən fəaliyyətləri var ki, bunların sülhməramlı missiyası ilə əlaqəsi yoxdur. Konkret desək, söhbət orada hansısa humanitar fəaliyyət, daha doğrusu bina, məktəb, bağça və ya infrstrukturun bərpası ilə bağlı addımlardan gedir. Narahatlıq yaradan digər məqam Xankəndidəki sülhməramlı missiyanın komandanı, general Muradovun tez-tez separatçı xunta rejiminin başçısı Araik Arutunyanla görüşlər keçirib, müzakirələr aparmasıdır. Şübhəsiz ki, bununla bağlı Azərbaycan dövlət qurumlarının Rusiya tərəfi ilə kontaktlarda olduğunu istisna etmirəm.

Narahatlıq yaradan başqa bir məqam ilk vaxtlardan sülhməramlılar üçün Rusiyadan hərbi texnika, ərzaq və digər texniki vasitələrin İrəvan vasitəsilə Xankəndinə daşınması idi. İndi müsbət haldır ki, artıq bu marşrut dəyişmək üzrədir. Bir neçə gün öncə qatarla göndərilən yüklər Bərdə şəhərinə gətirildi və burada Azərbaycan hərbi polisinin müşayiəti ilə Xankəndinə aparıldı. Eləcə də dekabrın 6-da Rusiya hərbi yük təyyarələri ilə gətirilən və Xankəndi üçün nəzərdə tutulan yüklər və texniki vasitələr Gəncə hava limanında boşaldıldı və oradan Xankəndinə aparıldı. Əlbəttə, bunları müsbət hal kimi qiymətləndirmək olar.

Prosesin ikinci mərhələsi Qazax rayonunun 7 kəndinin azad edilməsi məsələsi istisna olmaqla başa çatıb. Məncə, artıq Azərbaycan dövləti də üçtərəfli anlaşmanın tərəfi kimi Rusiya ilə birlikdə Dağlıq Qarabağda müəyyən problemlərin həllində yəqin ki, iştirak edəcək. Xüsusilə, orada bizi narahat edən məqamlardan biri də Ermənistan tərəfindən Qarabağa rəsmi şəxslərin vaxtaşırı səfərlərinin olmasıdır. Bunların içərisində Ermənistanın yeni müdafiə nazirinin səfəri də var. Hansı ki, bu cinayətkar müharibənin getdiyi zaman Rusiya kanalına müsahibəsində cəbhə xəttindən uzaqda olan iri yaşayış məntəqələrinə raket zərbələrinin endiriləcəyini və bunun da psixoloji müharibənin tərkib hissəsi olacağını qeyd etmişdi. Belə bəyanatla çıxış edən cinayətkar Dağlıq Qarabağa gəlir və oradakı qondarma qurumun rəhbərilə görüşlər keçirir. O cümlədən Dağlıq Qarabağdakı erməni silahlı qüvvələrinin “komandanlığı” ilə ordunun yenidən qurulması və yeni istehkamların, müdafiə xətlərinin yaradılması haqqında müzakirələr aparır. Bunlar bizi narahat edir. Onlar tərəfindən verilən bəyanat həm də ondan ibarətdir ki, Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən və hələ də oranı tərk etməyən hərbi hissələri var. Bu məsələlər müzakirə edilməlidir. Ərazinin silahsızlaşdırılması prosesinə artıq başlanmalıdır. Bu, həm Ermənistandan ora gətirilən hərbi hissələrin ərazini tərk etməsi, həm də Dağlıq Qarabağdakı cinayətkar rejimə bağlı olan qanunsuz silahlı dəstələrin tərkisilah edilməsi məsələlərinin həlli ilə bağlıdır. Bunlar olmadan bölgədə əmin-amanlıq və təhlükəsizlikdən danışmaq olmaz. O cümlədən, köçkünlərimizin geri qaytarılmasında sıxıntılar yaşaya bilərik. Odur ki, bu məsələlər həllini tapmalıdır. Ehtimal edirəm ki, bundan sonrakı mərhələnin müzakirə ediləcək əsas məsələləri bunlar olacaq. Əlbəttə, Azərbaycanın bundan sonra görəcəyi böyük işlər var. Bu, azad edilən ərazilərin bərpa edilməsi, qaçqın soydaşlarımızın mərhələli şəkildə həmin ərazilərə qaytarılması prosesidir. Habelə hər bir vətəndaş üçün mənəvi yük tələb edən başqa məsələ var. Bu da Dağlıq Qarabağda Azərbaycan qanunlarına tabe olacaq və vətəndaşımız kimi yaşamaq istəyən insanların cəmiyyətə inteqrasiyası prosesidir. Müharibə gedən dövrdə ölkə Prezidenti müsahibələrində dəfələrlə elan edib ki, Azərbaycanda yaşamağı seçən erməni əhalisi bizim vətəndaşlardır və Azərbaycan dövləti onların həmin ərazilərdə təhlükəsiz və firavan yaşaması üçün imkanlar yaradacaq. Düşünürəm ki, bundan sonra görüləsi işlər içərisində ən ciddisi budur. 30 il müddətində müharibə şəraitində olan, ermənilər tərəfindən xalqımıza qarşı törədilən ağır cinayətlərə baxmayaraq biz qalib tərəf kimi bu məsələlərin Azərbaycanın dövlət maraqlarına uyğun həllinə çalışmalıyıq.

– Sizcə, hazırda Qarabağda ermənilərin yaşadığı ərazilərdəki Ermənistan ordusunun sayı nə qədərdir?

– Burada dəqiq rəqəm demək çətindir, amma söhbət haradasa 25 min nəfərdən gedir. Bu 25 min rəqəmi də təsadüfi deyil. Paşinyan üçtərəfli bəyanatın imzalanmasından sonra verdiyi açıqlamada qeyd etdi ki, əgər razılaşmanı imzalamasaydı Dağlıq Qarabağda olan 25 minlik hərbi kontingent Azərbaycan Ordusunun mühasirəsinə düşə və məhv edilə bilərdi.

– Bu ordu isə Dağlıq Qarabağ ərazisindən çıxmayıb…

– Yox, təəssüflər olsun ki, hələlik çıxmayıb. Bu səbəbdən də qeyd edirəm ki, bundan sonra görəcəyimiz iş Rusiya ilə bu məsələləri müzakirə edib onun həllinə nail olmaqdır. Çünki üçtərəfli razılaşmada da qeyd edilir ki, təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. BMT tərəfindən qəbul edilən 4 qətnamədə, habelə sonrakı dövrdə bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi bəyanatlarda göstərilirdi ki, işğal altında olan ərazilərdəki işğalçı ordu çıxmalıdır. Məlum olduğu kimi Ermənistan tərəfi bunu gizlətmir və deyir ki, Dağlıq Qarabağda Ermənistan ordusunun böyük kontingenti yerləşdirilib. Bunun da sayı 25 minə yaxındır.

– Türk ordusunun gəlişi, hansı sayda olması, əsasən hansı fəaliyyətlə məşğul olacağı haqda konkretlik yoxdur…

– Burada əsas götürəcəyimiz bir neçə şəxsin fikirləridir. Bunun da başında Prezident Rəcəb Tayyib Ərdoğan gəlir. Ərdoğan üçtərəfli razılaşmadan sonra verdiyi açıqlamada qeyd edib ki, Türk ordusu Dağlıq Qarabağda Rusiya ilə birlikdə sülhyaratma missiyasında iştirak edəcək. Əlavə etdi ki, Rusiya hərbçiləri hansı statusda olacaqsa, türk hərbçilər də həmin statusda olacaq. Həmçinin, Türkiyənin Müdafiə Naziri Hulisi Akarın da açıqlamasında belə fikir səsləndirildi, dedi ki, Türkiyə bu prosesin kökündə durur. Həm masada, həm də sahədə. Bu, o deməkdir ki, Türkiyə bu məsələdə aktiv rol almaq niyyətindədir. Türkiyə Rusiya ilə bu istiqamətdə noyabrın 11-dən müzakirələr aparıb, dekabrın 1-də isə tərəflər arasında Müşahidə Nəzarət Məntəqəsinin yaradılmasına dair müqavilə imzalanıb. Yəqin ki, bu məsələlərlə bağlı daha konkret açıqlamaları Prezident Ərdoğanın Bakı səfərində eşidə biləcəyik. Düşünürəm ki, bu məsələ uzun çəkməyəcək.

Təəssüflər olsun ki, özünü politoloq sayan, parlamentin üzvü olan, habelə keçmişdə Xarici İşlər naziri vəzifəsini tutan və digər fəal kəsimin bəzi üzvləri Türkiyə ordusu barədə neqativ fikirlər işlədib. Bu cür davranışlar yalnız tənqidə layiqdir.

– Rasim Musabəyov və sabiq nazir Tofiq Zülfüqarovu nəzərdə tutursunuz?…

– Bəli, Rasim Musabəyovun Rusiyanın NTV kanalına müsahibəsini nəzərdə tuturam. Bundan başqa, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Ukrayna kanalına müsahibəsi zamanı Türkiyəyə qarşı hörmətsiz münasibət sərgiləməsini. Eləcədə Musabəyova dəstək verən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun Türkiyə hərbçilərinin Dağlıq Qarabağda yerləşdirilməsinə qarşı fikirlər səsləndirməsini. Əlbəttə, bunlar təəssüf doğurduğu qədər də yolverilməzdir. Açığı, bu adamlar bir qədər də hədlərini aşaraq onları tənqid edənləri təhqir etdilər. Belə etikadan kənar ifadələrə gərək yoxdur. Əslində isə 44 günlük savaş və ondan sonrakı dövr Azərbaycanın dostlarını və ona qarşı olanların kimliyini ortaya qoydu. Düşünürəm ki, Azərbaycan cəmiyyətində Türkiyəyə qarşı belə fikirlərin səsləndirilməsi yolverilməzdir. Əlbəttə, onların bu fikirlərinə qarşı sərt təpki oldu. Hətta Rasim Musabəyovun deputat həmkarları buna görə, ona sərt reaksiya verdilər. Bir sözlə, Türkiyənin bu prosesdə olması qısa müddətdən sonra öz bəhrəsini verə, sonrakı mərhələdə proseslər axarına düşə bilər.

Vaqif NƏSİBOV

“AzPolitika.info”