Erməni snayperi eyni istiqamətdə DSX-nin son üç ayda üç əsgərini şəhid etdi- FOTOLAR

HADİSƏ Manşet ÖLKƏ
Spread the love

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən təxribatları davam edir. 

DunyaninSesi.Az  xəbər verir ki, son üç ayda erməni snayperi Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığında üç əsgərimizi şəhid edib.
Belə ki, bu il yanvarın 7-də saat 14:56 radələrində Quşçu ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub. O, yaşadığı Ucar rayonunda dəfn edilib. Həmin vaxt Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli zabitlər hadisə yerində olublar.
Fevralın 24-də saat 07:00 radələrində isə əslən Kəlbəcər rayonundan olan sərhədçi əsgər Vəliyev İbrahim Aləmşah oğlu şəhid olub. Şəhidimiz yaşadığı Zərdab rayonunda son mənzilə yola salınıb.
Dünən saat 19:10 radələrində isə düşmən təxribatının qarşısını alarkən sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O.Paşazadə Naxçıvan Dövlət Universitetinin məzunu olub. O, ingilis dili müəllimi fakültəsini bitirib. Şəhidin atası da müəllimdir. Şəhidimiz bu gün doğulduğu Cəlilabad rayon Cəfərxanlı kəndində böyük izdihamla dəfn edilib. Beləliklə, son üç ayda ordumuz eyni istiqamətdə üç şəhid verib.