Erməni politoloq: “Sanki Brüssel və Moskva arasında rəqabət var…”

Manşet MÜSAHİBƏ
Spread the love

Daha bir Əliyev-Paşinyan görüşündən Ermənistanda nə gözləntilər var?

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun mayın 20-də yazıb ki, rəsmi Yerevan baş nazir Nikol Paşinyanın Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə mayın 22-də keçiriləcəyi gözlənilən görüşə hansı gündəliklə getdiyi barədə məlumat verməyib.

İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə daha bir görüşün keçiriləcəyinə dair məlumatı mayın 19-da Ermənistan hökuməti verib.

Bu arada Avropa Şurası xarici işlər nazirlərinin iclasında iştirak edən Ararat Mirzoyan və Ceyhun Bayramov arasında da hər hansı görüşün keçiriləcəyinə dair məlumat verilmir.

Bu görüş ərəfəsində tərəflər bir-birlərini artıq əldə olunmuş razılaşmaları uzatmaqda ittiham edirlər.

“Qarabağdakı silahlı erməni birləşmələri”

Azatutyunun xəbərinə görə, MDB baş nazirlərinin mayın 20-də keçirilən sammitində Azərbaycanın baş naziri Əli Əsədov bildirib ki, Bakı Yerevanla münasibətlərin normallaşdırılmasına hazırdır.

Videoformatda keçirilən bu iclasda Əsədov deyib ki, Azərbaycan tərəfi Ermənistanla sərhədin delimitasiya və demarkasiyası üçün milli komissiyanın tərkibini artıq müəyyənləşdirib.

O əlavə edib ki, Azərbaycan tərəfindən sülh müqaviləsi üzərində iş üçün komissiyanın tərkibi də məlumdur.

Azatutyun yazır ki, Yerevan Ermənistanın müvafiq komissiyalarının tərkibi barədə hələki heç bir açıqlama verməyib.

Azərbaycan baş naziri sözü gedən iclasda habelə deyib ki, Ermənistan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının bir maddəsini indiyədək yerinə yetirməyib.

Onun sözlərinə görə bəyanatın bu bəndi “bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını” nəzərdə tutur.

“Ermənistana sülh lazımdır”

Lakin qarşılıqlı ittihamlara baxmayaraq ermənistanlı politoloq Areq Koçinyan deyir ki, mayın 22-də Brüsseldə keçiriləcək görüş ciddi danışıqlar prosesinin başlanğıcı ola bilər:

“Ermənistana sülh lazımdır. Sülh Ermənistan üçün bir tələbdir. Lakin hazırkı hakimiyyətin ötəri ictimai əhval-ruhiyyələrə boyun əyib-əyməyəcəyi, təhrikə gedib-getməyəcəyi tamam başqa bir məsələdir. Qeyd olunmalıdır ki, böyük bir ehtimalla kifayət qədər ciddi danışıqlar prosesi gedir. Biz görürük ki, xarici işlər nazirləri arasında ilkin görüşlər olur. Bu görüşlər o vaxt baş verir ki, birinci şəxslərin görüşünədək nələrsə ciddi müzakirə edilməlidir. Odur ki, ola bilsin, Brüsseldə birinci şəxslərin görüşündən nələrisə gözləyə bilərik”.

Lakin politoloq hesab edir ki, söhbət sülh müqaviləsini nəzərdə tutan böyük paketdən getmir:

“Mən daha çox belə bir fikrə meyllənirəm ki, söhbət delimitasiya-demarkasiya ətrafında hansısa konkret addımlardan gedir. Bunun üçün iki dəfə tarix göstərilmişdi. Tarixi bir dəfə Avropa, bir dəfə də Rusiya bəyan etmişdi”.

Moskva və Brüsselin rəqabəti?

Politoloqun fikrincə belə bir təsəvvür yaranır ki, iki platforma – Brüssel və Moskva platformaları rəqabətə giriblər.

Koçinyan deyir ki, iki platforma arasında belə rəqabət Ermənistan üçün çox təhlükəlidir:

“Çünki bir tərəfdən bir platformadan – Moskva platformasından böyük əsılılıq var, digər tərəfdən mən düşünürəm ki, Ermənistan üçün Avropanın vasitəçiliyi daha sərfəli və daha səmərəli olardı”.

Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi 6 təklifdən söz açan iqtidaryönlü deputat Vigen Xaçatryan deyib ki, Bakının bu təklifləri rədd etməsi təkliflərin Ermənistanın maraqlarına uyğun olduğunu göstərir:

“Azərbaycan hər bir vəchlə bu prosesə mane olub onu iflasa uğratmağa, əngəlləməyə çalışacaq. Çünki Azərbaycan görür ki, bugün hakimiyyət Artsaxın (Qarabağ-red) və Ermənistanın maraqlarını ardıcıllıqla yürüdür. Buna görə də Azərbaycanın dialoqdan yayınması Ermənistan hakimiyyətinin Ermənistan və Artsaxın (Qarabağ-red) maraqlarını ardıcıl olaraq müdafiə etdiyini göstərir”.

Dunyaninsesi.Az