
Ekspert: “Azərbaycanın NATO ölkəsindən hərbi təyyarələr alması Ermənistana ciddi mesajdır”
“Azərbaycanın İtaliyadan aldığı M-346 təyyarəsinin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır”.
Bunu “Report”a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli “M-346” təlim-döyüş təyyarəsi haqqında danışarkən deyib.
O bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri hərbi aviasiya parkının yenilənməsi üçün köklü dəyişikliklər istiqamətində ciddi addımlar atmaqdadır: “İlk dəfə 2017-ci il mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarının birində İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346” tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. Azərbaycanlı pilotlar bu təyyarə ilə yaxından tanış olublar və bundan sonra həmin aviasiya vasitəsinin bizim üçün əhəmiyyəti araşdırılıb”.
Hərbi ekspertin sözlərinə görə, ötən üç il ərzində aparılan sınaq-araşdırmalardan sonra bu təyyarənin Azərbaycan üçün rentabelli olması qənaətinə gəlinib. Artıq təyyarənin alınması ilə bağlı yekun addım da atılıb və “M-346” Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer alacaq: “Xüsusi qeyd etmək lazımdır ki, “M-346” təlim təyyarəsi öz sinifində ən yaxşılardan biri hesab olunur”.
Hərbi-siyasi icmalçı Ramil Məmmədli:
“Azərbaycan yaxın illərdə döyüş aviasiya parkını müasir texnologiyalar ilə gücləndirəcək və bu da hava məkanında üstünlüyümüzün tam bərqərar olmasını təmin edəcək”